Əsas Səhifə > Ana xəbər / Güney Press > "İstərdik həmin kilsənin yanında ona heykəl qoyulsun"
"İstərdik həmin kilsənin yanında ona heykəl qoyulsun"Dünən, 10:05 |
Müharibələr sadəcə ölümlə nəticələnmir, bəzən illərlə cavabsız qalan itkilər, bitib-tükənməyən ümidlər, gözləntilərlə də yaddaşlara yazılır. Bir evə tabut gətiriləndə ürəklər necə yanırsa, birinin itkin düşməsi də ailə üçün ən azı o qədər ağır bir sınaq olur. İllər ötür, gözlər isə yollarda qalır… Qəlblər hələ də “bəlkə bir gün geri dönər” ümidi ilə yaşayır. 1992-ci ildən Birinci Qarabağ müharibəsində mülki azərbaycanlıları azad etmək üçün erməni silahlı dəstəsinə təslim olan və itkin düşən Milli Qəhrəman Natiq Qasımovun ailəsi də illərdir ki, bu həsrəti ürəklərində daşıyır. Teleqraf İnformasiya Agentliyinin əməkdaşı Milli Qəhrəmanın qardaşı Nofəl Qasımovla söhbətləşib. “Natiq doğulandan elə başı bəlalı olub. Vaxtından tez doğulmuşdu, həkimlər onun öləcəyini düşünürdülər” deyib sözə başlayır Nofəl Qasımov. - Ailədə neçə uşaq olmusunuz? O sizdən böyük yoxsa kiçik idi? - 4 uşaq olmuşuq: 2 bacı, 2 qardaş. Ən böyüyü mən, ən balacası isə Natiq idi. Əslən Gədəbəy rayonundanıq. - Uşaqlığınız necə keçib? Natiq necə uşaq idi? - Dəcəl idi, amma heç kimə ziyan vurmurdu. Hər şeyə müdaxilə edirdi, düzgünlüyün tərəfdarı idi. Ən çox Allaha inanırdı. Evə gec gələndə atam əsəbiləşirdi. Amma elə bir iş yox idi ki, onu yarıtmamış üstümüzə gəlsin. Hər şeyin öhdəsindən gəlməyi bacarırdı. Bir gün atam ona cəza verdi. Evdə qoyub, qapını çöldən bağlayıb işə getdi. Dördüncü mərtəbədə qalırdıq, Natiq eyvana çıxıb dəsmalı paltar rolikinə bağlayıb ondan tuta-tuta aşağı düşmüşdü. Ondan sonra atam o cəza üsulunu bir də eləmədi, çünki baş verəcəkləri düşünmək çox qorxuluydu. Davalı filmləri çox sevirdi. Hətta özü bir neçə il kinomexanik işləmişdi. Filmlərdəki qəhrəman obrazlarla fəxr edirdi. “Yeddi oğul istərəm”ə, “Qaçaq Nəbi”yə dəfələrlə baxmışdı. “Yeddi oğul istərəm” filmindəki Bəxtiyar kumiriydi, onun kimi olmaq istəyirdi. Filmdə Gəray bəy Cəlalı güllələyəndə Natiq həmişə ağlayırdı. O kinoya bəlkə 500 dəfə baxmışdı. Deyirdi, bax bizim düşmən üstə gedən belə qəhrəmanlarımız var. Cəlal bilirdi ki, onu Gəray bəyin dəstəsi öldürəcək, Natiq də onun kimi oldu. Bilirdi ki, kilsədən çıxanda başına nələr gələcək. Amma yenə də … - şəkili göstərərək davam edir – buradakı oturuşuna baxın, Allahdan başqa heç nədən qorxmur! Bu gördüyünüz şəkildə Natiqin hər tərəfi ermənidir, amma o qorxmur, rahat oturub. Bu şəkili analiz edənlər deyiblər ki, ermənilərin heç birinin Natiqin üzünə baxmağa cəsarəti çatmır. Natiq 2 il Rusiyanın daxili qoşunlarında xidmət keçmişdi. Çox güclü atıcı olmuşdu, tez-tez valideynlərimizə təşəkkür məktubu gəlirdi. Orada böyük hörmət qazanmışdı. İki ilin tamamında atam onu geri qaytardı. Deyirdi, gələn kimi müharibəyə gedəcəm. Gəldikdən bir neçə gün sonra Qarabağa getdi, "Qarabağ şahinləri" dəstəsində ermənilərə qarşı döyüşdü. 