Əsas Səhifə > Ana xəbər / Güney Press > Ermənistan müxalifətində parçalanma: 2026-cı il seçkiləri taleyüklü olacaq
Ermənistan müxalifətində parçalanma: 2026-cı il seçkiləri taleyüklü olacaqDünən, 15:10 |
“Daşnaksütyun” Partiyası (terror təşkilatı - red.) ilə Ermənistanın sabiq prezidenti Robert Köçəryanın bloku arasında gərginlik yaşanır.
Bu bardə “İravunk” qəzeti məlumat yayıb.
Nəşr yazıb ki, “Daşnaksütyun”un parlamentdə təmsil olunmayan təmsilçiləri 2026-cı il parlament seçkilərində ayrıca siyahı ilə iştirak imkanlarını aktiv şəkildə müzakirə edir:
“Mənbələrimiz deyirlər ki, partiya “Ermənistan” fraksiyasının deputatı Levon Köçəryanın onların blokunun Robert Köçəryanın rəhbərliyi ilə qarşıdan gələn seçkilərdə iştirak etmək niyyətində olması ilə bağlı son bəyanatını bəyənməyib.
“Daşnaklar” iddia edirlər ki, onlar bəzi dairələrdə müstəqil şəkildə seçkilərə qatılmaqla nəinki öz nüfuzlarını xilas edə, hətta Köçəryan ailəsinin adı ətrafında yaranmış blokla birləşməkdən yayınaraq daha çox səs toplaya biləcəklərinə əmindirlər”.
Xatırladaq ki, ‘Daşnaksütyun’ partiyası Ermənistan siyasətində uzun illərdir ənənəvi müxalif mövqeyi ilə tanınır və müxtəlif dövrlərdə həm Koçaryan, həm də Sarkisyan hakimiyyətləri ilə əməkdaşlıq etsə də, son illərdə müstəqil siyasi kurs götürməyə çalışır.
Politoloq Asif NərimanlıSherg.az-a bildirib ki, "Daşnaklarla" Robert Koçaryan arasındakı konflikt əslində Ermənistan müxalifətindəki qarşıdurmanın əsas elementlərindən biri kimi dəyərləndirilə bilər:
"Bu qarşıdurmanın əsas tərəfləri Robert Koçaryan və Serj Sarkisyandır. Serj Sarkisyanın hakimiyyəti təhvil verməsindən, yəni 2018-ci ildən sonra Koçaryan və Sarkisyan arasında, eləcə də onların təmsil olunduqları Respublika Partiyası ilə ÖQC (Ermənistanın Quruluşu Cərəyanı) Partiyası arasında müəyyən soyuqluq daim müşahidə edilib. Lakin 2020-ci ildəki II Qarabağ müharibəsindən sonra müxalifətin ümumilikdə Paşinyan hakimiyyətinə qarşı birləşdirilməsi ilə bağlı ideyalar və cəhdlər meydana çıxdı. Bu prosesdə Rusiya da aktiv rol oynayırdı. Həmçinin Qərbdəki erməni diasporu və lobbiləri də müxalifətin birləşməsinə maraq göstərirdilər. Ancaq Koçaryanla Sarkisyan arasındakı şəxsi münasibətlərin pisləşməsi, məsələlərə yanaşmadakı fərqliliklər və Paşinyan hakimiyyətinə qarşı atılacaq addımlarda ortaq mövqenin formalaşmaması nəticədə müxalifətin tam birləşməsinə mane oldu. Əslində "daşnaklar" bu prosesdə həmişə birləşdirici rol oynamağa çalışıblar. Onlar Koçaryanla Sarkisyan arasında müəyyən birlik əldə etməyə və ümumilikdə müxalifətin birləşməsinə səy göstəriblər. Baxmayaraq ki, daşnakların elektoratı və siyasi gücü zəifdir, onların ideoloji kökləri və dünya erməniliyi üzərində təsir imkanları bu cür proseslərdə fəal iştirak etmələrinə şərait yaradır".
Analitikin fikrincə, "Daşnakların" Koçaryanla münasibətlərinin pozulmasının əsas səbəbi də məhz Sarkisyan-Koçaryan qarşıdurmasıdır:
"Daşnaklar konkret bir tərəfi dəstəkləməsələr də, ideoloji baxımdan hakimiyyətə qarşı mübarizədə mövqelər fərqli olub. Sonuncu əsas fikir ayrılığı isə Paşinyana qarşı mübarizə metodları ilə bağlıdır. Bu da Koçaryanla Sarkisyan arasında problemlərin əsasını təşkil edir. Yəni, müxalifətin hədəfi eyni olsa da, istifadə edilən üsullar barədə daim ixtilaflar ortaya çıxıb. Bu məsələdə daşnakların mövqeyi daha çox Sarkisyanla üst-üstə düşür. Onlar həm küçə etirazlarını dəstəkləyirlər, həm də parlamentdə müxalifətin boykot yolu ilə çıxış etməsini tərəfdar tuturlar.
Gözlənilir ki, bu qarşıdurma yaxın dövrdə, xüsusən də 2026-cı il seçkilərində daha da kəskinləşəcək. Çünki Ermənistan müxalifətindəki fikir ayrılıqları hələ tam həll olunmayıb. Burada ən önəmli məqamlardan biri də Ermənistan müxalifətinə təsir edən Rusiya və Qərb ölkələri arasındakı ziddiyyətlərdir. Belə ki, müxalifətə təkcə Rusiya deyil, həm də Avropa və Amerikadakı erməni diasporu dəstək verir. Onların hakimiyyətə qarşı mövqeləri oxşar olsa da, Ermənistanın gələcəyi ilə bağlı baxışları fərqlənir. Bu isə müxalifət daxilində parçalanmanı daha da gücləndirir".
Asif Nərimanlı əlavə edib ki, 2026-cı il seçkiləri kifayət qədər gərgin və qızğın keçəcək:
"Müxalifət və Ermənistanda marağı olan xarici qüvvələr bu seçkiləri hakimiyyətin dəyişməsi üçün əsas şans hesab edirlər. Proseslər bir neçə istiqamətdə inkişaf edə bilər: Müxalifətin tamamilə birləşərək seçkilərə vahid formada getməsi və ya parçalanmış şəkildə iştirak etməsi. Ancaq tam birləşmənin baş verəcəyi ehtimalı az görünür. Daşnakların Koçaryan blokundan ayrılaraq sərbəst şəkildə seçkilərə getməsi ehtimalı zəifdir. Çünki təkbaşına seçkidə iştirak edəcəkləri halda parlamentdən kənarda qalmaq riski böyükdür. Bu səbəbdən onlar ya Koçaryanla, ya da Sarkisyanla birlikdə çıxış etməyə üstünlük verəcəklər. Son vaxtlar ideoloji fərqlərə baxmayaraq, Sarkisyanla "daşnaklar" arasında müəyyən yaxınlaşmalar müşahidə olunur. Nəticə etibarilə, 2026-cı il seçkiləri Ermənistanda taleyüklü olacaq".
Geri qayıt |