Əsas Səhifə > Ana xəbər / Güney Press > Biz güclüyüksə... NƏDƏN iş dalınca Gürcüstana gedirik?
Biz güclüyüksə... NƏDƏN iş dalınca Gürcüstana gedirik?Dünən, 16:36 |
Müstəqillikdən bəri ölkələrarası fiziki şəxslərin pul köçürmələri tarixində (izlənən dövrdə) ilk dəfədir ki, 2025-ci ilin ilk 6 ayında Azərbaycana Gürcüstandan pul köçürmələr bizim ölkədən ora köçürmələri üstəliyib: Gürcüstandan Azərbaycana daxil olan vəsait 18.1 milyon dollara
yüksəlib – illik müqayisədə 4 faiz artım var.
Bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli qeyd edib. O bildirib ki, Azərbaycanın rayonlarından Gürcüstana işləməyə, biznes qurmağa gedən insanların sayı kəskin artıb: “Gürcüstanda olarkən tikintidə fəhlə işləyən aran rayonlarından olan soydaşlarımızı gördüm, ayda 2000 manat maaş alırdılar, bundan başqa, insani rəftardan çox razı idilər: 8 saatlıq iş rejimi, pulsuz nahar, iş yerinə gedib-gəlmək üçün pulsuz avtobus, aşağı vergilər, 5 günlük iş həftəsi – yüksək maaşdan əlavə bu məsələlər də cəlbedicidir. Gəncəbasar zonasından olan bir neçə kiçik sahibkarla da tanış oldum – Azərbaycanda maneələrlə
üzləşdikdən sonra Tbilisiyə köçüblər. Kiçik sahibkarlıqla məşğuldurlar, 500 min lariyə qədər dövriyyədən cəmi 1 faiz vergi verirlər, heç bir dövlət orqanının, nəzarətedici qurumun üzünü belə görmürlər. Vergi və gömrük işindən çox razı idilər. Cəmi 8 il əvvəl Azərbaycan adambaşına düşən ÜDM göstəricilərinə görə Cənubi Qafqazın lideri idi, 2017-ci ildə: Azərbaycan - 4212 dollar, Gürcüstan - 4047 dollar, Ermənistan - 3869 dollar. 2024-cü il Beynəlxalq Valyuta Fondunun rəqəmlərinə görə, adambaşına düşən ÜDM-yə görə indi biz Cənubi Qafqazda sonuncu yerdəyik: Gürcüstan – 9570 dollar, Ermənistan – 8860 min dollar, Azərbaycan – 7600 dollar. 2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanda ÜDM cəmi 0,9 faiz artıb. Gürcüstanda bu
rəqəm 8,6 faiz, Ermənistanda isə 5,2 faizdir. Bütün bu makroiqtisadi göstəricilərdə geriləmələrə görə indi Azərbaycan vətəndaşı Gürcüstana
işləməyə gedir, qazanır, ailəsinə pul göndərir”.
Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov isə Sherg.az-a açıqlamasında bildirib ki, bu artım sadəcə həmin ölkədə işləyən insanların əməkhaqqı ilə bağlı deyil. Burada bir neçə amil rol oynayır: Gürcüstanda fəaliyyət göstərən azərbaycanlı sahibkarlar öz bizneslərindən əldə etdikləri gəlirlərin bir hissəsini ölkəyə köçürürlər. Bu isə Azərbaycanın valyuta ehtiyatlarına birbaşa təsir göstərir və ölkəyə daxil olan vəsaitlərin həcmini artırır. V.Bayramov həmçinin vurğulayıb ki, bu proses Azərbaycanın Gürcüstanla strateji əməkdaşlığının güclənməsinin və azərbaycanlı sahibkarların qonşu ölkədə imkanlarını genişləndirməsinin nəticəsidir: Bu sahibkarlıq fəaliyyətləri, ticarət və investisiya əlaqələri
sayəsində Azərbaycanın iqtisadi maraqları Gürcüstanda da daha aktiv formada təmsil olunur və
nəticədə ölkəyə köçürülən vəsaitlərin həcmi artır. Beləliklə, sadəcə şəxsi pul köçürmələrindən ibarət olmayan bu artım, həm iqtisadi, həm də
strateji baxımdan ölkənin güclənməsini əks etdirir. Ölkəyə daxil olan vəsaitlər yalnız rebitensiya və ya pul göndərişləri ilə məhdudlaşmır; onlar həm də biznes gəlirləri, investisiyalar və ticarət əməliyyatlarının nəticəsi olaraq Azərbaycan iqtisadiyyatına əlavə dəstək təmin edir.
