Əsas Səhifə > Ana xəbər / Güney Press > Rus səfiri də “binokl siyasəti”nə başladı: Kimlərə mesaj verilir?

Rus səfiri də “binokl siyasəti”nə başladı: Kimlərə mesaj verilir?


Dünən, 12:54

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Zəngəzura səfər edib. Diplomat bölgəyə ənənəvi illik səfərinə Əkərək Mis-Molibden Zavoduna baş çəkməklə başlayıb.

O, Ermənistanın Rusiya Federasiyasındakı səfirliyi bu barədə məlumat verərək xatırladıb ki, bu zavod regionun əsas müəssisələrindən biridir. Səfir istehsal müəssisəsində 1100-dən çox insanın işlə təmin olunduğunu deyib.

Səfir Kopırkin Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd İdarəsinin 127-ci Mehri dəstəsinin rəhbərliyi ilə də görüşərək Ermənistan-İran sərhədinin mühafizəsinə dair tapşırıqlarla tanış olub.

Rusiya səfirinin Qərbi Zəngəzura səfər etməsi ilk baxışdan normal görünsə də, bir sıra siyasi mesajları özündə əks etdirir. Yəni Kopırkinin Mis-Molibden zavoduna baş çəkməsi və ya Rusiya hərbçiləri ilə görüşməsi onun diplomatik missiyasına daxildir. Lakin səfirin hazırda geosiyasi şəraitdə səfər üçün məhz Zəngəzuru seçməsi şübhəsiz ki, təsadüfi deyil.

Xüsusilə də “Tramp marşrutu”nun açılması ilə əlaqədar Zəngəzurda ABŞ və Rusiya arasında rəqabətin artdığı mövcud situasiyada diplomatın səfəri yalnız Vaşinqtona deyil, həm də regionda marağı olan digər güc mərkəzlərinə mesaj vermək məqsədi daşıyır. Səfir bununla Zəngəzurun Rusiyanın təsir zonasına aid olduğunu göstərmək istəyir.

Sergey Kopırkinin Rusiya rusiyalı sərhədçilərlə görüşməsi bu baxımdan, xüsusi məqsədə xidmət edir. O, Ermənistan-İran sərhədinə Rusiyanın nəzarət etdiyini və Moskvanın status-kvonun dəyişməsinə razı olmayacağına işarə edir. Təbii ki, burada əsas ismarıc ABŞ-yə ünvanlanıb.

Çünki “Tramp marşrutu” Ermənistan-İran sərhədinə yaxın ərazidən keçməlidir və dəhlizin təhlükəsizliyini ABŞ şirkəti həyata keçirəcək. Bu razılaşma İranı da narahat edir. Ona görə də İran sərhəddə Rusiya hərbçilərinin qalmasında maraqlıdır.

Kopırkinin həmin əraziyə səfəri və hətta əlinə binokl alıb yüksəklikdən ətrafı müşahidə etməsi sərhədin toxunulmazlığının və Zəngəzurdan keçəcək nəqliyyat dəhlizinin təhlükəsizliyinə Rusiyanın məsul olduğunu nümayiş etdimək niyyəti güdür.

Müşfiq Abdulla
"Cebheinfo.az"


Geri qayıt