Əsas Səhifə > Ana xəbər / Güney Press > Ermənistan hakimiyyəti “Zəngəzur dəhlizi” ifadəsindən niyə narahatdır?

Ermənistan hakimiyyəti “Zəngəzur dəhlizi” ifadəsindən niyə narahatdır?


Bu gün, 08:44

Xəbər verildiyi kimi, Minskdə MDB Hökumət Başçıları Şurasının növbəti iclası keçirilib. Azərbaycanın baş naziri Əli Əsədov da toplantıya qatılıb və çıxış edib. Ermənistan baş nazirinin müavini Mher Qriqoryan isə iclasa onlayn qaydada qatılıb. O, cari ilin birinci yarısında ölkəsi ilə MDB dövlətləri arasında ticarət dövriyyəsinin təqribən 4 milyard dollar təşkil etdiyini, bu rəqəmin ötən ilin eyni dövrü ilə müqayisədə bir qədər azaldığını bildirib.

Daha sonra Qriqoryan Azərbaycanın baş nazirinin çıxışına bir növ cavab-irad olaraq, “Zəngəzur dəhlizi ifadəsindən çəkinməyin zəruriliyini” qeyd edib. “Ölkələr arasında imzalanmış yüksək səviyyəli sənədlərə əsasən, "Trampın beynəlxalq sülh və rifaha aparan marşrutu" ifadəsi işlədilməlidir" - Paşinyanın müavini öz aləmində Azərbaycana ağıl öyrətməyə çalışıb.

Yada salaq ki, az öncə baş nazir Nikol Paşinyan BMT tribunasından Bakıya eyni iradı ünvanlamışdı. İndi də Mqer Qriqoryan. Xeyir ola? Rəsmi İrəvan Zəngəzur dəhlizi ifadəsindən niyə belə təlaş keçirir? Bəlkə Göyçə gölünü də bundan sonra ermənilərin qondarma “Sevan” adı ilə adlandıraq?

Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Elxan Mirzəyev “Yeni Müsavat”a bildirib ki, Ermənistan bu məsələni məqsədli şəkildə ortaya atıb. Onun sözlərinə görə, bununla beynəlxalq ictimaiyyətin və daxili auditoriyanın diqqəti cəlb edilir: “Paşinyan və komandası demək istəyir ki, Ermənistan ərazisindən dəhliz verilməyib. Amma Naxçıvana maneəsiz keçid özlüyündə dəhliz anlamı daşıya bilər. Bundan əlavə, Azərbaycanda Zəngəzur dəhlizi deyilməsi Ermənistanı narahat etməməlidir. Bütün hallarda, bu yol işə düşəcək və necə adlanmasından asılı olmayaraq, reallaşacaq. Sadəcə, Ermənistan rəsmiləri dəhliz adlanmasına qarşıdır. Əslində "Tramp marşrutu" da simvolik məna daşıyır. Yəni əslində Azərbaycandan Azərbaycana keçid yolu deyilməlidir. Onda görək rəsmi İrəvan nə deyəcək?"

E.Mirzəyev qeyd edib ki, bu məsələnin beynəlxalq platformada qaldırılması Ermənistanın lüzumsuz gərginlik yaratmasıdır: "Bu dəhlizin açılması 5 il gecikdirildi və Paşinyan öhdəliyi yerinə yetirmədi. İndi də harada çıxış edirlər, Zəngəzur dəhlizinə etiraz edirlər. Bu şəkildə yanaşmalar etimad mühitini poza bilər. Ermənistan hakimiyyəti bu bəyanatlara son qoymalıdır".

