Əsas Səhifə > Ana xəbər / Güney Press > Bakının “düşməni” dayandı, gizli “qəhrəman” ortaya çıxdı
Bakının “düşməni” dayandı, gizli “qəhrəman” ortaya çıxdıBu gün, 06:22 |
Son vaxtlar Fransanın Azərbaycana qarşı ənənəvi düşmən ritorikasının səngiməsi müşahidə edilir. Daim rəsmi Bakıya qarşı əsassız ittihamlar səsləndirən Paris hədyanları böyük ölçüdə dayandırıb. Fransadan ölkəmizə qarşı sərt çıxışların azalması, Azərbaycanı hədəf alan çağırışların edilməməsi diqqət çəkir. Beləliklə, iki ölkə arasında buzlar əriyib? Münasibətlər bundan sonra hansı formada davam edəcək? Globalinfo.az-a danışan analitik Aqşin Kərimov bildirib ki, Fransa Azərbaycanın Cənubi Qafqazdakı çəkindirmə qabiliyyətinin əhəmiyyətini bir neçə faktla müşahidə etdi: “Həmin faktları ümumi iki yanaşma ilə təqdim etmək olar: Birincisi, Azərbaycan ABŞ Prezidenti Donald Trampın səlahiyyəti müddətində beynəlxalq nizamı gözləyən proseslərə cavab olaraq geosiyasi gücünü yenilədi. İkincisi, Azərbaycan 12 günlük İsrail-İran müharibəsinin yaratdığı geosiyasi yerdəyişmələrin müşayiətində xarici siyasət strategiyasını daha təkmil şəkildə strukturlaşdırdı. İsrailin Azərbaycanla Fransa arasındakı münasibətlərdə tənzimləyici mexanizmlərlə çıxış etməsi də qeyd olunan proseslərdən kənarda deyil. Ehtimal var ki, Təl-Əviv Parislə Bakı arasında yeni münasibətləri müəyyənləşdirmək, həmçinin bunun regional yerini nümayiş etdirmək üçün vasitəçi rolunu oynayıb. Lakin buradan üç sual ortaya çıxır: 1.İranla müharibədən əvvəl İsrailin bu səyləri onun Avropa və Qafqazdakı təsirlərində hansı strateji kodları açmağa hesablanmışdı? 2.Bu məsələdə Fransadakı yəhudi lobbilərinin təsiri hansı səviyyədə idi? 3.Türkiyə bu gedişatda hansı mövqedə dayanır? Qeyd olunan suallara orijinal fikirlərlə real yanaşmalar tapmaq, pərdəarxası məqamları üzə çıxarmaq üçün insayder məlumatlarının olması şərtdir”. Analitik qeyd edib ki, Fransa Prezidenti Emmanuel Makron Rusiya–Azərbaycan münasibətlərinin gərginləşdiyi vaxt rusiyalı həmkarı Vladimir Putinə zəng edib: “Ehtimalla, cənab Makron müzakirələr zamanı Bakı–Moskva gərginliyindən istifadə edərək regionda Fransanı “prosesin qalibi” kimi təqdim etməyə çalışıb. Hərçənd bu dəfə Makron Bakının strateji maraqlarını və reallıq yaratmaq imkanlarını da nəzərə alıb. Yekunda isə Fransa səssiz qalır, Azərbaycan–Ermənistan münasibətlərində Vaşinqtonda əldə edilmiş razılıqlara qarşı addım atmaq əlamətləri göstərmir. Bu isə onu deməyə əsas verir ki, iki ölkə arasında “arxa kanal” diplomatiyası, kəşfiyyat elitası səviyyəsində intensiv danışıqlar gedir. Bundan başqa, Fransa Vaşinqtonda razılaşdırılmış Zəngəzur dəhlizinə (“Tramp marşrutu”) qoşulmaq və iqtisadi iştirakçı olmaq imkanlarını axtarır. Son olaraq isə Azərbaycan və Fransa liderlərin danışıqları üçün uyğun vaxt və məkan müəyyənləşdirmək istiqamətində səylərini birləşdirib”. Geri qayıt |