Əsas Səhifə > Ana xəbər / Güney Press > “5-10 manat qazanır, verir operatora ki, arxasını çəksin...”
“5-10 manat qazanır, verir operatora ki, arxasını çəksin...”Bu gün, 10:52 |
“Kütlə, xalq tamam fərqli anlayışlardır. Eləcə də alim və seçilmişlər.. Şou-biznesdəkilər isə demək olar ki, müəyyən kütləyə işləyir. Arxasında daydayı var, 5-10 manat da pulu...Həmin məbləği gedir bir operatora verir və onunla toy aparır. O kəs də mütləq bunun arxasını çəkir”. Bu fikirləri “Yeni Sabah”a danışan fəlsəfə doktoru, jurnalist Anar Vəziroğlu bildirib ki, artıq camaat belə hallara öyrəşib: “Hamı elə bilir ki, bütün müğənnilər bunlardan ibarətdir. Xeyr! Məsələ ondadır ki, kiminsə ailəsi ona icazə verirsə, mən kiməm ki, irad bildirəm? Mənim edə biləcəyim sadəcə söz deməkdir. Amma indi çox şey qeybətə çevrilib. Qeybət nədir? Kiminsə geyimi, bədəni, etdiyi estetik əməliyyat barədə danışmaq. Kişilər də indi bunu edir. Bu gün kənd yerlərində də müxtəlif müdaxilələr edilir, sadəcə daha gizli, amma “həyasızcasına”yox. İstəyirlər ki, bədən yaxşı görünsün. Publika da buna baxır, çünki özü həmin səviyyədədir. Televiziyalarda belə bu cür adamlara suallar verilir, onları gündəmdə saxlayırlar. Əslində isə həyasız insanın qarşısında heç kim dura bilmir – çünki həyasızlıq çox vaxt qorxutma gücünə çevrilir. Əvvəllər də belə hallar olub, amma bu dərəcədə yox. İndi sanki insanlar “yarışa” giriblər – kim daha çox açıq-saçıq görünsə, diqqəti cəlb edəcək. Çünki pul oradadır. Pullu insanlar da bu sahəyə yatırım edəndə, başqaları elə bilir ki, həmin adamlar xalqın təmsilçiləridir”. Müsahibimiz bildirib ki, xalqla, millətlə, kütlə ilə bunları qarışdırmaq olmaz: “Ədəbiyyatda da bu hal var – şair ayrı, nasir ayrı, amma bəzən kiminsə yazdığı kiçik yazılar böyük ədəbiyyat kimi təqdim olunur. Halbuki bu, ümumi ədəbiyyat deyil, sadəcə bazar üçün yazılmış mətnlərdir. Eyni hal musiqidə də yaşanır. Bir var sənətkar, bir də var sadəcə oxuyan. İndi çox adam sənətkar yox, sadəcə “müğənni kütləsi”nin bir hissəsidir. Təəssüf ki, insanlar da buna inanır. Boş söz, qalmaqal, görünüş – bunlar kütləni əyləndirmək üçün istifadə olunur. Kiminsə dodağını böyütməsi, kiminsə bədənini dəyişməsi sənət göstəricisi deyil. Bunların hamısı, əslində, bir növ patologiyadır”. Geri qayıt |