1992-ci ilin əvvəllərində bir neçə günlük istirahətə gəlmişdi. Onda da Xocalı soyqırımı baş verdi, qala bilmədi, getdi. - Orduya getdiyi zamanlarda ailəsinə məktublar göndərdiyi deyilir. O məktublarda daha çox nədən yazırdı? - Ən çox müharibədən yazırdı. Həm o məktublar, həm də ona aid kitablar, yazılar, hər şey evdə saxlanılır. - Natiqin ən böyük arzusu nə idi? - Qəhrəman olmaq… Həmişə deyirdi ki, mən hər yerdə tanınmalıyam, adım tarix kitablarında yazılmalı, dillər əzbəri olmalıdır. Müharibəyə gedəndə anama demişdi ki, ola bilər ölərəm, itərəm, amma siz mənim adımla fəxr edəcəksiniz. Deyirdi ki, bu günədək mən sizin çörəyinizi yemişəm, bundan sonra siz mənim çörəyimi yeyəcəksiniz. Elə də oldu. - Həyatında sevdiyi var idi? - Birini sevirdi. Sonuncu şəkillər elə sevdiyi qızla çəkilmişdi. Biz şəkillərdə həmin hissəni çıxarmışıq, çünki Natiqin tək son şəkli yox idi. - Bəs Natiq itkin düşdükdən sonra həmin qızın taleyi necə oldu? - Qız bizim qonşuluqda yaşayırdı. Natiq itkin düşəndən illər sonra ailə qurdu. Eşitdiyimə görə, məcbur ediblər. Hətta bir ara anam ona dedi ki, Natiq sənin sevdiyin oğlandır, mənim də övladımdır. O, itkin düşüb, tapılmır, özünü bədbəxt eləmə, ailə qur. Amma anamı da dinləmədi, uzun illər gözlədi. - Qardaşınızın itkin düşdüyü xəbərini necə aldınız? - İtkin düşməsi xəbərini ilk dəfə 1992-ci ilin martın 12-də axşamüstü Natiqlə bir gündə döyüşə gedən Yadigar Mənsurov gətirdi. Dedi ki, 7 nəfər döyüşçüdən 6-sı şəhid olub, Natiq isə yoxdur. Xocalı soyqırımı baş verəndə Natiq cəhbəyə Yadigar Mənsurov və Zahid Kərimovla birlikdə getmişdi. Həmin 2 nəfər oranı tanıyır deyə Natiqlə getmişdilər. Sonra aprel ayında çıxan "Oqonyok" jurnalındakı məqalədə belə bir informasiya vardı ki, bir nəfər axıra qədər döyüşüb, sonra onu təslim olmağa vadar ediblər. Sonra bütün mətbuat ondan yazmağa başladı, televiziyalar gəlib çəkdi. Biz ümidimizi bu gün də itirmirik. Bu gün mənim nəvəmin köynəyinin üstündə, boynundakı brelokunda da Natiqin şəkli var. Nəvələrim də ümidini itirmir. Deyilənlərin heç biri bizim ümidimizi qırmağa kifayət eləmir. İndi onun 55 yaşı var. Az yaş deyil. İnsan düşünür ki, nə vaxtsa gələcək. - İtkin düşəndən sonra haqqında nələri eşitdiniz? - O vaxtı deyirdilər ki, onu Vitali Balasanyan ortadan götürdü. Balasanyan həmin döyüşdə ermənilərin rəhbəri olmuşdu. Ona “Vito” deyirdilər. 1992-ci ildə mən Allahverdi Bağırovla danışdım. Söz verdi ki, özüm gedib Vitalidən öyrənərəm. Onu tapıb danışmışdılar. Demişdi ki, Natiqi ağaca bağlayıb diri-diri yandırmışıq. Tapılmadı... Amma bunun heç bir sübutu da olmadı. İngilislərin çəkdiyi "Oğul" filmi üçün Rusiyada bir ermənini çəkiblər. Həmin erməni kilsə uğrunda döyüşlərdə iştirak edib. Etiraf edib ki, Natiq çox qoçaq, cəsur idi. Deyib ki, biz ona qumbara atanda, o da bizə geri atırdı, orada özünə səngər qazmışdı, onu