Əsas Səhifə > Ana xəbər / Güney Press > Rusiya -Azərbaycan əlaqələrinin normallaşması gözlənilmir
Rusiya -Azərbaycan əlaqələrinin normallaşması gözlənilmirBu gün, 06:34 |
"Rusiya- Azərbaycan əlaqələrinin normallaşması istiqamətində ilk addım olaraq, rəsmi Kreml AZAL təyyarəsinin vurulması ilə bağlı rəsmi üzr istəməli və təzminat ödəməlidir. Çində prezident İlham Əliyevlə V.Putinin ayaqüstü salamlaşması təsadüfi idi. Bu təsadüfi və ayaqüstü əl sıxışmaqdan böyük nəticələr gözləməyə dəyməz". Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. O vurğulayıb ki, Azərbaycan Rusiya ilə münasibətlərin gərginləşməsində maraqlı deyil, amma Rusiya özü problem yaradır: "Azərbaycan Rusiya ilə münasibətlərin gərginləşməsində maraqlı deyil. Azərbaycanla Rusiya qonşu ölkələrdir və tərəflər arasında bir çox sahələrdə əməkdaşlıq yüksək səviyyədə olub. Amma, Rusiya Azərbaycanın müstəqil siyasət aparmasını qəbul etmir və Cənubi Qafqazda yeni geosiyasi nizamı narahatlıqla qarşılayır. Rusiyanın AZAL təyyarəsinin vurulmasının üstündən keçərək, əvəzində bir neçə rusun həbsdən azad olunmasını tələb etməsi isə, siyasi etika qaydalarına ziddir. Rusiya özü Azərbaycanla fundamental problemlər yaradıb. Bunu aradan qaldırmaq üçün ciddi addımlar atmalıdır. Göründüyü kimi, Rusiyanın anti-Azərbaycan siyasəti öz əleyhinə çevrilib. V. Putin mətbuat konfransında siyasi böhranı etiraf etsə də, konkret addımlar atmır". Politoloqun fikrincə, ümumiyyətlə, Rusiyanın yaxın perspektivdə AZAL təyyarəsi ilə bağlı Azərbaycandan rəsmi üzr istəməsi və təzminat ödəməsi gözlənilmir: "Rusiyanın Ukraynada ağır nəticələrlə üzləşməsi fonunda Azərbaycanla siyasi böhranın aradan qaldırılması üçün addımlar atması mümkündür. Azərbaycan mövqeyini kifayət qədər gücləndirib. Azərbaycan Cənubi Qafqazda geri dönüşü olmayan yeni geosiyasi reallıqlar yaradıb. Azərbaycan Orta Dəhlizin səmərəliliyinin artırılması və nəqliyyat qovşağı kimi Avropa İttifaqının, ABŞ və Çinin dəstəyini alıb. Belə olan təqdirdə Rusiyanın Azərbaycana təzyiqləri heç bir nəticə verməyəcək". Geri qayıt |