Əsas Səhifə > Ana xəbər / Güney Press > Regionu gözləyən fəlakət: türk liderdən anons
Regionu gözləyən fəlakət: türk liderdən anonsBu gün, 06:28 |
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Çində keçirilən “ŞƏT Plus” sammitində Xəzər dənizindəki ekoloji vəziyyətlə bağlı fikirləri diqqət çəkib. Belə ki, o, dənizin sürətlə fəlakət həddinə yaxınlaşdığını bildirib və məsələni beynəlxalq əməkdaşlıq çərçivəsində müzakirəyə çıxarmağın vacibliyini vurğulayıb. Tokayev qeyd edib ki, son illərdə Xəzər dənizinin səviyyəsinin enməsi, biomüxtəlifliyin azalması və çirklənmənin artması region ölkələrini narahat edən əsas problemlərdəndir. Xəzərdə vəziyyət həqiqətən də ekoloji fəlakətə gətirib çıxara bilərmi? Ümumiyyətlə, fəlakət dedikdə konkret hansı təhlükələr nəzərdə tutula bilər? Region ölkələri birgə addımlar atmasa, yaxın illərdə Xəzərin ekosistemi hansı nəticələrlə üzləşə bilər? Globalinfo.az-a danışan ekoloq Cəmşid Bəxtiyar deyib ki, Xəzərdə vəziyyət kritik həddə çatıb: “Suyun səviyyəsinin sürətlə düşməsi ciddi siqnaldır. Bu proses davam edərsə, həm su sistemində, həm də dənizkənarı ekosistemdə faciəvi nəticələr qaçılmaz olacaq. Məsələni yalnız Xəzəryanı ölkələrin birgə səyləri ilə həll etmək mümkündür. Çünki burada təkcə təbii amillər deyil, eyni zamanda, antropogen faktorlar, siyasi motivli addımlar rol oynaya bilər. Xəzərin əsas qida mənbəyi Volqa çayıdır və onun Rusiyadan axaraq dənizə tökülməsi bu məsələdə xüsusi əhəmiyyət daşıyır”. Ekoloq qeyd edib ki, Volqa suyunun başqa istiqamətlərə yönləndirilməsi Xəzərin səviyyəsində böhran yarada bilər: “Bu ehtimalı xüsusi monitorinqlər və yoxlamalarla dəqiqləşdirmək mümkündür. Ekoloqların əksəriyyəti də bu motivlərin mövcud olduğunu düşünür. Xəzərin belə sürətlə səviyyə itirməsinin başqa cür izahı yoxdur. Ona görə də Xəzəryanı ölkələrin birlikdə addım atması vacibdir. Hər hansı diaqnostik qərarların qəbul edilməsi və real tədbirlərin görülməsi üçün mütləq əməkdaşlıq lazımdır. Digər tərəfdən, Xəzərə birbaşa axan çay sularının əvvəlkindən daha az olması da vəziyyəti ağırlaşdırır. Bu azalma təsadüfi deyil və səbəbləri araşdırılmalıdır. Əgər imkan yaranarsa, prosesin qarşısını almağa çalışmaq mühüm əhəmiyyət kəsb edir”. Qeyd edək ki, 5 ölkə – Rusiya, Qazaxıstan, Türkmənistan, İran, Azərbaycan Xəzər dənizinin sahil xəttini paylaşır. Geri qayıt |