Əsas Səhifə > Ana xəbər / Güney Press > 44 günə 30 il TƏDARÜK GÖRMÜŞDÜK...

44 günə 30 il TƏDARÜK GÖRMÜŞDÜK...


Dünən, 09:57

27 Sentyabr Azərbaycan xalqının yaddaşına qəhrəmanlıq və qürur günü kimi həkk olunub. Məhz həmin gün başlanan 44 günlük Vətən müharibəsi nəticəsində dövlətimiz uzun illər davam edən işğala son qoyaraq tarixi ədaləti bərpa etdi. Anım Günü şəhidlərimizin müqəddəs xatirəsinə dərin ehtiramın ifadəsi olmaqla yanaşı, həm də Azərbaycanın azadlıq uğrunda iradəsinin, milli birliyinin və sarsılmaz gücünün təntənəsidir. Azərbaycan heç zaman müharibə istəməyib, daim beynəlxalq hüququn norma və prinsiplərinə sadiq qalaraq münaqişənin sülh yolu ilə həllinə çalışıb. Lakin rəsmi İrəvanın işğalçı siyasəti, saxtakar yanaşmaları və ifrat millətçilik üzərində qurulmuş Daşnaksütyun ideologiyası müharibəni qaçılmaz edib. Ermənistanın əsassız "dənizdən-dənizə Ermənistan" xülyası, xarici havadarların dəstəyi ilə Azərbaycan ərazilərinin 20 faizini işğal etməsi, beynəlxalq ictimaiyyətin ikili standartlara əsaslanan yanaşması nəticədə regionu təhlükəli müharibə meydanına çevirib. Xalqımız isə heç zaman işğalla barışmayıb. On illər boyu səbir və dözüm göstərən sülhsevər xalqımızın ermənilərin ardıcıl hərbi təxribatları ilə "səbir kasası" dolub, 2020-ci ilin 27 sentyabrında başlayan son təxribat isə hərbi cavabı zəruri edib. Bu, tarix boyu haqqı tapdanmış, lakin öz haqqını qorumaq əzmindən dönməyən bir xalqın ədalətli mübarizəsi idi. 44 günlük Vətən müharibəsi Azərbaycanın hərbi və siyasi iradəsinin, xalq-iqtidar birliyinin parlaq təzahürü oldu. Ordumuz müasir dövrün hərbi təcrübəsindən istifadə edərək düşməni darmadağın etdi, işğal altındakı torpaqlarımızı azad etdi. Bu qələbə təkcə hərbi gücümüzlə deyil, həm də diplomatik üstünlüyümüzlə təmin olundu. Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi, ordumuzun peşəkarlığı və xalqımızın əzmi nəticəsində Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə öz ərazi bütövlüyünü bərpa etdi.
 
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov Sherg.az-a bildirib ki, hər bir xalqın həyatında elə mühüm tarixi anlar olur ki, bu anlar həmin xalqın yalnız bugününə təsir etmir, onun bütün gələcəyini şəkilləndirir, tarixinə yön verir. Hərbi ekspert vurğulayıb ki, Azərbaycan xalqı üçün bu cür mühüm tarixi anlardan biri 27 Sentyabr - Anım Günüdür:
"Prezident İlham Əliyevin 2020-ci il dekabrın 2-də imzaladığı "Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında" sərəncamla əbədiləşdirdiyi bu gün yalnız ölkəmizdə deyil, respublikamızdan kənarda yaşayan azərbaycanlılar tərəfindən də ehtiramla qeyd olunur. Azərbaycan xalqı, Azərbaycan ordusu 27 sentyabr tarixində başlatdığı mübarizə ilə sadəcə işğaldakı torpaqlarını azad etmədi, həm də milli qürurunu, milli ləyaqətini bərpa etdi, ərazi baxımından olduğu kimi, mənəvi baxımdan da bütövləşdi. 27 sentyabr tarixi, həm də xalqımızın milli birlik və həmrəylik günü kimi xarakterizə edilə bilər. Çünki 27 sentyabr tarixindən 10 noyabr gününə qədər baş verənlər göstərdi ki, Azərbaycan xalqı dar məqamda öz Prezidentinin, ordusunun ətrafında yumruq kimi birləşməyi bacarır. Nəinki bacarır, bu birliyi qoruyub saxlamaq, onu zəfərə çevirmək üçün əlindən gələni əsirgəmir, bu yolda əsl fədakarlıq sərgiləyir. Bu baxımdan, əminliklə demək olar ki, 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi zəfərə görə, həm də xalqımızın birliyinə və həmrəyliyinə borcluyuq. Təsadüfi deyil ki, 44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbədə həmrəyliyimizin oynadığı rol Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən də hər zaman yüksək qiymətləndirilib. Dövlət başçısı müxtəlif müsahibə və çıxışlarında 44 günlük Vətən müharibəsindəki qələbəmizdə xalqımızın həmrəyliyinin mühüm rol oynadığını xatırladıb, eyni zamanda, bu həmrəyliyi qoruyub saxlamağın vacibliyindən bəhs edib".
 
C.Xəlilov bəyan edib ki, 44 günlük Vətən müharibəsi bizə, həm də vətənpərvər gəncliyin önəmini, bu gəncliyin hansı xarüqələr yarada biləcəyini göstərdi:
"Bu müharibə sübut etdi ki, dövlətin, xalqın gələcəyi, ərazi bütövlüyü, təhlükəsizliyi həm də onun gənclərinin vətənpərvərlik ruhundan önəmli dərəcədə asılıdır. 44 günlük Vətən müharibəsində öz gücünü vətən sevgisindən alan Azərbaycan gəncləri düşməni 30 ildir ki, möhkəmləndiyi istehkamlardan çıxaraq qaçmağa, təslim olmağa vadar etdi. Bu fakt bir daha gənclərimiz arasında vətənpərvərlik tərbiyəsinin inkişaf etdirilməsinin, onlara milli-mənəvi dəyərlərə bağlılığının qorunub saxlanılmasının son dərəcə vacib olduğunu göstərdi. 27 sentyabr həm də şəhidlərimizi Anım Günüdür. Biz xalq və dövlət olaraq 27 sentyabr tarixində onların qəhrəmanlığını yad edir, onlara sevgi və ehtiramımızı bildiririk. Lakin bu da bir həqiqətdir ki, biz şəhidlərimizi hər gün yad etməli, onların tanıdılması, göstərdikləri qəhrəmanlıqların təbliği ilə bağlı iş aparmalıyıq".

Geri qayıt