Əsas Səhifə > Ana xəbər / Güney Press > Hüseynbala Mirələmov uzun fasilədən sonra DANIŞDI

Hüseynbala Mirələmov uzun fasilədən sonra DANIŞDI


Bu gün, 12:12

"Bakı Uşaq və Gənclər Teatrında "Axirətdən gələn zəng" pyesim səhnələşdirilir. İnşallah noyabr ayında səhnə əsərinin ilkin baxışı olacaq. Mənim xəbərim olmadan teatrın direktoru İntiqam Soltan əsəri pyeslər kitabımdan götürüb seçib. Zəng edib razılığımı aldılar, mən də dedim ki, böyük məmnuniyyətlə hazırlayın. Hələ ki, oxu məşqləri gedir. Bir məşqdə özüm də iştirak etmişəm. Sənətçilərlə tanış oldum. Gördüm ki, hamısı istedadlı, cavan aktyorlardır. İnanıram ki, yaxşı bir tamaşa alınacaq"

Bunu Moderator.az-a açıqlamasında yazıçı-dramaturq Hüseynbala Mirələmov deyib.

O daha sonra əlavə edib:

"Tamaşanın quruluşçu rejissoru, Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu, rejissoru İlhamə Əhmədova, rejissor assistenti Nuranə Rəsulova, quruluşçu rəssamı Sevda Məmmədova, musiqi tərtibatçısı Yusif Rüstəmovdur. Tamaşada rolları əməkdar artist İntiqam Soltan, aktyorlar Mehman Piriyev, Könül Şahbazova, Gülər Ləzgiyeva, Tofiq İsgəndərli, Niyaz Novruzov, Gülər Məhərrəmova, Fatimə Qasımova, İlhamə Əhmədova, Aytən Səfərova, Flora Hüseynova, Sənan Fərzəliyev və başqaları ifa edəcəklər. Bu əsərim o vaxt Akademik Milli Dram Teatrında 5 il oynanıldı. Tamaşanın rejissoru xalq artisti Firudin Məhərrəmov idi. Mən təklif etdim ki, gəlin tamaşanın adını "Vəsiyyət" qoyaq. Razılaşdıq, belə də hazırlandı. Tamaşa böyük anşlaqla qarşılandı. Səmimiyyətdən kənara çıxmıram, amma insanlar 10-12 dəqiqə ayaqüstündə alqışlayırdılar. AZDRAMA-da o dərəcədə gözəl hazırlanmışdı tamaşa. Bundan başqa "Xəcalət" tamaşam da 15 ilə yaxın Akademik Milli Dram Teatrında anşlaqla oynanılıb. Bu tamaşa Moldovada keçirilən Beynəlxalq festivallarda 2 qran-pri, bir də "Qızıl gözlü mələk" mükafatlarını alıb. Lənkəran Dram Teatrında, Gənclər Teatrında, Milli Gənc Tamaşaçılar Teatrında, Qazax və Gəncə teatrlarında pyeslərim oynanılıb. Lənkəran Dövlət Dram Teatrında "Gəlinlik paltarı" pyesim səhnələşdiriləcək. Eşitdiyimə görə Dərbənd teatrında da "Axirətdən gələn zəng" pyesim hazırlanacaq. Ümumiyyətlə Azərbaycan teatrlarının bir çoxunda mənim əsərlərim oynanılır" deyə Hüseynbala Mirələmov bildirib.

Qeyd edək ki, tamaşa yazıçı-dramaturq Hüseynbala Mirələmovun 80 illik yubileyinə həsr olunub.


Geri qayıt