Əsas Səhifə > Ana xəbər / Güney Press > Gürcüstanla quru sərhəd açıla bilər?

Gürcüstanla quru sərhəd açıla bilər?


Bu gün, 14:42

Azərbaycanda koronavirus pandemiyası səbəbi ilə 2020-ci ildə bağlanılan quru sərhədlər hələ də açılmayıb.

Bu gün Gürcüstanda yaşayan azərbaycanlılar Azərbaycanla quru sərhədlərin hələ də bağlı qalmasından çox narazıdırlar. Gürcüstanda həyata keçirilən illik rəy sorğusunun nəticələrinə əsasən, respondentlər bu vəziyyətin xüsusilə ailə və qohumluq əlaqələri olan insanlar üçün ciddi çətinliklər yaratdığını vurğulayıblar.

Sorğunun nəticələrindən məlum olub ki, yeganə çıxış yolunun hava nəqliyyatı olması ailələrin büdcəsinə ciddi təsir göstərir.Belə ki, Tiflisə cəmi 45-50 dəqiqəlik uçuş üçün təyyarə biletlərinin qiyməti 240-350 manat arasında dəyişir. Bahalı biletlər Azərbaycan və Gürcüstan arasında sıx ailə və qohumluq əlaqələri olan şəxsləri çıxılmaz vəziyyətə salır.

Bəs bilet qiymətlərinin bahalaşmasının əsas səbəbi nədir? Həmçinin, yalnız ailə-qohumluq əlaqələri olan şəxslərin müəyyən güzəştlərlə quru
sərhədlərindən keçməsinə şərait yaradılması mümkündürmü?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a danışan Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov bildirib ki, quru sərhədlərin bağlı qalması dövlət səviyyəsində atılan addımdır:

“Bu, təkcə Gürcüstanla bağlı deyil. Hazırda Ermənistanı nəzərə almasaq, Gürcüstandan başqa İran, Türkiyə və Rusiya ilə də quru sərhədlərimiz bağlıdır. Bu qərar bütün qonşu ölkələrə şamil olunur. Təbii ki, bu ölkələr arasında Azərbaycanla Gürcüstan arasında daha sıx qohumluq əlaqələri mövcuddur. İndi Gürcüstanda yaşayan azərbaycanlıların məişət zəminində gündəlik gediş-gəliş ehtiyacları daha çoxdur.

Məsələn, dövlət yalnız Gürcüstana münasibətdə xüsusi yumşalma addımı atsa, bu, digər ölkələrə münasibətdə diskriminasiya kimi qiymətləndirilə bilər. Düşünürəm ki, o insanların narazılığı Azərbaycan dövlətinin daxili məsələsi ilə bağlıdır”.Onun sözlərinə görə, quru sərhədlərdən keçid yalnız xüsusi hallarda mümkündür:

“Hesab edirəm ki, müalicə və həyati əhəmiyyətli hallar, yaxınının itirilməsi, yaxud öz ölkəsinə qayıtmaq zərurəti yarananda quru sərhədlərdən keçid mümkündür. Bunun üçün adətən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın və ya Xarici İşlər Nazirliyinin razılığı tələb olunur. Amma bu, kütləvi şəkildə tətbiq edilmir”.

Ekspert vurğulayıb ki, sərhəd siyasətində yalnız Gürcüstan istiqamətində güzəştlərin tətbiqi digər ölkələrlə münasibətlərdə suallar doğura bilər:

“Bəzi hallarda qohumların xeyir-şər mərasimlərində iştirakı üçün də konkret, real sübutlar təqdim olunduqda onların gediş-gəlişi təmin edilə bilər. Amma bu kütləvi şəkildə olsa, başqa ölkələrlə münasibətlərdə fərqli yanaşma olacaq. Niyə?

Məsələn, əgər yalnız Gürcüstan istiqamətində güzəştlər tətbiq olunarsa, onda sual meydana yaranacaq ki, bu, nə üçün İran, Türkiyə və ya digər qonşulara şamil edilmir? Deyə bilərik ki, Gürcüstanla sərhəd bölgələrdə qohumlar yaşayır.

Amma bu, heç də ona əsas vermir ki, bütövlükdə sərhədlə bağlı siyasətdə bir dövlətə bunu tətbiq edək, digərlərinə etməyək. Bu, artıq dövlətlərarası səviyyədə ciddi suallar doğura bilər”.


Geri qayıt