Əsas Səhifə > Ana xəbər / Güney Press > Qarabağın inşasında YEYİNTİ: deputat ÇAĞIRIŞ ETDİ...

Qarabağın inşasında YEYİNTİ: deputat ÇAĞIRIŞ ETDİ...


Bu gün, 10:46

“Ağdamın Sarıcalı kəndindən olan sakinlərimizdən biri öz evindən görüntülər paylaşmışdı. Evin içinə boş vedrə qoymuşdu, tavandan yağışın damcıları tökülürdü. Təbii ki, Qarabağda tikilən evlərin hamısı belə deyil. Lakin görünüş bunu göstərir ki, problem var və bunu inkar etmək olmaz. Cənab Prezidentimiz tapşırıq verir ki, işğaldan azad olunmuş ərazilərdə görülən işlər ən yüksək səviyyədə olmalı, tikilən evlər keyfiyyətlə tikilib, istifadəyə verilməlidir. Bu, dövlətimizin başçısının görülən işlərdə məsul olan, cavabdehlik daşıyan müvafiq qurumlara tapşırığıdır. Dövlət bu işlər üçün kifayət qədər vəsait ayırıb. Əgər kimlərsə məsuliyyətsizlik edib, xoşagəlməz fikirlərə düşüb, keyfiyyətsiz işlər görürsə, təbii ki, cavab verməlidirlər və cəzalarını almalıdırlar. Dövlətin vəsaitini sən nə cür istifadə etmisən? Niyə bu gün belə acınacaqlı vəziyyət yaranıb?”

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.

Deputat bildirib ki, sosial şəbəkələrdə Qarabağın müəyyən yerlərindən yağış yağan zaman çəkilən görüntüləri paylaşırlar:

“Düzdür, dünyada təbii fəlakətlər var. Yağışlar səbəbindən daşqınlar, sel nəticəsində problemlər yaranır. Biz də bu dünyanın bir hissəciyi, parçasıyıq. Amma təzə tikilən bir evin tavanı damırsa, evin içinə yağış tökülürsə, yaxud başqa problem yaranırsa, bu, tikinti işini aparanların məsuliyyətsizliyidir. Lakin digər tərəfdən bütün görülən işlərə belə xırda məsələlərlə tam kölgə salmaq da düzgün deyil. Müəyyən problemlər varsa, aradan qaldırılması, bu cür səhvlərə yol verənlərin cəzalandırılmaları üçün müvafiq qurumlar tədbir görməli, ciddi nəticələr çıxarmalıdırlar. Bəziləri elə deyirlər ki, guya görülən bütün işlərdə problem var. Xeyr, belə deyil. Ən yüksək səviyyədə işlər görülür və bunun şahidi oluruq. Bu məsələlər hər zaman diqqətdə olmalıdır. Dövlətimizin bu sahəyə ayırdığı vəsait necə xərclənir, keyfiyyətə necə əməl olunur – bütün bunlara nəzarət gücləndirilməlidir”.


Geri qayıt