Hüquqşünas Əkrəm Həsənov Sherg.az-a açıqlamasında qeyd edib ki, Azərbaycan vətəndaşlarının xaricdə işləməsi uzun illərdir ki, ölkəmizin iqtisadi reallıqlarından qaynaqlanır. Xüsusilə Rusiya və Ukrayna uzun müddət Azərbaycan üçün əsas iş bazarı olub: Lakin 2022-ci ildən etibarən
Rusiya-Ukrayna müharibəsi vəziyyəti tamamilə dəyişdi.
Ukraynadakı müharibə səbəbindən iş imkanları demək olar ki, sıfıra enib və ölkədə həyat şəraiti çox çətinləşib. Rusiyada isə son aylar miqrantlara qarşı tətbiq olunan məhdudiyyətlər və sosial təzyiqlər azərbaycanlı işçilərin orada fəaliyyətini xeyli çətinləşdirib. Bu vəziyyət Azərbaycan vətəndaşlarını digər qonşu ölkələrə yönəldib. Əsas hədəf ölkələr kimi Gürcüstan və Türkiyə seçilir. Türkiyə uzun illərdir ki, Azərbaycan vətəndaşları üçün geniş iş
imkanları təqdim edir. Lakin hazırda Türkiyənin özündə kifayət qədər işçi qüvvəsi var, tələbat azdır. Gürcüstanda isə iş axtaran azərbaycanlılar rahatlıqla məşğulluq imkanları tapa bilirlər. Gürcüstan iqtisadiyyatı və qanunvericiliyi həm iş, həm də biznes üçün müəyyən üstünlüklər təklif edir. İş şəraiti, vergi və hüquqi qanunvericilik daha əlverişlidir və sahibkarlıq fəaliyyəti üçün daha açıq bir mühit mövcuddur. Əmək haqqı və həyat səviyyəsi Azərbaycana nisbətən yüksək olsa da, yerli əhali arasında işgüzarlığın aşağı olması bəzi sahələrdə azərbaycanlı işçilərə üstünlük yaradır. Yəni gürcülərin tənbəl olması azərbaycanlıların həm iş tapmaq, həm də biznes qurmaq imkanlarını artırır. Azərbaycanda işgüzar vəziyyətin günü-gündən pisləşdiyini vurğulayan Ə.Həsənov qeyd edib ki, vəziyyətin getdikcə mürəkkəbləşməsi, bürokratiyanın çoxluğu, vergi və digər sosial məsuliyyətlərin artması həm sahibkarları, həm də sadə əməkçi insanları motivasiya edir ki, xaricdə daha əlverişli şərait axtarsınlar. Bu tendensiya ölkədən işçi və sahibkar axınını sürətləndirir və qonşu ölkələrdə azərbaycanlıların daha aktiv iştirakına səbəb olur. Beləliklə, həm siyasi, həm iqtisadi, həm də sosial faktorlar bir araya gələrək Azərbaycan vətəndaşlarının əmək və biznes fəaliyyətini qonşu ölkələrə yönəldir. Bu da öz növbəsində Azərbaycanın əmək bazarına və biznes mühitinə əlavə təzyiq yaradır, ölkədə insan resurslarının azalması problemini gündəmə gətirir".
Geri qayıt |