Siyasi şərhçi Asif Nərimanlının sözlərinə görə, Paşinyan Zəngəzur dəhlizi terminologiyasına qarşı növbəti bəyanatını AŞ PA-da verib və bu, sayca üçüncüdür: “Vaşinqton anlaşmasından sonra erməni baş nazir ilk etirazını "ŞƏT plyus" formatındakı görüşdə edib. Əliyev Çində Zəngəzur dəhlizi anlaşmasını gündəmə gətirdi, bunun bütövlükdə Avrasiyanın nəqliyyat şəbəkəsinə verəcəyi töhfədən danışdı. Paşinyan da cavab çıxışında “Zəngəzur dəhlizi ritorikasının əldə olunan sülh atmosferinə uyğun olmadığını”, “Vaşinqton razılaşmasına əsasən bunun "Trampın Sülh və Rifah Marşrutu" adlandırıldığını" bildirdi. BMT Baş Assambleyasının 80-ci sessiyasında Əliyevin Zəngəzur dəhlizinin açılması ilə bağlı dedikləri də Paşinyanın etirazına səbəb oldu. Zəngəzur dəhlizi termininin sənədlərdə olmadığını deyən Paşinyan Nyu-Yorkdan birbaşa uçduğu Strasburqda - AŞ PA sessiyasında da eyni motivli tezislərdən çıxış etdi. Rəsmi İrəvanın Zəngəzur dəhlizi terminindən narahatlıq keçirməsi iki səbəbdən qaynaqlanır".

Onun sözlərinə görə, birincisi, daxili ictimai rəydə hakimiyyətə qarşı yönələn ittihamlardır: “Erməni baş nazir cavab haqqından istifadə etməklə erməni cəmiyyətinə "dəhliz verməmişik" mesajını çatdırmağa çalışır. İkincisi, Bakının mütəmadi olaraq bəhs etdiyi Zəngəzur dəhlizi termininin beynəlxalq leksikona daxil olmasıdır. AŞ PA-da baş verənlər bunu təsdiq edir: avropalı parlamentarilərdən biri erməni baş nazirə sual verərkən, Zəngəzur dəhlizi terminindən istifadə edib, buna əsəbiləşən Paşinyan da “o ifadəni haradan oxumusunuz? Belə bir ifadə yoxdur, olmayıb və əmin olun ki, Ermənistanla Azərbaycanın razılaşdırdığı heç bir sənəddə olmayacaq” deyib. Paşinyanın Zəngəzur dəhlizi termininə davamlı şəkildə etiraz etməsinin əsas hədəflərindən biri də məsələni Vaşinqtonun gündəminə daşımaq, Trampa “Əliyev 8 avqust anlaşmasına qarşı çıxır” mesajını verməkdir. Lakin Əliyev bu cəhdləri heçə endirən gediş etdi. BMT-də çıxışı zamanı bildirdi ki, “Vaşinqton sammitinin mühüm nəticələrindən biri də Zəngəzur dəhlizindən maneəsiz keçidi təmin edəcək və regional bağlantıları möhkəmləndirəcək "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu"dur (TRIPP).

Bu, Zəngəzur dəhlizindən TRİPP layihəsinin tərkib hissəsi kimi bəhs edilməsi idi. Əliyev bununla dəhliz ifadəsinə Vaşinqtonun yanaşmasını loyallaşdırır, TRİPP-dən bəhs edərkən, Zəngəzur dəhlizi ifadəsindən də istifadə etmək zərurəti yaradır, ABŞ-nin Paşinyanın şikayətlərinə diqqət ayırmaması, o cümlədən AŞ PA-da - Azərbaycanın iştirak etmədiyi beynəlxalq platformada baş verənlər Bakının planının işlədiyindən xəbər verir".

Xatırladaq ki, 8 avqust 2025-ci ildə Ağ Evdə ABŞ Prezidenti Donald Tramp, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında 3 tərəfli sülh memorandumunu imzalanıb. Həmin mərasimdə Donald Tramp Zəngəzur dəhlizindən də danışaraq, ABŞ-nin Ermənistanla 99 illik müqavilə imzaladığını və bu müqavilənin daha 99 il uzadılacağını bildirib. Həmçinin Donald Tramp ABŞ şirkətlərinin bu bölgəni inkişaf etdirəcəyini və çoxlu pul xərcləyəcəyini bildirib. Artıq 145 milyon dollar Ermənistana ayrılıb.


Geri qayıt