Əsas Səhifə > Ana xəbər / Güney Press > Gəncədə İstiqlal Parkına qarşı hörmətsizlik: Şəhid xatirəsinə ucaldılmış abidə zədələndi

Gəncədə İstiqlal Parkına qarşı hörmətsizlik: Şəhid xatirəsinə ucaldılmış abidə zədələndi


Bu gün, 14:17

Gəncə şəhərinin Gülüstan yaşayış massivində yerləşən İstiqlal Parkında xoşagəlməz hadisə baş verib.

Teleqraf-ın Qərb bürosunun məlumatına görə, bu gün gecə saatlarında naməlum şəxslər parkın ərazisinə ciddi ziyan vurublar.

Ən acınacaqlısı odur ki, 44 günlük Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə ucaldılmış heykəl də zərər görüb. Abidənin mərmər üzlüyünün bir neçə hissəsi qırılıb və zədələnib. Bununla yanaşı, parkın işıqlandırma sistemi də dağıdılıb - bir neçə plafon qırılıb, hətta bir işıqlandırma qurğusu oğurlanıb.

Bu hadisə təkcə parkın infrastrukturuna yox, şəhidlərimizin müqəddəs xatirəsinə qarşı hörmətsizlik kimi qiymətləndirilir. Azərbaycan xalqı üçün şəhidlik anlayışı müqəddəsdir və bu cür vandalizm cəmiyyətin dərin narazılığına səbəb olub.

Hazırda ərazidə Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin əməkdaşları tərəfindən bərpa və təmir işlərinə başlanılıb. İşıqlandırma sisteminin yenidən qurulması, zədələnmiş mərmər hissələrin təmiri istiqamətində işlər davam etdirilir.

Ümid edilir ki, parkın infrastrukturuna və şəhidlərin ruhuna qarşı hörmətsizlik edənlər hüquq-mühafizə orqanları tərəfindən qısa zamanda aşkar ediləcək və qanun qarşısında cavab verəcəklər.


Geri qayıt