Əsas Səhifə > Ana xəbər / Güney Press > İlham Əliyev Kəlbəcərdə Rusiyaya hansı mesajları verdi?

İlham Əliyev Kəlbəcərdə Rusiyaya hansı mesajları verdi?


Bu gün, 08:37

Rusiyanın dövlət adamları və təbliğatçıları son zamanlar tez-tez Azərbaycanı təhdid edən açıqlamalar verirlər. Bu da təbii olaraq, Azərbaycan ictimaiyyətində əndişələrə yol açır. Əksər vətəndaşlarımızı bir sual maraqlandırır: Əcəba, Ukrayna savaşı bitərsə, Rusiya bizə hücum edərmi? Və bu baş verərsə, ölkəmizin rus təcavüzünə cavabı necə olacaq?

Elə bilirəm, bu çətin sualın ən yaxşı cavabını ölkə başçısı İlham Əliyev dünən Kəlbəcər sakinləri ilə görüşündə səsləndirib. O deyib:

“Biz hər an müharibəyə hazır olmalıyıq. Çünki dünyada proseslər elə istiqamətdə gedir ki, bilmək olmaz, sabah nə olacaq. Bizim təhlükəsizliyimizin qarantı biz özümüzük - dövlət, xalq və Silahlı Qüvvələrimiz”.

Düşünə bilərsiniz ki, Prezidentin bu sözləri Kremlə yox, İrəvana ünvanlanıb. Amma İlham Əliyevin məlum çıxışında elə məqamlar var idi ki, bunu yalnız Kremlə ünvanlanmış mesaj kimi alqılamaq olar. Məsələn, o, hazırkı dövrümüzdə bizi gözləyən təhlükə mənbələlərinin adını sıralayarkən Xəzər dənizinin də adını çəkdi:

“Biz mümkün olan təhlükə mənbələrini izləyirik, görürük və görəcəyik. Biz hərbi gücümüzü artırırıq. İkinci Qarabağ müharibəsindən sonra həm Xəzər dənizindəki, həm də bütün digər silahlı qüvvələrimizin inkişafı ilə əlaqədar minlərlə, - sayını demək istəmirəm, amma böyük sayda, - xüsusi təyinatlı qüvvələrimizin say tərkibini artırmışıq, yeni komando qüvvələri yaradılıb”.

Sözsüz ki, Ermənistanın Xəzərlə sərhədi yoxdur və bu mesaj ona ünvanlana bilməzdi. Eyni zamanda bu mesajın Xəzər sahilində yerləşən qardaş ölkələrimiz Qazaxıstan və Türkmənistana göndərilməsi də mümkün deyildi. İnsafən, vaxtilə “şir quyruqlu” təhdidlərlə qabağımızda hoppanıb düşən İranın da bizə Xəzərdən hücum etməsi ehtimal xaricindədir. Elədirsə, geriyə kim qalır? – Əlbəttə, gic toğlu kimi ona-buna kəllə atmağı kişilik hünəri hesab edən Rusiya.

Prezidentin çıxışında Rusiyanın əlamətlərini ehtiva edən digər açıq eyhamlar da vardı. Məsələn: “Çünki biz öz torpağımızda müharibə aparmışıq. Bəzi başqa ölkələr kimi heç bir ölkənin torpağını zəbt etməmişik, etnik təmizləmə aparmamışıq, heç bir ölkənin şəhər və kəndlərini viran qoymamışıq”.

Düzdür, burada ermənilərin 30 il əvvəl Azərbaycanın ərazilərini işğal səyləri də nəzərdə tutula bilər. Amma bu gün başqalarının torpağını işğal etmək uğrunda savaşan başqa bir dövlət də mövcuddur. Kim? Təbii ki, Rusiya. Sanıram, Prezident öz mesajında təkcə keçmiş xatirələrini yada salmırdı. Müasir dövrümüzün reallıqlarına də toxunurdu.

