Əsas Səhifə > Ana xəbər / Güney Press > Ermənistan ordudan imtina edir?

Ermənistan ordudan imtina edir?


Dünən, 12:15

Ermənistan hakimiyyəti 2026-cı ildə müdafiə xərclərini azaltmağı planlaşdırır. Respublikada bəzi siyasi qüvvələrin Ermənistandan çıxarılmasını təklif etdiyi Gümrüdəki 102-ci Rusiya hərbi bazasının taleyi ilə bağlı da yenidən qızğın söhbətlər gedir. İrəvan hesab edir ki, Azərbaycanla sülh müqaviləsinin paraflanması ölkənin təhlükəsizliyi üçün riskləri azaldır.

Reyting.az xəbər verir ki, bu barədə “Nezavisimaya qazeta” yazıb.

Rusiya nəşrinin təhlilində qeyd olunur:

Ermənistanın baş naziri Nikol Paşinyanın sözlərinə görə, onun hökuməti gələn il hərbi büdcəni artırmaq niyyətində deyil.

"Ola bilsin ki, 2026-cı ilin büdcəsində xərclərin əhəmiyyətli dərəcədə artması və ya ümumiyyətlə, müdafiə xərcləri müşahidə edilməyəcək. Məncə, bu, məntiqlidir, ən azından hazırda qiymətləndirməmiz belədir", - Paşinyan bildirib.

Paşinyan vurğulayıb ki, İrəvan Azərbaycanla sərhəddə vəziyyəti təhlil etməkdə davam edir.

Eyni zamanda, Ermənistanın Maliyyə naziri Vahe Ovannisyan daha əvvəl bildirmişdi ki, gələn ilin büdcəsi müdafiə xərclərinin azaldılmasına əsaslanır. Amma onun sözlərindən tam olaraq nəyin müzakirə olunduğu anlaşılan deyildi: mütləq məbləğlərin azaldılması, yoxsa yalnız maliyyələşmənin hazırkı səviyyəsini saxlamaqla büdcə strukturunda payın azaldılması?

2025-ci ildə Ermənistan ÜDM-nin 6,1 faizini (1,7 milyard dollardan çox) müdafiəyə xərcləmək qərarına gəlib. Bu, 2024-cü illə müqayisədə 20 faiz, 2020-2021-ci illərlə müqayisədə isə iki dəfədən çox çoxdur. Eyni zamanda, hökumət ordunun yenidən silahlandığını elan edib. İrəvan hava hücumundan müdafiə sistemləri, artilleriya, pilotsuz uçuş aparatları (PUA), rabitə vasitələri və şəxsi avadanlıq almağı planlaşdırır. Buna paralel olaraq Ermənistan Rusiyanın Gümrüdəki hərbi bazasına eyham vurur. Bu şəhərdə birdən-birə iki mitinq keçirildi: biri rus qoşunlarının respublikada olmasına dəstək, digəri isə əleyhinə.

Rəqiblər 2021-ci ildə keçirilən parlament seçkilərində 1,5 faiz səs toplayan avropayönlü “Respublika Naminə” partiyasının üzvləri olub. Xüsusən də Ukraynanı dəstəkləyiblər. Hərbi bazanın saxlanmasının tərəfdarları Rusiya ilə əməkdaşlığın tərəfdarı olan və Türkiyə ilə münasibətlərin qurulmasının əleyhinə çıxan “Ana Ermənistan” hərəkatının üzvləri idi. Lakin şahidlərin sözlərinə görə, hər iki aksiyada ümumilikdə 300 nəfər belə toplaşmayıb.

Maraqlıdır ki, İrəvanın pasifist bəyanatları fonunda Azərbaycan prezidenti İlham Əliyev əksinə, Bakının hər zaman müharibəyə hazır olmasının lazım olduğunu vurğulayır: "Biz hər an müharibəyə hazır olmalıyıq, çünki dünyada proseslərin gedişatı elədir ki, sabah nə olacağını proqnozlaşdırmaq mümkün deyil. Biz öz təhlükəsizliyimizin qarantıyıq".

Onun sözlərinə görə, 2020-ci ilin payızında İikinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Azərbaycan xüsusi təyinatlı qüvvələrini “minlərlə döyüşçü” ilə artırıb. Ölkəyə müasir PUA-lar və yeni artilleriya sistemləri də gətirilib, yeni döyüş təyyarələrinin alınması üçün müqavilələr imzalanıb, mövcud təyyarələr tamamilə modernləşdirilib.

Strateji Araşdırmalar və Təşəbbüslər üzrə Analitik Mərkəzin (AXSSII) rəhbəri Ayk Xalatyan hesab edir ki, Ermənistan hökumətinin mövqeyi və İlham Əliyevin sözləri onların Vaşinqtonda Bakı ilə İrəvan arasında sülh sazişinin paraflanmasına fərqli münasibətini təsdiqləyir.

"Ermənistan hakimiyyəti öz həmvətənlərini inandırmağa çalışır ki, sazişin paraflanması müharibə riskini minimuma endirib, beləliklə, onlar hərbi xərclərə qənaət etməyə başlaya bilərlər. Bakı, əksinə, danışıqlar prosesində güc təzyiqi ehtimalını hər zaman vacib sayır",- Xalatyan NG-yə deyib.

Yeri gəlmişkən, iqtisadi vəziyyət baxımından müdafiə xərclərinin azaldılmasına haqq qazandırmaq olar. Ermənistanda iqtisadi böhran yaxınlaşır. Dövlət borcu ÜDM-nin 50 faizini ötüb, büdcə kəsiri 5 faizdir.

“Fitch” beynəlxalq reytinq agentliyi qeyd edir ki, büdcənin gəlir bazasını artırmadan xərclərin artımını saxlamaq ölkənin maliyyə sabitliyinin zəifləməsinə gətirib çıxaracaq. Eyni zamanda, İrəvan sosial proqramların saxlanmasına və infrastruktur layihələrinin inkişafına sərmayə qoymalıdır.

Necə olursa-olsun, Paşinyan hökumətinin başlatdığı bütün müdafiə islahatları hələ başlanğıc mərhələsindədir. İkinci Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra İrəvan belə qənaətə gəlib ki, daha çox silah almağa, ordunun komandanlıq strukturunu dəyişməyə, qoşunların hazırlanması üsullarını dəyişməyə ehtiyac var. Müdafiə xərcləri kəsilərsə, islahatlar tamamlanmaya bilər.


Geri qayıt