Əsas Səhifə > Ana xəbər / Güney Press > Talıbovların ZÜHURU: hələ bu harasıdır...
Talıbovların ZÜHURU: hələ bu harasıdır...Bu gün, 10:36 |
Talıbovlar itirdikləri bizneslərini yenidən bərpa etməyə başlayıblar. Oğul Rza Talıbov atasının 2022-ci ilin dekabrındakı qəfil istefasındandan dərhal sonra satdığı Gürcüstandakı oteli 8,6 milyon dollara geri alıb. O, bununla kifayətlənməyərək, bu ölkədəki daşınmaz əmlak biznesini də genişləndirib.
OCCRP-nin araşdırmasına görə, bu faktlar ictimaiyyət üçün açıq olan pay alqı-satqı sənədilə təsdiqlənib. Rza Talıbov jurnalistlərin sorğusuna cavabında özü də bunları təsdiq edib.
OCCRP-nin „Azərbaycanlı keçmiş avtokratın oğlu siyasi qarşıdurma zamanı satılan dəbdəbəli oteli geri alıb” adlı araşdırmasını qısa ixtisarla təqdim edirik:
43 yaşlı Rza Talıbov hazırda Bakıda yüksək vəzifəli miqrasiya rəsmisi kimi çalışır, amma Gürcüstan sahillərindəki sərmayələri onun biznes fəaliyyətlərinin getdikcə böyüdüyünü göstərir.
Sözügedən otel əvvəllər Divan Suites adlanırdı. Atasının 2022-ci ilin dekabrında istefasından cəmi üç həftə sonra, 2023-cü ilin yanvarında Rza Talıbov obyekti satmışdı. İndi isə otel London 1889 adı ilə fəaliyyət göstərir.
O, bu mülkiyyəti B-Pearl Turizm MMC-nin 100 faiz payını alaraq əldə edib. Həmin şirkət vasitəsilə iyul ayında Batuminin Maxinjauri qəsəbəsində əlavə torpaq sahəsi də alınıb. Şəhər meriyasının sənədlərinə görə, burada dəniz mənzərəli 11 mərtəbəli yaşayış binasının tikintisi planlaşdırılır.
Beləliklə, Rza Talıbov yalnız satdığı oteli geri almaqla kifayətlənməyib, həm də Gürcüstanda daşınmaz əmlak biznesini genişləndirib.
Rza Talıbov suallara elektron poçt vasitəsilə cavabında bildirib ki, həm otelin, həm də yeni sahil ərazisinin alınması Gürcüstan və Azərbaycan banklarından götürülən kreditlərlə maliyyələşdirilib. Onun sözlərinə görə, 2023-cü ildə otelin satılması və sonradan geri alınması “aktivlərin bölüşdürülməsi və başqa potensial hədəflərə sərmayə qoyuluşu” strategiyasının bir hissəsi olub.
Xatırladaq ki, 1995-ci ildə Vasif Talıbov o vaxtkı prezident Heydər Əliyev tərəfindən Naxçıvan Ali Məclisinin sədri təyin edilmişdi. Onun hakimiyyəti dövründə muxtar respublika “Azərbaycanın Şimali Koreyası” kimi tanınırdı – qapalılıq və sərt idarəçiliklə.
OCCRP-nin araşdırmasına görə, Rza və qardaşı Seymur Talıbov ofşor şirkətlərdən 20 milyon dollardan çox şübhəli pul köçürməsi alıblar və Birləşmiş Ərəb Əmirlikləri ilə Gürcüstanda ümumilikdə 63 milyon dollar dəyərində əmlak əldə ediblər.
2022-ci ilin sonunda Azərbaycan hökuməti Talıbov ailəsinə qarşı tədbirlər görməyə başladı. Vasif Talıbov 21 dekabr 2022-ci ildə qəfil istefa verdi və ailə sürətlə aktivlərini satmağa başladı. Onlar Naxçıvan Bankdakı paylarını satdılar, Rza və Seymur isə daşınmaz əmlakların mülkiyyətini ötürdülər. Bu aktivlər arasında Batumidəki otel də vardı.
İndi isə həmin otel yenidən Rza Talıbovun əlindədir və görünür ki, ailənin Gürcüstandakı biznes gedişləri hələ bitməyib.
"Gündəlik Naxçıvan"
Geri qayıt |