Əsas Səhifə > Ana xəbər / Güney Press > Putinin İrəvanla bağlı yeni planları var...

Putinin İrəvanla bağlı yeni planları var...


Bu gün, 09:07

Azərbaycan diasporunun görünməmiş həddə sıxışdırılması fonunda prezident Vladimir Putinin bu ölkədəki Rusiya Erməniləri İttifaqının 25 illiyi münasibətilə təbriki diqqət çəkdi.

“Sizin təşkilatınızın səyləri sayəsində zəngin mədəni, təhsil və maarif layihələri həyata keçirilir, gənclər siyasəti və gənc nəslin vətənpərvərlik tərbiyəsi sahəsində mühüm təşəbbüslər gerçəkləşir”, - deyə, Vladimir Putin vurğulayıb. Prezidentin sözlərinə görə, təşkilatın çoxşaxəli fəaliyyəti və dövlət qurumları ilə səmərəli dialoqu onun nüfuzunu əhəmiyyətli dərəcədə artırıb.

Putin həmçinin ittifaqın ardıcıl şəkildə həyata keçirdiyi fəaliyyətin millətlərarası münasibətlərin harmonizasiyasına və erməni diasporunun Rusiya cəmiyyətinə inteqrasiyasına yönəldiyini qeyd edib. Əlavə edib ki, təşkilat eyni zamanda xüsusi hərbi əməliyyatda iştirak edənlərə, veteranlara, onların ailələrinə və yaxınlarına da dəstək göstərir.

“Əminəm ki, bu gün keçirilən təntənəli tədbirlər yüksək səviyyədə baş tutacaq, yeni perspektivli ideya və təşəbbüslərə yol açacaq. Sizə uğurlar arzulayıram”, - deyə Vladimir Putin müraciətində bildirib.

“İlk baxışdan adi bir hadisədir: dövlət başçısı milli-mədəni quruma müraciət edir. Amma təbrik mətnini oxusanız, Kreml rəhbərinin "ideal erməni"ni necə gördüyü aydın olar. Bəli, indi müzakirə edilməsi vacib olan məsələ budur". Bu fikirlər isə Ermənistanın “armenianreport” portalında yer alıb.

Nəşr daha sonra yazır: “Putinin fikrincə, erməni "Rusiya cəmiyyətinə tam inteqrasiya olunmuş, Kremlin siyasətini itaətkarlıqla qəbul edən, Moskvanın maraqlarına xidmət edən və eyni zamanda mədəni tədbirlər və ya “gənclərin təşəbbüsləri” şəklində paylama materiallarına görə minnətdar olan şəxsdir. Rusiya prezidenti “Rusiya Erməniləri İttifaqının Xüsusi Hərbi Əməliyyat iştirakçılarına və veteranlarına verdiyi mühüm dəstəyi” bəyan edib. Putinin Rusiya Erməniləri İttifaqına ünvanladığı təbriki yenidən oxumağa dəyər: o, bizi hansı “düzgün erməni” kimi gördüyünü açıq-aydın göstərir - dilsiz, müti və yad imperiyanın maraqlarına xidmət edən. Millətimiz üçün bu, utancverici bir ssenaridir. Bundan qaçmağın yeganə yolu ləyaqəti, müstəqilliyi və öz taleyimizi həll etmək hüququnu qorumaqdır".

“Past” nəşri də Putinin müraciəti haqda yazır ki, Moskva ermənilərlə bağlı öz məqsədinə çatmaq üçün müxtəlif təzyiqlərdən, o cümlədən iqtisadi rıçaqlardan istifadə edəcək: “Rusiya Federasiyası hələ də Ermənistanın əsas ticarət tərəfdaşı olaraq qalır, ölkənin əsas ixracı, həmçinin idxal və investisiya axınları Rusiya ilə bağlıdır. Bu əlaqə illər ərzində çoxşaxəli xarakter alıb və ona yalnız iqtisadi deyil, həm də geosiyasi, təhlükəsizlik və xarici siyasət amilləri təsir edir ki, bu da Ermənistan üçün həm yeni imkanlar yaradır, həm də ciddi asılılıq riskləri formalaşdırır”.

