Əsas Səhifə > Ana xəbər / Güney Press > Günbəgün bahalaşan dərman bazarı...
Günbəgün bahalaşan dərman bazarı...Bu gün, 07:18 |
“Bu ilin ilk 8 ayında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 40,4 milyard manatlıq, o cümlədən 22,2 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 18,2 milyard manatlıq qeyri-ərzaq malları satılıb”. Bunu deputat Vüqar Bayramov sosial şəbəkə hesabında bildirib. Deputat qeyd edib ki, 2024-cü ilin yanvar-avqust ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,3 faiz, qeyri-ərzaq malları üzrə 6,7 faiz artıb: “Pərakəndə ticarət dövriyyəsində diqqət çəkən əsas məqamlardan biri əczaçılıq məhsulları və tibbi ləvazimatların alınmasına xərclənən vəsaitlərdəki artımdır. Bu müddətdə dərman peraparatları və tibbi ləvazimatların alınmasına vətəndaşlarımızın xərclədiyi vəsaitin məbləği rekord səviyyədə - 21 faiz artıb. Bu o deməkdir ki, dərman və tibbi ləvazimatların alınmasına həmin müddətdə əvvəlki ilin uyğun dövrü ilə müqayisədə vətəndaşlarımız 210 milyon manat daha çox vəsait xərcləməli olublar. Bu isə kifayət qədər ciddi rəqəmdir”. Deputatın sözlərinə görə, əczaçılıq məhsulları üzrə xərclərin artması dərman pereparatlarının qiymətlərindəki dəyişikliklər, eləcə də tibbi xidmətlərə tələbin yüksəlməsi ilə bağlıdır: “Dövlət Statistika Komitəsinin məlumatına əsasən, istehlak malları və əhaliyə göstərilən ödənişli xidmətlər üzrə tibbi xidmətlərin qiymətində də artım qeydə alınıb. Bu isə o deməkdir ki, tələbin artması ilə yanaşı tibbi xidmətlərdə qiymət artımları da davam edib. Əczaçılıq məhsulları üzrə istehlak xərclərinin ailə büdcəsinə xüsusi təsirlərini nəzərə alsaq, bu istiqamətdə qiymət tarazlığının qorunması çox vacibdir. Doğrudur, dərman pereparatlarının qiymətləri tənzimlənir. Amma bununla yanaşı, istehlak xərclərinin də optimallaşdırılması önəmlidir. Digər tərəfdən, qiymət və xərc tarazlığı üçün yerli istehsalın genişləndirilməsi və idxalın minimumlaşdırılması da vacibdir”. Bəs nə vaxta qədər dərman təminatında idxaldan asılı qalacağıq? Mövzu ilə bağlı “Cebheinfo.az”a açıqlamasında Respublikaçı Alternativ (REAL) Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli bildirib ki, nə qədər qəribə səslənsə də, dərman bazarında əsas problem Tarif (qiymət) Şurasının tənzimləmə mexanizmi tətbiq olunandan sonra başladı. O bidirib ki, Tarif Şurası qiymətləri və ya molekulları tənzimləməyə başlayandan bəri ölkədə rəqabətli mühit xeyli zəifləyib: “Tarif Şurasının tənzimləmə mexanizmlərindən əvvəl, ölkədə 200-dən çox böyük və kiçik farmaseptik şirkətlər, həm yerli, həm də xarici şirkətlər fəaliyyət göstərirdi və müəyyən qədər rəqabət mövcud idi. İndi isə tənzimləmə sistemi elə qurulub ki, dərmanların adı üzrə yox, istehsal olunduğu ölkə və molekul əsasında qiymətlər müəyyən edilir. Tarif Şurası müəyyən molekullar üçün yuxarı qiymət həddi elan edəndə şirkətlər həmin molekulun daha ucuz və keyfiyyətsiz analoqlarını Hindistan, Banqladeş, Şri-Lanka kimi ölkələrdən gətirirlər. Nəticədə keyfiyyətsiz dərmanların Azərbaycan bazarında daha geniş yayılmasına şərait yaranır. Mənə elə gəlir ki, əsas problem burada Tarif Şurasının tənzimləmə mexanizmindədir”. O qeyd edib ki, rəqabətli mühiti artırmaq üçün tənzimləmə mexanizminin başqa formaları düşünülməlidir: “Yəni dövlət tərəfindən dərmanların keyfiyyətinə nəzarətin artırılmasına heç kim etiraz etməz. Amma qiymətə birbaşa nəzarətin molekullar əsasında aparılması keyfiyyətsiz məhsulların üstünlük qazanmasına gətirib çıxarır. Məsələn, eyni molekulun Avropa istehsalı da var, Banqladeş istehsalı da. Onların qiymət fərqi isə bəzən 10-15 dəfə olur. Bu da ölkəyə həm keyfiyyətsiz, həm də daha baha dərmanların gətirilməsinə səbəb olur. Onun sözlərinə görə, Azərbaycanda yerli istehsal yoxdursa, təbii ki, yerli istehsal yaranana qədər idxaldan asılı vəziyyətdə qalacağıq: “Hazırda dərman preparatlarının 96 faizi xaricdən gətirilir. Bu isə çox mənfi bir asılılıqdır. Əgər yerli istehsalın artırılması istiqamətində ciddi addımlar atılmasa, bu asılılıq davam edəcək”. Geri qayıt |