Əsas Səhifə > Ana xəbər / Güney Press > Regionda təhlükəli proses: kritik çağırış edildi

Regionda təhlükəli proses: kritik çağırış edildi


Dünən, 07:20

Türkiyədə 240 təbii göldən 186-nın quruması regionda narahatlığa səbəb olub. Paralel olaraq, məlumata görə, Ağrı Dağın ətəklərində yerləşən Qarasu adlı su hövzəsi qlobal istiləşmənin təsiri ilə bataqlığa çevrilmə təhlükəsi ilə üz-üzədir. Bəzi ekspertlərin fikrincə, sözügedən proseslər Azərbaycanda da oxşar ərazilərin risk altında olmasından xəbər verir.

Həm qonşu ölkələrdə, həm də Azərbaycanda su sahələrinin bataqlığa çevrilməsi hansı ekoloji nəticələr doğura bilər?

Globalinfo.az-a danışan biomüxtəliflik üzrə ekspert, ekoloq Arzu Mustafayev deyib ki, iqlim böhranı nəticəsində göllərin quruması regionun mikroiqlimini, nəm balansını dəyişir, torpaqların keyfiyyətinə və biomüxtəlifliyə ciddi zərər vurur:

“Bu, yosunlardan başlayaraq flora və faunanın bütün növlərini məhvə aparan prosesdir. Azərbaycan artıq bu acı təcrübəni yaşayıb. Hacıqabul gölü antropogen təsirlər və iqlim böhranı səbəbindən illərdir demək olar ki, tam quruyub. Bu, bölgənin mikroiqliminə, yeraltı sulara və əhalinin sosial həyatına mənfi təsir göstərib. Çünki göl həm balıq, həm də quşların yaşayış məskəni idi və ərzaq təhlükəsizliyində rol oynayırdı”.

Ekoloq qeyd edib ki, hazırda oxşar vəziyyət qonşu ölkələrdə də müşahidə olunur:

“Məsələn, İranda Urmiya gölü artıq quruyub, Türkiyədə Qarasu və digər su hövzələri sürətlə qurumağa doğru gedir. Bu proses torflu bataqlıqlarda qıcqırma və öz-özünə alışma ilə nəticələnə, yanğınlara səbəb ola bilir. Bizdə isə xüsusilə Hacıqabul gölündə və Kürün mənsəbində belə təhlükəli proses artıq başlayıb. Azərbaycan aşağı axarda yerləşən ölkədir. Bu, müəyyən üstünlüklər versə də, mənfi nəticələri daha çoxdur. Ermənistan, Gürcüstan, qismən Rusiya və İran ərazilərində formalaşan sular Kür, Araz, Samur çayları vasitəsilə ölkəmizdən keçərək Xəzərə tökülür. Lakin Xəzərin ekoloji vəziyyəti də qənaətbəxş deyil. Gürcüstan, xüsusilə Tiflisdən bütün kanalizasiya suları Kürə axır”.

Ekspert vurğulayıb ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) Azərbaycanı quraqlıq riski yüksək olan ölkələr siyahısına daxil edib:

“Belə bir şəraitdə su anbarlarının tikilməsi, suyun filtrasiya və buxarlanma yolu ilə itkisi, ölkənin su balansını daha da riskli vəziyyətə salır. Qonşu dövlətlər də çaylar üzərində çoxsaylı anbarlar tikərək su axınını məhdudlaşdırır. İran Araz çayı, Gürcüstan və Türkiyə isə Kür üzərində bu prosesi həyata keçirir. Nəticədə Azərbacana daxil olan suyun həcmində ciddi azalma və itki müşahidə edilir. Aidiyyəti qurumlar təcili olaraq, xüsusilə Sarısu, Şərbətqobu, Bozqobu, Mehman, Kiçik Qızılağac körfəzi və digər təbii sututarların ekoloji vəziyyətini təhlil etməli, uyğun adaptasiya planları hazırlamalıdır. Əks halda, həmin ərazilərdə biomüxtəliflik məhv olacaq, yaxınlıqda yaşayan əhalinin sosial rifahı pisləşəcək, qrunt sularının səviyyəsi və regionun mikroiqlimi mənfi istiqamətdə dəyişəcək”.


Geri qayıt