Əsas Səhifə > Ana xəbər / Güney Press > İranın azərbaycanlılara qarşı dəhşətli planı: illər əvvəl başladı

İranın azərbaycanlılara qarşı dəhşətli planı: illər əvvəl başladı


Bu gün, 09:15

İranın Qərbi Azərbaycan vilayətində yerləşən Urmiya gölünün tamamilə quruması regionda narahatlıqlara səbəb olub. Məlumata görə, gölün bərpası üçün 6 milyard dollarlıq böyük ekoloji layihə başladılsa da, quraqlıq səbəbindən gözlənilən nəticə əldə olunmayıb.

Urmiya gölünün quruması region üçün nə vəd edir? Bu, xüsusilə Azərbaycanın ekoloji təhlükəsizliyinə necə təsir göstərə bilər?

Globalinfo.az-a danışan biomüxtəliflik üzrə ekspert, ekoloq Arzu Mustafayev deyib ki, Urmiya gölü əsasən yağıntılar, qrunt suları və kiçik çaylarla qidalanır:

“Manna, Midiya və Atropatena dövlətlərinin dövründə siyasi və mədəni proseslər Urmiya gölü ətrafında cərəyan edib. Bu bölgə ən münbit və məhsuldar ərazilərdən hesab olunur. Göl zəngin ekosistemə malikdir. Adalarında muflon, bezoar keçisi kimi nadir heyvanlar yaşayır. Göl suyunda isə yalnız burada mövcud olan endemik Urmiya artemiyası adlı xərçəngkimilər yaşayır. Keçmişdə hər litrdə minlərlə artemiyaya rast gəlinirdi, lakin gölün quruması nəticəsində onların sayı kəskin azalıb”.

Ekoloq bildirib ki, Urmiyanın quruma prosesi 1980-1990-cı illərdən başlayıb:

“Əvvəllər bu, mövsümi dəyişikliklərlə əlaqəli olsa da, sonradan davamlı hal alıb. Gölün quruma səbəbi, əsasən İran hakimiyyətinin su siyasəti ilə bağlıdır. Məlum idi ki, gölü qidalandıran mənbələrin qarşısı alınarsa, su axını dayanacaq və göl quruyacaq. Bu, qapalı hövzələr üçün xarakterik haldır. Oxşar proses Xəzər dənizində də müşahidə olunub. Gölə gələn sular müxtəlif məqsədlərlə istifadə olundu və iqlim dəyişmələri nəticəsində buxarlanma artdı, nəticədə su axını azaldı, gölün həcmi getdikcə kiçildi. İran isə bunu bilərəkdən etdi. Əvvəlcə çoxlu sayda quyular qazıldı, kəhrizlər və qrunt suları istismar olundu. Sonrakı mərhələdə Urmiyanı qidalandıran çaylar üzərində çoxlu su anbarları tikildi. Burada toplanan su buxarlanma nəticəsində itirildi və gölə əvvəlki həcmdə su çatmadı”.

Ekspert qeyd edib ki, artıq gölün sahəsi daralıb, adalar quru ilə birləşib və milyonlarla ton duz səthdə qalıb:

“Bu duz təkcə natrium xlorid deyil, müxtəlif minerallardan ibarət qarışıqdır. Güclü küləklər vasitəsilə qeyd etdiyim duz Naxçıvan, Ermənistanın cənubu və Azərbaycanın Zəngilan, Cəbrayıl bölgələrinə qədər yayıla bilər. Bu isə torpaqların məhsuldarlığını azaldacaq və əhalinin köçünə səbəb olacaq. Tehran Urmiya gölünün qurumasına bilərəkdən şərait yaradıb. Məqsəd bölgədə yaşayan azərbaycanlıların məcburi köçü, kompakt yaşama mühitinin parçalanması və onların assimilyasiyasıdır. Belə siyasət nəticəsində köçən əhali, əsasən İranın böyük şəhərlərinə yerləşdirilir və onlar farslaşma təhlükəsi ilə üzləşirlər”.


Geri qayıt