Əsas Səhifə > Ana xəbər / Güney Press > KEÇMİŞ BAŞÇININ 2 MİLYONU YOXA ÇIXIB

KEÇMİŞ BAŞÇININ 2 MİLYONU YOXA ÇIXIB


Dünən, 13:10

Zərdab və Mingəçevirdə ümumilikdə 14 il icra başçısı olmuş Lütvəli Babayevin ailəsi bu gün 2 milyon manatlıq dələduzluq qalmaqalının mərkəzindədir. Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə sabiq icra başçısı özü də şahid qismində ifadə verib.

İttihama görə, onun oğlu Babəli Babazadə xaricdə olarkən əmlakını etibar etdiyi şəxslər tərəfindən aldadılıb. İş üzrə əsas təqsirləndirilən şəxs "Uniklinika"nın baş həkimi Aruz Əliyevdir. O, Ehtiram Kərimov adlı digər tanışı ilə birlikdə Babazadənin 2 milyon manatlıq əmlakını sataraq pulunu mənimsəməkdə ittiham olunur.

İddialara əsasən, həmin dövrdə B.Babazadənin 1 milyona yaxın vergi borcu olduğu üçün o, ölkədən çıxaraq Türkiyəyə gedib. Bu müddətdə isə özünün cərrah dostu A.Əliyevə notarial qaydada etibarnamə verib. Prokurorluq bildirir ki, A.Əliyev və E.Kərimov bu etibarnamədən istifadə edərək əmlakları satıb, vəsaiti mənimsəyiblər.

Lakin təqsirləndirilən şəxslər ittihamları qəti şəkildə rədd edir. A.Əliyevin sözlərinə görə, əmlaklar Babazadənin öz istəyi ilə satılıb və pul da şəxsən ona çatdırılıb: "Orada xərcləyib, indi atasının qorxusundan yalan danışır, məni şərləyir", – deyə sabiq baş həkim bildirib.

Məhkəmədə ifadə verən keçmiş icra başçısı Lütvəli Babayev bildirib ki, oğlunun etibarından sui-istifadə olunub: "Aruz oğlumun həkimi olub, münasibətləri də oradan yaranmışdı. Onun etibarından istifadə etdi. Ona görə də biz bu gün buradayıq. Onu xəstəxanaya işə də o düzəltmişdi. Onda da ərimiş tort aparmışdı".

Babayev daha sonra məhkəməyə gizli şəkildə səsyazma təqdim etdiyini etiraf edib. O bildirib ki, bu səsyazmanı şəxsi təşəbbüsü ilə qeydə alıb və hüquq-mühafizə orqanlarına təqdim edib.

Lütvəli Babayev ifadəsində emosional çıxış da edib. Təqsirləndirilən şəxslərlə düşmənçilik etmədiyini, lakin əmlakların geri qaytarılmasını istədiyini vurğulayıb: “Mən inanıram ki, din dövlətdən ayrıdır. Dövlətin dini onun ədalətidir. Ədalətin özü isə Qurani-Kərimdir. Mən inanıram ki, Qurani Kərimə xatir, siz ədalətli qərar çıxaracaqsınız".

O, həmçinin ziyanın ödənilməsi üçün qarşı tərəfin qohumları ilə bir neçə dəfə görüşdüklərini, lakin heç bir nəticə əldə olunmadığını deyib.

Təqsirləndirilən şəxslərdən biri olan Ehtiram Kərimov isə deyib ki, onlar iki ildir sübut olmadan qondarma ittihamla girov saxlanılır: "Heç bir sübut-dəlil olmadan bizə cinayət işi açıblar. Qondarma ittihamla bizi iki ildir girov saxlayırlar".

Vəkil İlqar Rüstəmov isə sabiq icra başçısının məhkəmə davranışına etiraz edib. O qeyd edib ki, Babayev zərərçəkən statusu olmadığı halda, faktiki olaraq zərərçəkən kimi çıxış edir, halbuki, şahid yalnız bildiklərini danışmalıdır.

Qeyd edək ki, Lütvəli Babayev 2005–2007-ci illərdə Mingəçevirin, 2007–2019-cu illərdə isə Zərdabın icra başçısı vəzifəsində çalışıb. Oğlu Babəli Babazadə Azərbaycanda "BLB" MMC-nin rəhbəri olub. 2021-ci ildən Moskvada "Liqa-Stroy" MMC-ni təsis edib. Ailəyə məxsus daha bir şirkət "TOP POINT" MMC 2014-cü ildə qeydiyyatdan keçib.

Təqsirləndirilən A.Əliyev və E.Kərimova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) ilə ittiham irəli sürülüb. Bu maddə üzrə 10 ildən 14 ilədək həbs cəzası nəzərdə tutulur.

"AzPolitika.info"


Geri qayıt