Əsas Səhifə > Ana xəbər / Güney Press > MÜƏLLİM GÜNÜ: elə bil pul yığmaq üçün düşünülüb...
MÜƏLLİM GÜNÜ: elə bil pul yığmaq üçün düşünülüb...Bu gün, 11:19 |
İllərdir, təhsil sahəsinə cavabdeh qurumlar əlamətdar günlərdə, xüsusən də 5 Oktyabr - Beynəlxalq Müəllimlər günü, 8 Mart Beynəlxalq Qadınlar günü öncəsi bəyanatlar vermək, xəbərdarlıq etməklə məşğuldur ki, məktəblərdə bayram pulu yığılmasın, direktora, sinif müəllimlərinə bahalı hədiyyələr təqdim edilməsin. Lakin problem yenə də öz aktuallığını qoruyur.
Qeyd edək ki, Məktəbəqədər Təhsil üzrə Dövlət Agentliyi 5 oktyabr - Beynəlxalq Müəllimlər günü ilə bağlı xəbərdarlıq edib: “Bildiyiniz kimi, Elm və Təhsil Nazirliyinin Kollegiyasının müvafiq Qərarı ilə “Təhsilverənlərin etik davranış Qaydaları” təsdiq edilmişdir. Bu Qaydaların əsas məqsədi təhsil müəssisələrində işgüzar, sağlam emosional və psixoloji mühitin təmin edilməsinə, vətəndaşların təhsil müəssisələrinə və təhsilverənlərə etimadının artırılmasına, təhsilverənlərlə təhsil prosesinin digər iştirakçıları arasında münasibətlərin idarə olunmasına, təhsilverənlərin nüfuzunun yüksəldilməsinə, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılmasına və maraqların toqquşmasının qarşısının alınmasına nail olmaqdan ibarətdir. Qeyd edilənləri nəzərə alaraq, 5 Oktyabr - Beynəlxalq Müəllimlər günü münasibətilə valideyn və şagirdlərin müəllimləri təbrik etməsi adı altında onlara hər hansı maddi və qeyri-maddi nemətlərin, qiymətli əşyaların hədiyyə edilməsi, bu məqsədlə pul yığılması və sair bu kimi neqativ halların baş verməsi qəti şəkildə qadağan edilir”.
Təhsil məsələləri üzrə ekspert Elçin Süleymanov Sherg.az-a açıqlamasında bildirib ki, məktəblərdə Bilik Günü, 8 Mart Beynəlxalq Qadınlar günü, Müəllimlər günü kütləvi şəkildə valideynlərin müəllimlərə hədiyyə vermək meyli var:
"Bu, bəzən spontan, bəzən də təşkilatlanmış, düşünülmüş, planlaşdırılmış halda olur. Bəzən məktəb tərəfindən də təşkil edilir. Məktəb kollektivinin əksəriyyətini xanımlar təşkil etdiyindən, belə bir ənənə formalaşıb. Burada məsələ hədiyyənin nədən ibarət olmasıdır. Əgər hədiyyə “Korrupsiya haqqında” qanunda göstərilən, yol verilən məbləğin üstündədirsə, bu hədiyyə tədris prosesinə təsir göstərəcək səviyyədədirsə, bu, korrupsiya elementi hesab edilir və cinayətdir. Hədiyyənin dəyəri bəlli bir məbləği aşmamalıdır. Limit, məbləğ bəllidir, bu haqda “Korrupsiya haqqında” qanunda qeyd edilib. Əgər valideyn övladına fərqli, xüsusi münasibət olsun niyyətiylə müəllimə bahalı hədiyyə təqdim edirsə, bu, əlbəttə yanlışdır. Müəllimlər də buna yol verməməlidir. Agentliyin məktəblərə hər il bu məsələ ilə bağlı xəbərdarlıq etməsinin səbəbi budur ki, əlamətdar günlərdə belə hallar baş verə bilər, ona görə də xüsusən valideynlərə bunun arzuolunmaz hal olduğu bildirilir".
E.Süleymanov hesab edir ki, məktəbdə şəffaf idarəetmə olmalıdır:
"Dövlət müəllimlərə kifayət qədər diqqət göstərir, sertifikasiyadan keçənlərin əməkhaqqı artırılır. Şagirddən bahalı hədiyyə alan müəllim onun qarşısında gözükölgəli olacaq. Ən yaxşı, bəyənilən, qəbul olunacaq hədiyyə gül buketidir. Müəllim korrupsiya həddindən aşağı məbləğdə şagirdlərdən səmimi şəkildə hədiyyə alırsa, bu, həmin müəllimə hörmətin, sevginin təzahürü hesab edilir. Hədiyyə qiymətlə ölçülməməlidir. Bir təbrik açıqcası da hədiyyə sayılır. Səmimi ortamda təqdim edilən hədiyyə məqbuldur. Amma bahalı, məcburən alınan hədiyyədən qaçınmalıdır. Valideyn nəsə alıb sinifə bağışlaya bilər. Məsələn, iş dünyası, hər hansı şirkət məktəblə əməkdaşlıq edib tədris prosesi ilə bağlı hansısa köməklik göstərə, avadanlıq hədiyyə edə bilər. Bunlar məktəb rəhbərliyi tərəfindən açıq bildirilməli, elan edilməlidir. Amma şəxsən müəllimə, rəhbərliyə fərdi qaydada qiymətli hədiyyə vermək qanun pozuntusudur, məktəbin ab-havasına da uyğun deyil. Son zamanlar bu cür neqativ hallara qarşı sosial şəbəkələrdə aktivlik var. Hesab edirəm ki, ictimai qınaq təsirini göstərir və belə hallar getdikcə azalır. Fərdi hallarsa həmişə olub. Çalışmaq lazımdır ki, azalsın bu cür hallar".
Pedaqoq Sona Əliyeva isə bildirib ki, valideynlərin bir qisminin Beynəlxalq Müəllimlər günü münasibətilə müəllimlərə pul verilməsini diqqət və hörmət jesti kimi izah etməsi başadüşüləndir. Amma məsələ təkcə jest deyil:
"Məktəblərdə məcburi pul yığılması iddiaları, sosial şəbəkələrdə yayılan yazışmalar və fərqli yanaşmalar artıq göstərir ki, bu ənənə sosial bərabərsizliyi dərinləşdirir. Kimisi imkanına görə böyük məbləğlər verir, kimisi isə verməyəndə övladının sıxıntı yaşamasından narahat olur. Nəticədə hörmət jesti təzyiq və öhdəlik kimi qəbul edilir. Fikrimcə, belə təcrübənin davam etməsi müəllim peşəsinin ictimai nüfuzuna ciddi zərər vurur. Çünki müəllim adı heç vaxt maddi maraqla assosiasiya olunmamalıdır. Müəllimlər peşəkar fəaliyyətinə görə hörmət qazanır, hədiyyəyə görə yox. Çıxış yolu çox sadədir: məktəblərdə hədiyyə və pul yığımına tam qadağa qoyulmalı və bu, sözlə deyil, praktikada təmin edilməlidir. Valideynlər öz minnətdarlıqlarını müəllimə hədiyyə ilə deyil, hörmət, əməkdaşlıq və dəstək yolu ilə göstərməlidirlər. Təhsil müəssisələri və cəmiyyət müəllimlərin dəyərini yalnız peşəkarlığı və əməyinə görə qiymətləndirməlidir. Müəllimlər gününü qeyd etməyin ən gözəl yolu şagirdlərin sevgisi, valideynlərin səmimi təşəkkürü və cəmiyyətin müəllimə layiqincə dəyər verməsidir".
Geri qayıt |