Əsas Səhifə > Ana xəbər / Güney Press > Direktor təyinatında İKİLİ STANDART...

Direktor təyinatında İKİLİ STANDART...


Bu gün, 07:31

Sosial şəbəkələrdə son günlər maraqlı bir sual müzakirə olunur: direktor vəzifəsinə namizəd kişi olanda onun ailə vəziyyəti niyə araşdırılır, amma qadın olanda bu meyar çox da diqqətə alınmır?

Əslində, bu yanaşma illərlə formalaşmış stereotiplərin nəticəsidir. Cəmiyyətdə belə bir yanlış təsəvvür var ki, guya ailəli kişi daha məsuliyyətli, daha sabit və idarəçiliyə uyğun olur. Amma sual yaranır: bəs ailəsi olmayan, amma yüksək peşəkar keyfiyyətlərə sahib bir insan niyə avtomatik şəkildə kənara atılmalıdır?

Əksinə, qadın namizədlərin ailə həyatı, şəxsi hekayəsi çox zaman diqqətdən kənarda qalır. Bu isə gender bərabərliyinə ziddir və obyektiv seçim prinsipini pozur. Belə çıxır ki, kişilər ailə məsuliyyəti ilə ölçülür, qadınlar isə fərqli “toxunulmazlıq” çərçivəsinə salınır.

Halbuki, rəhbər vəzifəyə təyin olunan şəxsin əsas meyarı ailə vəziyyəti yox, peşəkarlığı, idarəçilik bacarığı, etik davranışı və təcrübəsi olmalıdır. Əgər dövlətin və ya təhsil müəssisəsinin rəhbərliyinə şəxsi həyat yox, peşəkar keyfiyyətlər lazımdırsa, niyə bu qədər fərqli yanaşma var?

Burada məsələ sadəcə gender bərabərliyi deyil, həm də şəffaflıq məsələsidir. Meyarlar hamıya eyni tətbiq olunmadıqca, seçimlərin obyektivliyinə inanmaq çətindir.

Cəmiyyət artıq belə suallara cavab tələb edir. Əgər biz həqiqətən müasir idarəçilik modelindən danışırıqsa, köhnə stereotiplərdən qurtulmaq və peşəkarlığı əsas götürmək vaxtıdır.

Müəllif: Mirkenan Seyidov

Bakunews.az


Geri qayıt