Əsas Səhifə > Ana xəbər / Güney Press > Zəngəzur dəhlizi üçün son düyməyə BASILIB
Zəngəzur dəhlizi üçün son düyməyə BASILIBDünən, 14:30 |
“Artıq Azərbaycan və Ermənistan arasında Zəngəzur dəhlizinin açılması ilə bağlı prinsipial razılaşma əldə olunub”. Bu sözləri politoloq Oqtay Qasımov “Cümhuriyət”-ə açıqlamasında deyib. O bildirib ki, indi Ermənistan ərazisində bununla bağlı müvafiq işlər aparılmalıdır: “Konkret olaraq, ilkin mərhələdə Ermənistanda dəmiryolunun tikintisi həyata keçirilməlidir. Söhbət 42 kilometrlik ərazidən gedir. ABŞ də bu layihə üçün 145 milyon dollar vəsait ayırıb. Lakin Ermənistanın 1 il ərzində bu tikintini başa çatdırması sual altındadır. Ona görə də Zəngəzur dəhlizinin gələn il açılma ehtimallarını aşağı dəyərləndirirəm. Nəzərə almaq lazımdır ki, ərazi mürəkkəb relyefə malikdir. Orada işlərin sürətli şəkildə aparılması üçün çox ciddi şəkildə çalışmaq lazımdır”. Politoloq xatırladıb ki, gələn il Ermənistanda parlament seçkiləri də keçiriləcək: “Düzdür, Paşinyan hakimiyyəti Zəngəzur dəhlizinin açılması istiqamətində müəyyən addımlar atacaq. Lakin seçkilərin olduğu bir ildə bu işlərin yekunlaşma ehtimalı zəifdir”. Lakin həmsöhbətimiz qeyd edib ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında quru əlaqəsinin bərpa olunması 2026-cı ilə təsadüf edə bilər: “Bu ehtimal çox yüksəkdir. Çünki Zəngəzur dəhlizi ilə paralel Araz yolu layihəsini həyata keçiririk. Yəni İran ərazisindən keçən Kəlalə-Ağbənd körpüsü və sərhəd terminalı layihəsinin tamamlanması, eləcə də Kəlalə-Culfa yolunun genişləndirilməsindən söhbət gedir. Orada aparılan sürətli işlər sayəsində artıq körpünün tikintisi yekunlaşmaq üzrədir. İran hissəsindən keçən hissəni tamamlamaq kifayət qədər realdır və rəsmi Tehran da bunda maraqlıdır. Düzdür, Zəngəzur dəhlizinin də gələn il açılmasını çox arzulayırıq, amma Ermənistanın bunu çatdırması çətin görünür. Azərbaycan tərəfdə isə həmin yolun tikinti işlərinin 95 faizi yekunlaşıb”. Həmsöhbətimiz Zəngəzur dəhlizinin nə zaman açıla biləcəyindən də danışıb: “Rəsmi İrəvan tərəfindən Zəngəzur dəhlizi ilə bağlı işlər ən qısa zamanda başlasa, 2026-cı ilin sonu və ya 2027-ci ilin birinci rübündə bunu yekunlaşdırmaq olar. Bu, Ermənistanın iradəsinə bağlı olan məsələdir. Əlbəttə ki, İrəvan hakimiyyəti və ABŞ şirkəti istəsələr, bu işi sürətlə həyata keçirə bilərlər. Hesab edirəm ki, Zəngəzur dəhlizinin açılmasına 1,5 il bəs edər”. Oqtay Qasımov hesab edir ki, İran və ya Rusiya da Zəngəzur dəhlizinin açılmasına qarşı çıxmayacaq: “Rusiya və İranın Zəngəzur dəhlizinin açılmasına əngəl olmaq istədiklərinə dair iddialar yayılsa da, çox inandırıcı deyil. Əslində, İran yeni reallıqlarla razılaşıb. Üstəlik, İran öz ərazisindən keçəcək Araz yolundan da kifayət qədər faydalanacaq. Əslində, Tehran hakimiyyətindən Zəngəzur dəhlizi əleyhinə açıqlama verilməyib. Hansısa mollanı və ya SEPAH generalını deyil, rəsmi şəxsləri nəzərdə tuturam. Prinsipcə, İran da Zəngəzur dəhlizinin əleyhinə olmadığını bəyan edir. Rusiyanın da bu dəhlizə qarşı çıxacağını zənn etmirəm. Ən problemli məsələ Meğri ərazisində Rusiyanın sərhəd qoşunlarının olmasıdır. Ancaq bu məsələnin də öz həllini tapacağını düşünürəm. Kremlin bu dəhlizə çox ciddi şəkildə müdaxilə edəcəyini və ya onu pozacağını düşünmürəm. Çünki beynəlxalq razılaşma var. Rusiya sadəcə dəhlizə nəzarətin bir hissəsinin özündə olmasını istəyir, ona da nail ola bilmir. Halbuki, rəsmi Moskvada sözügedən dəhlizin açılmasına qarşı deyil”. Geri qayıt |