Təsadüfi deyil ki, yenidən Rusiya Erməniləri İttifaqının sədri seçilən Ara Abramyan mətbuat konfransında Nikol Paşinyan əleyhinə sərt bəyanatlar səsləndirib. O, Paşinyanın 2026-cı ildə respublikada keçiriləcək parlament seçkilərində qələbəsinin Ermənistana yaxşı heç nə gətirməyəcəyini deyib. “Qarşıda seçkilər var. Əgər Paşinyan seçilsə, mən çox qorxuram ki, bundan sonra Ermənistanı yaxşı heç nə gözləməyəcək. O, bir məsələni də həll etməyib. Onun üçün qanun yoxdur. Deyir: "Qanun mənəm". Hər şey aydındır. O, küçədən gəlib və bütün ölkəni küçə qaydaları ilə idarə edir", - Abramyan deyib. Belə görünür ki, Kreml İrəvanda təsir imkanlarını itirdikcə Rusiyadakı ermənilərin ittifaqına dəstəyini artırır. Unutmayaq ki, Kremldən Rusiyada ermənilərin sayının Ermənistandan çox olduğu haqda iddialar səsləndiriblər. Kreml bununla Ermənistan hakimiyyətinə təsir göstərə və erməni diaspor təşkilatının əli ilə Ermənistanda qarışıqlıq yarada, çevriliş edə bilərmi?

Siyasi şərhçi Aydın Quliyev “Yeni Müsavat”a bildirdi ki, Rusiya hakimiyyətinin iki diaspora fərqli münasibəti onun siyasətinin nə qədər qərəzli və ikili xarakter daşıdığının daha bir sübutudur: “Putin hakimiyyətinin Azərbaycan və Ermənistan diasporlarına yanaşması qisasçı siyasətin ifadəsindən başqa bir şey deyil. Biz illərdir Rusiyada Azərbaycan diasporunun təqib olunduğunu, strukturlarının dağıdıldığını, liderlərinin həbs edildiyini görürüksə, Ermənistan diasporuna Rusiyanın prezidenti və digər orqanları səviyyəsində böyük dəstəyin olduğunu görürük. Əlbəttə, bunun böyük kökləri var. Burada heç də Vladimir Putinin erməni sevgisində olduğundan söhbət getmir. Putinin hər hansı xalqa, eləcə də ermənilərə sevgisindən danışmaq mümkünsüzdür. Söhbət ondan gedir ki, Putinin Rusiyadakı erməni diasporunu tamamilə ələ almaqda, gücləndirməkdə marağı var. Erməni diasporunu təşkilatlandırmaq və onu Ermənistanın hazırkı hakimiyyətinə təzyiq alətinə çevirmək Kremlin marağındadır. Yaxşı bilirlər ki, Azərbaycan diasporuna nə qədər təzyiq göstərsələr də onları nə Azərbaycan dövlətinə, nə də Azərbaycan hökumətinə qarşı qoya bilmədilər. Buna görə də diasporu dağıtmaq yolunu tutdular. Rusiyadakı erməni təşkilatları-diasporu isə tamamilə fərqlidir. Onlar həm məşğuliyyət, həm dünyagörüşü, həm də tarixi nöqteyi-nəzərdən Rusiyadan tamamilə asılı olduqlarına görə erməni diasporu bu gün Rusiyanın siyasətində həvəslə alətə çevrilməyə razılıq verib”.

Ekspertin sözlərinə görə, Putin yaxşı başa düşüb ki, Paşinyan hakimiyyəti Qərbə inteqrasiya siyasətini qətiyyətlə seçib və bu yoldan çəkilmək fikrində deyil: “Eyni zamanda Rusiyanın maşası rolunu oynayan siyasətçilər isə Ermənistanda nüfuzlarını itiriblər. Ən sonuncu kart kimi erməni Qriqoryan kilsəsini oyuna daxil etməyə çalışsalar da, bu da nəticə vermədi. Ermənistan cəmiyyəti də Rusiyadan incik düşüb. Belə bir şəraitdə Moskvanın Rusiyadakı erməni diasporuna stavka etməsi həm də Ermənistanla bağlı çarəsiz bir durumun ifadəsidir, Paşinyan hakimiyyətinə təsir göstərmək üçün bu gün Rusiyanın əlində diaspordan başqa kart qalmadığının əlamətidir. Ermənistandakı Rusiya hərbi bazası başqa, amma siyasi alət, siyasi təsir vasitəsi nöqteyi-nəzərindən Rusiyadakı diaspor bu gün Ermənistana yeganə təzyiq vasitəsidir. Rusiya Ermənistanda hakimiyyət dəyişikliyini hədəfləyib. Onun nə zaman həyata keçirilməsi üçün hərəkət ediləcəyi bu gün bəlli olmasa da fakt budur ki, Paşinyan hakimiyyətinə alternativi yaratmaqdadırlar. Ara Abramyan başda olmaqla, Rusiyadakı diasporun timsalında Paşinyana alternativ yaradılır”.


Geri qayıt