Əsas Səhifə > Ana xəbər / Güney Press > Məktəb direktorları nazirliyin göstərişi ilə pul yığır?
Məktəb direktorları nazirliyin göstərişi ilə pul yığır?Bu gün, 07:13 |
Dərslər başlamamışdan öncə sosial şəbəkələrdə yayılan səs yazıları, valideynlərin açıq narazılığı və keçmiş deputatların sərt tənqidlərinə baxmayaraq, məktəblərdə “fond pulu”, “süpürgə pulu”, “xlor pulu”, “A4 kağızı pulu” adı ilə pul yığımı bu il də davam edir. Görünür, illərdir davam edən bu praktika artıq “ənənə”yə çevrilib və bu qanunsuz sistemə dur deyəcək mexanizm, iradə və ya məsuliyyət hissi ortada yoxdur. "Bizimxeber" bildirir ki, sabiq deputat Etibar Əliyevin də dediyi kimi, bu, sadəcə ayrı-ayrı direktorların təşəbbüsü deyil. Bu, mərkəzləşdirilmiş bir prosesdir və məsuliyyətin əsas yükü Təhsil Nazirliyinin üzərindədir. Əgər ölkənin bütün məktəblərində eyni ssenari təkrarlanırsa, demək ki, bu, sistematik razılaşma və ya səssiz razılıq nəticəsində baş verir. Valideynlər məktəb direktorlarının qəbuluna girərkən telefonlarını çöldə qoymağa məcbur edilirsə, bu, sadəcə gizlilik deyil, qorxu və şəffaflıqdan uzaq bir idarəetmənin göstəricisidir. Məktəbdə şəffaflıq yoxdursa, orada nə tərbiyə, nə də keyfiyyətli təhsildən danışmaq olar. Məktəb — bir ölkənin gələcəyinin formalaşdığı əsas yerdirsə, orada uşaqlara ilk öyrədilən şey ədalətsizlik və qanunsuzluğa susmaqdırsa, biz hansı inkişafdan danışa bilərik? Bütün bu rüşvət və pul yığımı mühiti təkcə təhsil prosesini yox, psixoloji iqlimi də zəhərləyir. Uşaq görür ki, hər şey pulla ölçülür. Uşaq anlayır ki, dərsdə iştirakı vacib deyil — direktorla razılaşmaq kifayətdir. Bu zəncirvari təsir nəticəsində həm təhsilin keyfiyyəti, həm məktəbin nüfuzu, həm də valideyn-məktəb münasibətləri ciddi şəkildə zədələnir. Etibar Əliyevin digər vacib müşahidəsi — davamiyyətin yoxlanılmaması və razılaşma əsasında sinifdə ad yazılıb, dərsə gəlməyən şagirdlərin olması — təhsildə rəsmi saxtakarlığın başqa bir adıdır. Təhsil müəssisəsinin rəhbərliyi üçün “rəqəmlər düz gəlsin” prinsipi, real nəticədən önəmlidirsə, bu sistem iflasa uğramışdır. Bütün bunlara paralel olaraq, valideynlər onsuz da repetitorlara böyük məbləğlər xərcləyir. Bugünkü təhsil reallığında məktəbdə dərs demək kifayət etmir. Orta statistik ailə əlavə dərs üçün aylıq 300-500 manat xərcləyir. Bunun üzərinə məktəbdə qeyri-rəsmi “vergi”lər də əlavə olunanda, bu artıq sosial yük deyil, psixoloji və maliyyə təzyiqidir. Belə olan halda məktəbin funksiyası nədir? Təhsil vermək, yoxsa əlavə yük yaratmaq? Etibar Əliyevin “Zəfər qazanmış ölkənin təhsili də uğurlu olmalıdır” fikri çox yerindədir. Biz qürurla beynəlxalq uğurlarımızdan danışırıq, amma təhsilin təməli olan məktəbdə rüşvət, qorxu və qeyri-şəffaflıq hökm sürürsə, o zəfərin davamı gəlməz. Ölkənin gələcəyi olan şagirdlər, əgər bu mühitdə formalaşırsa, onların sabah hüquqa, qanuna, ədalətə inamı necə olacaq? Hazırda tələbələrin təxminən 50%-i ali təhsil müəssisələrində ödənişli əsaslarla oxuyur. Bu, valideynlər üçün kifayət qədər ağır yükdür. Bu ailələrin üzərinə bir də məktəb direktorlarının “fond” təzyiqi gələndə, bu, artıq sosial ədalətsizlik deməkdir. Məktəblər dövlət büdcəsindən maliyyələşir. Əgər bu maliyyələşmə çatışmırsa, bu, vətəndaşın yox, dövlətin problemidir. Bunun kompensasiyasını valideynin cibindən çıxarmaq cinayətdir. Təhsil Nazirliyi illərlə bu halları inkar edib. Bəzən “araşdıracağıq” deyib susub. Amma bu məsələ illərdir dəyişmir. Nə qədər valideyn şikayət etsə də, nə qədər jurnalist yazsa da, əvvəlki qaydalar davam edir. Çünki bu sistem bir neçə direktorun deyil, bütünlükdə idarəetmə sisteminin məhsuludur. Əgər təhsil, doğrudan da, prioritetdirsə, məktəb direktoru da, təhsil rəsmisi də, müəllim də, valideyn də eyni dəyər sistemində birləşməlidir. Bu dəyər sistemində rüşvətə yer olmamalıdır. Uşaqlar məktəbdə zövqlə, azadlıqla, təhlükəsizliklə oxumalıdır. Özünü alıcı yox, öyrənən hiss etməlidir. Geri qayıt |