Əsas Səhifə > Ana xəbər / Güney Press > Hindistandan Azərbaycana “pas”: Bakı üçün fürsət?

Hindistandan Azərbaycana “pas”: Bakı üçün fürsət?


Bu gün, 10:01

“Hindistan Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) daxil olmasına Bakının Pakistanla yaxın münasibəti səbəbilə əngəl olub”. Bunu Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsinin sədrinin birinci müavini, qatı ermənipərəst və Azərbaycan düşməni Konstantin Zatulin bildirib.

“Bu qərar Azərbaycanın sıx əməkdaşlıq etdiyi Pakistanla Hindistan arasında yaranmış gərginliyin, Bakının İslamabadla hərbi-texniki əməkdaşlığı inkişaf etdirməsinin nəticəsidir. Əvvəldən Bakının ŞƏT-ə üzv olmaq üçün müraciəti keçilməz sayılırdı. Rusiya və Çin təşkilatın üzvlüyünün genişləndirilməsinin tərəfdarıdır, lakin Hindistanın mövqeyi sammitdən əvvəl məlum idi”, - Zatulin deyib. Onun iddiasına görə, Bakı bilirdi ki, Nyu-Dehli Azərbaycanın ŞƏT-ə daxil olmasına əngəl yaradacaq. Amma indi Bakı Qərbə qoşulmaq istəyini təşkilata üzv olmağın mümkünsüzlüyü ilə izah edəcək.

Zatulinin sözlərindən belə çıxır ki, Hindistan Azərbaycanın Qərbə, ABŞ ilə daha da yaxınlaşması üçün əslində ona qiymətli bir “pas” verib. Belədirmi?

Politoloq Oqtay Qasımov “Yeni Müsavat”a bildirdi ki, Zatulinin Azərbaycana qarşı düşmən mövqedə olduğu hər kəsə bəllidir: “Onun bütün siyasi karyerasında, açıqlamalarında bu xətt daim özünü göstərir. Bu şəxsin fikirləri heç zaman obyektiv olmayıb. O ki qaldı onun Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüklə bağlı Azərbaycanın müraciətinin Hindistan tərəfindən bloklanmasından Azərbaycanın Qərbə üz tutması üçün sui-istifadə edəcəyi iddiasına, bu da Zatulinin boş-boş cəfəngiyyatı və fantaziyasıdır. Azərbaycan həm Qərblə, həm də Şərqlə kifayət qədər balanslı, milli maraqlarımıza cavab verən münasibətlər qurub. Azərbaycan həm Çinlə strateji tərəfdaşdır, o cümlədən şərti olaraq Şərq blokunda olan dövlətlərin əksəriyyəti ilə Azərbaycanın çox yaxşı münasibətləri var, ŞƏT üzvü olan dövlətlər arasında hazırda Azərbaycanın yalnız Hindistanla və Rusiya ilə münasibətləri soyuqdur. Amma Azərbaycanın Zatulinin iddia etdiyi kimi, hansısa bir bəhanəyə, pas ötürülməsinə ehtiyacı yoxdur”.

Politoloq vurğuladı ki, Azərbaycan həm Avropa İttifaqı ilə strateji tərəfdaşlıq münasibətlərinə malikdir, yəni enerji sahəsində Avropanın etibarlı enerji təminatçılarından biridir, həm də ABŞ ilə keçən ayın 8-də Vaşinqtonda imzalanmış razılaşmaya görə strateji tərəfdaşlıqla bağlı işçi qrup yaradılıb və strateji tərəfdaşlıq münasibətlərinin rəsmiləşdirilməsi üçün sənədlər hazırlanır: “Şanxay Əməkdaşlıq Təşkilatının hazırda 10 üzvünün əksəriyyəti ilə Azərbaycanın strateji münasibətlər sistemi var. Hazırda bu ölkələrdən yalnız ikisi ilə - Hindistan və Rusiya ilə münasibətlərdə soyuqluq müşahidə olunur. Lakin soyuqluq olması o demək deyil ki, əlaqələr kəsilib. Bir sözlə, Azərbaycanın nəyisə bəhanə edərək hansısa addımlar atmasını iddia etmək gülüncdür. Azərbaycan özünün müstəqil, milli maraqlara söykənən balanslı siyasətini bundan sonra da davam etdirəcək. İkitərəfli münasibətlərin inkişafı üçün səy göstərəcək. Əminəm ki, zamanında Azərbaycan doğrudan da Şanxay Əməkdaşlıq Təşkilatına həqiqi üzv olmaq istəyəndə bunun qarşısını Hindistan və ya başqa bir dövlət ala bilməz”.


Geri qayıt