Əsas Səhifə > Ana xəbər / Güney Press > İşıq və qazdan sonra növbə suda: Limit gəlir
İşıq və qazdan sonra növbə suda: Limit gəlirBu gün, 16:38 |
"Gələcəkdə Azərbaycanda müxtəlif kateqoriyalı istehlakçılar üçün differensiallaşdırılmış su tariflərinin tətbiqi planlaşdırılır". Bu barədə Su Ehtiyatlarının Mühafizəsinə Nəzarət Dövlət Xidmətinin rəisi Rafiq Aslanov məlumat verib. Onun sözlərinə görə, təşəbbüsün məqsədi ədalətli bölgü təmin etmək, aztəminatlı ailələrə dəstək, eyni zamanda sudan daha çox istifadə edən sahibkarlar üçün ayrıca tarif müəyyənləşdirməkdir. "Söhbət qiymətlərin artırılmasından yox, istehlakçı kateqoriyaları arasında fərqlərin nəzərə alınmasından gedir. Ancaq tariflərdə mümkün dəyişikliklə bağlı qərar aidiyyəti qurumların səlahiyyətindədir", - Aslanov vurğulayıb. O, həmçinin su ehtiyatlarından səmərəsiz istifadənin qarşısının alınması, transsərhəd çaylara nəzarətin gücləndirilməsi, su obyektlərinin uçotunun düzgün aparılması, ətraf mühitin mühafizəsi, əhalinin və sahibkarların maarifləndirmə səviyyəsinin yüksəldilməsini də prioritet istiqamətlər sırasında olduğunu qeyd edib. Bu plan isə bəzi vətəndaşlarda limitlərin tətbiqi ilə bağlı narahatlıq yaradıb.Bəs bu, qaz və elektrik enerjisində olduğu kimi suya da limitlərin tətbiqi hesab olnurmu? Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən iqtisadçı-ekspert Akif Nəsirli bildirib ki, bu addımın sosial və iqtisadi bir sıra təsirləri ola bilər: “Bəli, “differensiallaşdırılmış tariflər” ifadəsi adətən qaz və elektrikdəki kimi limitlərin və ya istehlak həddlərinə görə fərqli qiymətlərin tətbiqini nəzərdə tutur. Yəni müəyyən həddə qədər istehlak olunan suya daha aşağı, ondan artıq sərfiyyata isə daha yüksək tarif qoyula bilər. Bu addımın sosial və iqtisadi bir sıra təsirləri ola bilər. Suyun qənaətli istifadəsi təmin olunacaq, insanlar artıq sərfiyyatdan çəkinəcək və su israfının qarşısı alınacaq”. Onun sözlərinə görə, tarif artımları bir sıra qruplar üçün çətinlik yarada bilər: “Az su işlədənlər, əsasən aztəminatlı ailələr daha az pul ödəyəcək, çox sərf edənlər, imkanlı ailələr və obyektlər isə daha çox ödəyəcək. Azərbaycanın su resursları məhdud olduğundan bu addım strateji baxımdan təhlükəsizlik üçün faydalıdır. Artan tariflər hesabına su təsərrüfatının idarə olunmasına əlavə maliyyə resursları yaranacaq. Lakin bu prosesin mənfi təsirlərdən də az deyil. Tarif artımları həssas qruplar - pensiyaçılar və aztəminatlı ailələr üçün çətinlik yarada bilər. Əgər limitlər çox aşağı müəyyənləşdirilərsə, ortagəlirli ailələr də əlavə yük daşımalı olacaq. Məktəb, xəstəxana, uşaq bağçası kimi obyektlərdə xərclər yüksələ bilər və bu da dolayı yolla dövlət büdcəsinə əlavə yük gətirə bilər". Ekspert qeyd edib ki, bu modelin uğuru limitlərin necə müəyyən olunmasından asılı olacaq: “Suvarma və istehsalda suya tələbat çox olduğuna görə, tariflər kənd təsərrüfatı məhsullarının qiymətlərini artıra bilər. Bu modelin uğuru limitlərin necə müəyyən olunmasından asılı olacaq. Əgər sosial ədalət prinsipi qorunarsa, yəni minimum tələbat üçün ucuz tarif, artıq sərfiyyata görə isə yüksək tarif tətbiq edilərsə, həm suya qənaət ediləcək, həm də əhali arasında ciddi narazılıq yaranmayacaq”. Geri qayıt |