Onun Ermənistanı pulsuz silahla təchiz edən dövlətlər deyərkən də Rusiyanı nəzərdə tutduğuna ümumiyyətlə, şübhə yoxdur:

“Bəzi ölkələr onlara milyardlarla dollar dəyərində pulsuz silahlar verirdi. İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı nəticəsində məhv etdiyimiz və hərbi qənimət kimi götürdüyümüz Ermənistan ordusuna xaricdən verilən silahların qiyməti təqribən 5-6 milyard dollar dəyərindədir. Təbii ki, Ermənistanın bu qədər silah almaq üçün pulu yox idi. Bütün bu silahlar onlara pulsuz verilirdi, bir məqsədlə ki, işğal davam etsin, bir məqsədlə ki, azərbaycanlılar heç vaxt öz dədə-baba torpaqlarına qayıtmasınlar, bir məqsədlə ki, Ermənistanla Azərbaycan arasında bu münaqişə sülh yolu ilə həll olunmasın”.

II Qarabağ savaşından sonra Azərbaycanın keçirdiyi “Fərrux”, “Qırxqız”, “Sarıbaba” əməliyyatlarını xatırlayanlar yaxşı bilir ki, müharibədən dərhal sonra Qarabağı işğal etmiş rus sülhməramlıları 8 noyabr bəyannaməsində nəzərdə tutulmadığı halda bu yüksəklikləri ələ keçirmiş və Ordumuzun erməni terrorçularına qarşı mübarizəni əngəlləməyə çalışırdı. Adı çəkilən əməliyyatlar da məhz rus təxribatının qarşısını almaq məqsədi daşıyırdı. İlham Əliyev Kəlbəcərdəki çıxışında da o günləri xatırlayır, amma çox dərinə getmək istəmirdi:

“O tarixi siz yaxşı xatırlayırsınız, həm dırnaqarası Laçın dəhlizini yox etmək və bunu Laçın-Xankəndi yoluna çevirmək, həm Ermənistan-Azərbaycan sərhədində Laçın istiqamətində nəzarət-buraxılış məntəqəsinin yaradılması, eyni zamanda, 2020-ci ilin noyabrından 2023-cü ilin sentyabrına qədər önəmli strateji nöqtələrin götürülməsi, “Fərrux”, “Qırxqız”, “Sarıbaba” əməliyyatları - bütün bunlar şanlı tariximizdir və bütün bunlar məqsədyönlü siyasətimizin bir hissəsi idi. Təbii ki, o vaxt biz bir çox şeyləri dilə gətirmirdik, buna ehtiyac da yox idi”.

Bütün bunları nəzərə alaraq söyləyə bilərik ki, Prezidentin Kəlbəcərdəki mesajları təkcə Ermənistana ünvanlanmamışdı. Bəlkə də ermənilərdən daha çox ruslara “ağıllı olun” məsləhəti verilirdi. Əks təqdirdə, Azərbaycan ordusunun istənilən təcavüzə layiqli cavab verəcəyi və buna gücümüzün çatacağı vurğulanırdı. İlham Əliyev Ordumuzun bu gücünü 3 amillə əsaslandırırdı: - Ordumuzun real imkanları, haqlı mövqeyimiz və kifayət qədər güclü tərəfdaşlarımızın olması:

“Bizim kifayət qədər güclü tərəfdaşlarımız var və beynəlxalq təşkilatlar çərçivəsində mövqeyimiz hər zaman ədalətli mövqe kimi qəbul olunub”.

Məhz bu səbəbdən də Azərbaycan Ordusunun istənilən döyüşlərə hazır olduğunu vurğulayan ölkə başçısı bu döyüşlərdən də qalib çıxacağımıza inanır:

“…əgər kiminsə (yəqin ki, həm də Putin nəzərdə tutulur - H.O.) xəstə ağlına Azərbaycana qarşı hər hansı bir təxribat törətmək gələrsə, məncə, yenə də peşman olacaq. Biz isə bundan sonra da müzəffər xalq və müzəffər, qalib dövlət kimi yaşayacağıq”.

Heydər OĞUZ - "DİA-AZ"


Geri qayıt