
Avqustun 22-də Qars-İğdır-Aralık-Dilucu dəmiryolu xəttinin təməlqoyma mərasimi Zəngəzur dəhlizinin açılması istiqamətində mühüm irəliləyiş oldu. Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu da deyib ki, Zəngəzur dəhlizinin fəaliyyətə başlaması ilə Pekindən Londona qədər davam edən şərq-qərb xətti daha məhsuldar şəkildə fəaliyyət göstərəcək. Uraloğlu sözügedən xəttin Türkiyənin logistika qabiliyyətini artıracağını və Asiyaya gedən ticarət marşrutlarında geostrateji əhəmiyyətini çoxaldacağını bildirib. “Qars-İğdır-Aralık-Dilucu dəmiryolu xətti 224 kilometr uzunluğunda, qoşa xətli, elektrifikasiyalı olacaq və siqnalizasiya ilə təchiz ediləcək. Bu xətt ildə 5.5 milyon sərnişin və 15 milyon ton yük daşıma qabiliyyətinə sahib olacaq”- nazir qeyd edib. O əlavə edib ki, layihədə 24 tunel, 10 körpü, 171 keçid və s. yer alacaq. Avqustun 8-də Ağ Evdə imzalanan Birgə Bəyannamə ilə Zəngəzur dəhlizi ABŞ şirkəti tərəfindən idarə olunacaq. “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) bağlantı layihəsi adlandırılan dəhliz vasitəsilə Azərbaycan həm Naxçıvana birbaşa gediş-gəliş əldə edəcək, həm də beynəlxalq yüklər daha qısa məsafə ilə daşınacaq.
Zəngəzur dəhlizi region üçün strateji əhəmiyyətə malik mühüm infrastruktur layihəsidir. Tikinti və bərpa prosesi layihədə nəzərdə tutulan texniki tələblərdən və gələcək istifadəyə dair planlardan asılı olaraq formalaşır. Bu dəhliz, həmçinin enerji, rabitə və logistika sahələrini birləşdirən kompleks sistem kimi nəzərdə tutulur. Elə bu məqamda Zəngəzur dəhlizinin tikintisinin nə qədər müddətə yekunlaşacağına dair sual yaranır. Nəqliyyat ekspertlərinə görə, əgər ciddi texniki maneələr ortaya çıxmasa, dəhlizin əsas hissəsini təxminən 6 ay müddətində bərpa etmək mümkündür. Artıq Türkiyə də praktiki addım atmış oldu. Qalır Ermənistanın üzərinə düşən öhdəlikləri yerinə yetirməsi.
Dəhlizin qısa zamanda işə düşməsi real görünürmü? Rusiya və İran reallıqla barışdılarmı? Politoloq Oqtay Qasımov “Yeni Müsavat”a bildirdi ki, avqustun 22-də Qars-İğdır-Aralık-Dilucu dəmiryolu xəttinin təməlinin qoyulması böyük bir hadisədir: “Bu layihənin gerçəkləşməsi ilə bağlı hələ illərdə Azərbaycan və Türkiyə prezidentlərinin görüşləri zamanı razılıq əldə olunmuşdu. Bu yol Zəngəzur dəhlizinin bir hissəsidir deyə bilərik. Yəni bu dəmiryolunun çəkilməsi Zəngəzur açıldıqdan sonar birbaşa Çinlə Avropaya gedəcək xəttin üzərində olan güzərgahı əks etdirir. Bu, kifayət strateji əhəmiyyətə malik olan bir dəmiryolu xəttidir. Sözügedən dəmiryolunun işə düşməsi Çini Avropaya bağlayacaq əsas xətlərdən biri olacaq. Bu xəttin inşası təxminən iki il nəzərdə tutulur. Düşünürəm ki, Türkiyənin potensialı nəzərdə tutulan müddət ərzində bu layihənin başa çatıdırlmasına imkan verir və Orta dəhlizin əsas güzərgahlarından birinə çevrilsin”.
Politoloq dedi ki, bu dəmiryolu xəttinin çəkilməsi ilə Rusiya və İran barışmağa məcburdur: “Hazırda yaranmış vəziyyət və gedən proseslər həm Rusiyanı, həm də İranı reallıqlarla barışmağa məcbur edir. Nəzərə alsaq ki, bu, dəmiryolu xətti Türkiyə ərazisində inşa edilir və gələcəkdə ondan həm Zəngəzur dəhlizindən, eyni zamanda İrandan keçəcək Araz vadisi dəhlizindən də gələcək yüklərin qəbul edilməsi üçün istifadə olunacaq bu baxımdan İranın və ya Rusiyanın Türkiyə daxilində həyata keçirilən layihələrlə bağlı nə iradı ola, nə də bunu əngəlləmək üçün imkanları ola bilər.
O ki qaldı Zəngəzur dəhlizinin açılması ilə İran və Rusiyanın barışıb-barışmamasına, son beş ildə Zəngəzur dəhlizinin açılmamasının iki səbəbkarı İran və Rusiyadır. Lakin artıq Rusiya və İran prosesə əvvəlki təsir imkanlarından kənarda qalıblar. İmkanları ciddi şəkildə zəiflədilib. Onlar hansısas avantürist addıma gedərlərsə o zaman Azərbaycan və Ermənistanal deyil, birbaşa ABŞ-la üz-üzə qalacaqlar ki, bunun da nə demək olduğu onlar üçün kifayət qədər aydındır. Hələ nəzərə alsaq ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı Trampın da imzası var o zaman İranın və ya Rusiyanın ABŞ prezidentinin iradəsinə qarşı getdiyi halda hansı risklərin yaranacağını təxmin etmək mümkündür. O baxımdan Rusiya və İran realist olmalı və bölgədəki proseslərdə aktiv şəkildə konstruktiv iştirak edərək faydalanmağa çalışmalıdırlar".
Geri qayıt
|