tuta bilmirdik. Natiqi soruşanda deyib ki, onu doğradılar. Amma bunun da sübutu yoxdur. Buna görə biz ümidimizi itirmirik... - Onun tapılması üçün nələr etdiniz? - Hər yerə - dövlət orqanlarına, Qızıl Xaç Cəmiyyətinə müraciət etdik. Bilən olmadı. Heç üstünə düşən də olmadı. Tez-tez Qızıl Xaç Cəmiyyətinə gedirdim. Dövlət Təhlükəsizlik Xidməti çağırırdı. Görüşürdük, axtarırdılar. Amma heç bir nəticəsi olmurdu. - Natiq Qasımova verilən dəyər sizi qane edirmi? - Narazılığımız yoxdu. Prezidentin Sərəncamına əsasən, Natiq Qasımov 2024-cü ilin 25 iyununda Azərbaycan Milli Qəhrəmanı adına layiq görüldü. Həmin gün mənim ad günüm idi. Sərəncam 26 iyun Silahlı Qüvvələr Günündə imzalana bilərdi, amma Prezidentimiz onu ad günümdə etdi. Bu mənim üçün ən böyük hədiyyə oldu. Prezidentimizin gözəl bir sözü var, "nəyi harada nə vaxt etməyi mən yaxşı bilirəm". Azərbaycan Milli Qəhrəmanı adına layiq görüldükdən az müddət sonra baş nazir Əli Əsədovun qərarı ilə Mingəçevirdə oxuduğu 4 nömrəli məktəbə onun adını verdilər. 2021-ci ildə şəhərimizin rəhbərliyi tərəfindən xatirə bulağı tikilmişdi. Sonra həmin bulağın yerində hazırlanan daha böyük bulağın açılışı oldu. Yanvarın 2-də ad günü ilə bağlı barelyefini yaşadığı binaya vurdular. Natiqin adına məktəb, küçə verilib. Hazırda Gəncədə büstü hazırlanır. Atamla anam Gəncəyə köçüb orada yaşayıblar. Natiqin ora ilə əlaqəsi yoxdur. O, Mingəçevirdə böyüyüb, 4 nömrəli məktəbə gedib. - Onun üçün başqa nələrin edilməsini istərdiniz? - Düzdür, Natiq Qasımov ölkəmizdə tək deyil, onun kimi oğlanlar çoxdur. Ən böyük arzum onun döyüşdüyü kilsənin yanında heykəlinin və ya onu xatırladan başqa bir nəyinsə qurulmasıdır. Natiq 5 gün orada ac-susuz qalıb və əlində bayraqla düşmənin üstünə gedib. Xalqımızın hər bir övladı, eyni zamanda əcnəbi turistlər gedəndə görsünlər ki, o, qədim alban kilsəsidir və azərbaycanlı bir oğul həmin kilsə uğrunda canını fəda edib. Ən böyük arzum budur. - Natiq Qasımov haqqında iki sənədli film çəkilib. Filmlər barədə də fikirləriniz maraqlı olardı. - 2016-cı ildə “Oğul” sənədli filmi çəkildi. Onu İngiltərədən gələn xaricilər çəkirdi. Ondan öncə də bir neçə dəfə sənədli film çəkilmişdi. 2016-cı ildə başqa bir sənədli filmin də çəkilişinə başlanılmışdı. Birini Mədəniyyət Nazirliyi və Dövlət Turizm Agentliyi çəkməyə başladı. Rejissor Elçin Musaoğlu idi. Azərbaycanın çəkdiyi tez başa çatdı, amma digəri təxmini 3 ildən çox davam elədi. Qələbədən sonra 2022-ci ildə “Oğul” sənədli filminin təqdimatı oldu. Prezidentimizin ailə üzvləri də gəlmişdi. Filmlərdən razı qalmışıq. Natiq Qasımovdan 6 sənədli film çəkilib, onların ən yaxşısı “Oğul”dur. Film bütün dünyaya sanki səs saldı. Almaniyada, Hindistanda, İngiltərədə, Çexiyada təqdimatları oldu. Bir neçə festivalda birinci yerə çıxdı. Nə qədər çox film çəkilsə, bizim üçün xoşdur. Bildiyimə görə, bədii film də çəkmək istəyirlər. Geri qayıt |