Əsas Səhifə > Ana xəbər / Güney Press > Rusiyanın ölkəmizə qarşı daha bir absurd addımı

Rusiyanın ölkəmizə qarşı daha bir absurd addımı


Bu gün, 08:26

“Dəyirman” qrupunun yaradıcısı, prodüser Emin Əfəndi Rusiyaya buraxılmayıb.

Olay.az xəbər verir ki, o, Rusiyada yaşayan Azərbaycan əsilli milyarder Qod Nisanovun oğlunun toyuna dəvət alanlardan biri olan xalq artisti Miri Yusiflə birlikdə Rusiyaya gedərkən bu ölkənin sərhədçiləri tərəfindən Azərbaycana geri qaytarılıb.

Sərhəd xidmətində ona “Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyin üçün səni Rusiyaya buraxmırıq” deyiblər.

Qeyd edək ki, müxtəlif illərdə jurnalist və aparıcılıq fəaliyyəti ilə məşğul olan Emin Əfəndi son illər Telegram kanalında aktivlik göstərir, siyasi, mədəni və digər sahələrlə bağlı şərhlərlə çıxış edir. Eminin Rusiyaya buraxılmamasının səbəbi öz Telegram kanalında Rusiya ilə bağlı yazdığı ifadələr olub.

“Ən maraqlısı budur ki, Azərbaycanda Rusiyanın özündə olduğundan daha çox ruslara hörmət var. Bax, biz bunu qoruyuruq və qorumağa davam edəcəyik. Çünki bizdə "hörmət" təkcə sözlə deyil, əməllə ölçülür", - deyə Emin 22 iyulda “Emin Efendi” adlı Telegram kanalında yazıb.

Həmçinin o, 29 iyulda “Dream Fest”lə bağlı paylaşım edərək rus ulduzların tədbirdə iştirak etməməsi haqda bu fikirlərə yer verib: “Builki "Jara", yəni “Dream Fest”, rusiyalı ulduzlardan və rus şou-biznesindən azad oldu. Məncə, məhz buna görə əvvəlkilərdən daha canlı, daha maraqlı, daha özümüzə məxsus keçdi...

... Biz bir daha sübut etdik ki, Rusiya olmadan da mövcud ola bilərik: həm səhnədə, həm zalda, həm də ümumiyyətlə bütün sahələrdə".

Bu fikirlərə görə Emin Əfəndi “qara siyahı”ya düşüb.

Rusiyanın bu addımları hara qədər davam edəcək?

Politoloq Rəşad Bayramov “Yeni Müsavat”a açıqlamasında şimal qonşumuzun durmadan aqressivləşməsindən söz açdı: “Qroznı üzərində təyyarəmizin vurulması ilə, Yekaterinburqda və Rusiyanın digər şəhərlərində soydaşlarımıza qarşı edilən qanunsuzluqlarla, iş adamlarımıza qarşı hücumlarla və eləcə də son günlərdə Ukraynanın Odessa istiqamətindəki qaz kəməri sisteminə və SOCAR-ın neft anbarına edilən raket hücumları ilə Azərbaycana təzyiq göstərmək istəyən Rusiya bütün bu təzyiqlərin nəticə vermədiyini görür və daha da aqressivləşir.

Rusiyanı bu davranışa məcbur edən səbəb isə bu ölkənin əlində Azərbaycana qarşı təzyiq rıçaqlarının olmamasıdır. Otuz il ərzində “Dağlıq Qarabağ” kartından istifadə edərək hər iki dövləti təzyiq altında saxlayan Rusiya Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmalarla bu təzyiq kartından məhrum olub. Ona görə də indi müxtəlif üsullarla nəyəsə nail olmağa çalışır.

Əvvəl parlement deputatının Rusiya girişinə icazə verilməməsi, indi də “Dəyirman” qrupunun yaradıcısı Emin Əfəndinin Rusiyaya buraxılmaması Kremlin cılız üsullara əl atmaqdan başqa çarəsinin olmadığını göstərir. Ukraynanın ərazi bütövlüyünü tanıdığına görə kiminsə ölkəyə buraxılmaması o qədər absurd yanaşmadır ki, bu məntiqlə gərək dünya ölkələrinin yarıdan çoxunun vətəndaşının Rusiyaya girişinə qadağa qoyulsun.

Baş verənlər Rusiyanın bütün əndazələri aşdığını və şovinist düşüncə tərzinin artıq bir dövlət siyasətinə çevrildiyini göstərir.

Kreml tərəfindən aparılan bu siyasətin nəticəsidir ki, artıq bütün kateqoriyadan olan şəxslər - KİV nümayəndələri, incəsənət və ədəbiyyat xadimləri, siyasi elita nümayəndələri anti-Azərbaycan təbliğatında açıq şəkildə iştirak edirlər.

Rusiyanın bu addımları davam etdirəcəyi, imkanı olduqca təzyiqləri artıracağı gözləniləndir.

Ancaq Rusiya anlamalıdır ki, Azərbaycanı hər hansı təzyiq yolu ilə öz milli maraqlarından imtina etməyə məcbur etmək mümkün deyil. Rusiyanın bunlardan nəticə çıxarması və bu cür cılız addımlarla Cənubi Qafqazda itirilmiş mövqeləri bərpa etməyin mümkün olmayacağını anlaması lazımdır".

Beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadənin sözlərinə görə, Rusiya-Azərbaycan münasibətləri getdikcə daha da pisləşməkdədir və bu, özünü diaspor təşkilatı rəhbərlərinin deportasiya və həbs edilməsində də göstərir: “Rusiyada nəinki azərbaycanlı miqrantlara, o cümlədən Azərbaycan əsilli Rusiya vətəndaşlarına qarşı sistematik təqiblər gedərək daha da sərtləşir. Emin Əfəndinin ölkəyə buraxılmaması Azərbaycandakı Rusiya mədəni tədbirlərinin ləğv olunması fonunda edilən mədəni-psixoloji həmlədir. Azərbaycanın Ukraynadakı enerji təsislərinin açıq hədəf halına gəlməsi isə artıq geosiyasi təhdiddir. Bütün bu addımlar Azərbaycanın müstəqil siyasətinə görə Rusiya tərəfindən təqib olunması kimi xarakterizə edilə bilər. Bu gərginliyin hansı mərhələyədək irəliləyəcəyi sual doğurur. Bu həftə sonu Moskvada Şahin Mustafayev və Aleksey Overçukun rəhbərliyi ilə iki ölkənin hökumətlərarası komissiyasının 23-cü iclası baş tutacaq. Burada "Tramp marşrutu" və iki ölkə arasında razılaşdırılmalı olan digər məsələlər müzakirə olunacaq. Beləliklə, diplomatiya qələbə qazananadək Rusiyadan təzyiqlərin davam edəcəyini təxmin etmək olar. Bütün bunların fonunda Azərbaycanı cavab tədbirlərini sərtləşdirməyə çağıran, ölkəmizi Rusiya ilə hərbi müstəvidə qarşı-qarşıya qoyaraq ikinci cəbhəni torpaqlarımıza daşımağa çalışan qüvvələrin məğlub olacağına da inanıram. Azərbaycan hər zaman milli maraqlarını layiqincə qorumaqla yanaşı, beynəlxalq hüquqa da hörmətlə yanaşır. Bu baxımdan həm milli müstəvidə, həm də beynəlxalq müstəvidə sərgilənən mövqelərimiz tamamilə beynəlxalq hüquqla səsləşir və bu, bütün provokasiyalara baxmayaraq belə də olacaq".


Geri qayıt