Əsas Səhifə > Ana xəbər / Güney Press > Vergi borcu olan şirkət məktəblilər üçün hədiyyə paketi satacaq

Vergi borcu olan şirkət məktəblilər üçün hədiyyə paketi satacaq


Dünən, 18:02

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Dəstək Mərkəzi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com
xəbər verir ki, Sosial Dəstək Mərkəzi tender müsabiqəsinin qalibi olan “GUYS” MMC-dən (VÖEN – 3003248291) içərisinə 1-ci sinif şagirdləri üçün məhsullar qoyulan 160 ədəd hədiyyə paketi alacaq və qarşılığında 18 000 manat ödəyəcək (bir hədiyyə paketi üçün 112,5 manat ödəniləcək).
Qeyd edək ki, hədiyyə paketlərinin 80-i oğlan, 80-i isə qız şagirdlər üçün nəzərdə tutulub. Paketin içərisində geyim, çanta və digər məktəbli ləvazimatları olacaq.
Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 10 manat olan “GUYS” MMC-nin hüquqi ünvanı Şəki rayonu, Cəyirli kəndində yerləşir. 2022-ci ildə dövlət qeydiyyatına alınan MMC-nin qanuni təmsilçisi Quliyev Mübariz Həbib oğludur. “GUYS” MMC-nin qanuni təmsilçisi Quliyev Mübariz Həbib oğlu eyni zamanda “Gəncliyə Dəstək üçün Ümumi Birlik” İctimai Birliyinin (“GUYS” Təşkilatı) sədri olub. “GUYS” təşkilatı daha çox tədbirlə və təlimlərin keçirilməsi ilə məşğul olub. “GUYS” MMC-nin də daha əvvəl qalib gəldiyi tender müsabiqələri təlimlərin keçirilməsi ilə bağlı olub. MMC ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə armudu stəkanlar da satıb.
“GUYS” MMC-nin qanuni təmsilçisi olan Mübariz Quliyev isə özünün sosial şəbəkə hesabında “Bakubus” MMC-də Keyfiyyətin təminatı şöbəsinin müdiri vəzifəsində işlədiyini yazıb.
Onu da bildirək ki, Əmək Müfəttişliyinə hədiyyələr satacaq “GUYS” MMC-nin dövlət büdcəsinə vaxtında ödənilməyən 26 min 681 manat 69 qəpik vergi borcu var.
Onu da xatırladaq ki, “Dövlət satınalmaları haqqında” Qanunun 23-cü maddəsində göstərilir ki, vergilər və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəlikləri olan şirkətlərin tender müsabiqəsində iştirakına yol verilmir.


Geri qayıt