Əsas Səhifə > Ana xəbər / Güney Press > Prezidentin çıxışı Rusiyanın bəzi dairələrini niyə narahat edib?
Prezidentin çıxışı Rusiyanın bəzi dairələrini niyə narahat edib?Dünən, 12:06 |
Prezident İlham Əliyev sentyabrın 25-də Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasında Xəzərin vəziyyətindən narahatlığını ifadə edərək bildirib ki, dəniz suyu sürətlə azalır və bu, ciddi ekoloji təhlükə yaradıb: “2022-ci ildə Xəzəryanı dövlətlərin dövlət başçılarının Zirvə Görüşündə Xəzər dənizində ətraf mühitin pozulması məsələsini gündəmə gətirmişdim. Təəssüf ki, bu gün vəziyyət daha da ağırdır. Xəzər dənizi sürətlə kiçilir və bunun əsas səbəbi iqlim dəyişməsi deyil". Dövlət başçısı xəbərdarlıq edib ki, bu prosesin davam etməsi gözlənilməz və ağır nəticələrə gətirib çıxara bilər. Onun sözlərinə görə, ekoloji faciənin qarşısını almaq üçün Xəzəryanı dövlətlərin birgə fəaliyyəti zəruridir: “Gözlənilməz nəticələr doğura biləcək ekoloji faciənin qarşısını almaq üçün Xəzəryanı dövlətlərin birgə səyləri vacibdir. Azərbaycan bu problemin həlli üçün BMT ilə də sıx əməkdaşlıq etməyə hazırdır". Musavat.com xəbər verir ki, Xəzərin problemlərini yalnız “özünün yaxşı bildiyini” hesab edən Rusiyanın bəzi dairələri Prezident İlham Əliyevin bu çıxışından narahatlıqlarını gizlədə bilməyiblər. Əsas “arqument” isə budur ki, guya Rusiya bu məsələ barədə Xəzəryanı ölkələrdən ilk olaraq həyacan təbili çalıb, birgə fəaliyyət təklif edib və s. Son olaraq baş nazir Mixail Mişustinin 2025-ci ilin iyulunda Beynəlxalq Ətraf Mühit Konfransında Xəzər dənizinin dayazlaşması məsələsini gündəmə gətirdiyi və birgə səylərin zəruriliyi xatırlanıb. Coğrafiya elmləri doktoru, Moskva Dövlət Su Nəqliyyatı Akademiyasının su yolları, limanlar və liman avadanlığı kafedrasının professoru Aleksey Belyakov “Svobodnaya pressa” ya müsahibəsində Azərbaycan prezidentinin çıxışını qıcıqlı reaksiya verib. Onun sözlərinə görə, Xəzər dənizi regionunda əsrlər boyu mürəkkəb tektonik və geofiziki proseslər baş verir. Onun suyun səviyyəsi dəfələrlə aşağı düşüb və qalxıb. “Məsələn, ən aşağı nöqtə eramızın 7-8-ci əsrlərində olub. Ona görə də biz alimlərin və BMT-nin xarici işlər orqanlarının fikirlərini dinləməliyik”. Demoqrafiya, Miqrasiya və Regional İnkişaf İnstitutunun Müşahidə Şurasının sədri, Rusiyanın Çay Doktrinasının həmmüəllifi Yuri Krupnov isə Azəırbaycan Prezidentinin təşəbbüsündə “yeni heç nə görmür”. O hətta iddia edib ki, guya əvvəllər Rusiya tərəfindən irəli sürülən təşəbbüslər Azərbaycan tərəfindən dəstəklənməyib. “Azərbaycanın təsirli addımlar atıb-atmayacağı sualdır” deyə, alim bildirib. O da Xəzər dənizinin problemlərini Rusiya çayları ilə əlaqədar ola biləcəyi haqda ehtimalları təkzib etmək xətti götürüb: “Bütün tarixi boyu öz dərinliyini əhəmiyyətli dərəcədə dəyişib - suyun səviyyəsi aşağı düşüb və qalxıb. Bu, bütün müasir süni situasiyalara inteqrasiya olunmuş mürəkkəb təbiət hadisəsidir”. Yuri Krupnov Xəzər dənizinin əsas problemlərindən birinin Volqa çayının az su verməsi ilə bağlı olduğunu təsdiq edib. “Xəzər göl olduğu üçün məsələ, digər məsələlərlə yanaşı, axının təkrar istehsalındadır. Hazırda Volqa Xəzərə çox az töhfə verir. Bütövlükdə, bu balans yeni araşdırma və araşdırma tələb edir. Bütün bunlar həm də Mərkəzi Asiyada iqlim dəyişikliyi səbəbindən daha da kəskinləşən böyük su problemi ilə bağlıdır”. Rusiyalı alim təklif edib ki, Xəzərlə bağlı komitə yaradılmalıdır: “Hər şeyi ancaq region ölkələrinin birgə iştirakı ilə həll etmək olar. Əliyevin təşəbbüsündən xüsusi mənalar axtarmağa ehtiyac yoxdur. Əksinə, onun dediklərini qəbul etmək lazımdır” deyərək Rusiyanı da Xəzərlə bağlı çağırışlarda fəal olmağa səsləyib. Göründüyü kimi, Rusiyanın bəzi dairələri hətta Xəzər kimi ortaq problemlərin həlli ilə bağlı çağırışlara qərəzli reaksiyalar verir, BMT-dəki çıxışdan hansısa “siyasi mənalar” axtarırlar. Musavat.com Geri qayıt |