Əsas Səhifə > Ana xəbər / Güney Press > Bakı - Vaşinqton ittifaqı Rusiya təsirini balanslaşdıracaq

Bakı - Vaşinqton ittifaqı Rusiya təsirini balanslaşdıracaq


Bu gün, 09:42

"Son dövrlərə qədər Azərbaycan-Birləşmiş Ştatlar münasibətləri diplomatik səviyyədə sabit formada davam etsə də, qlobal və daxili siyasi amillər bu əlaqələrin strateji xarakter almasını ləngidirdi".

Bunu "Şərq"ə açıqlamasında siyasi şərhçi Azər Niftiyev deyib. Ekspert bildirib ki, enerji təhlükəsizliyi, ticarət yollarının yenidən şəkillənməsi, ölkəmizin beynəlxalq münasibətlər sistemində artan rolu və geosiyasi aktora çevrilməsi Azərbaycanı ABŞ üçün vacib tərəfdaşa çevirib:
"Bu xüsusda Prezident İlham Əliyevin ABŞ-yə səfəri strateji əhəmiyyətə malikdir. Azərbaycan və ABŞ arasında Strateji İşçi Qrupunun yaradılması haqda imzalanan Anlaşma Memorandumu tərəflərin münasibətləri daha da dərinləşdirmək əzmində olduqlarını bariz şəkildə nümayiş etdirir. İşçi qrupunun əsas fəaliyyət istiqamətləri arasında enerji infrastrukturu, rəqəmsal iqtisadiyyat, regionlararası ticarət şəbəkələri və müdafiə sahəsində əməkdaşlıq kimi məqamlar var. Bu, artıq klassik diplomatiyadan funksional diplomatiyaya keçidi özündə ehtiva edir. Strateji İşçi Qrupu yalnız siyasi məqsədlər üçün deyil, həm də texnoloji mübadilə, ABŞ investisiyalarının təşviqi, eləcə də Azərbaycan ərazisindən keçən enerji və logistika dəhlizlərinin möhkəmləndirilməsi üçün praktiki alət rolunu oynayacaq. Eyni zamanda regionda sülhün və təhlükəsizliyin təmin olunmasına mühüm töhfələr verəcək. Bu da heç şübhəsiz, öz növbəsində mərhələli şəkildə Azərbaycanın liderliyi ilə Cənubi Qafqazı sabitlik adasına çevirəcək".
 
A.Niftiyevin qənaətincə, 907-ci düzəlişin icrasının dayandırılması qərarı diplomatik qələbə kimi qiymətləndirilməlidir:
"Həmin düzəliş Ermənistanın işğalçılıq siyasətini görməzlikdən gəlməklə, rəsmi Bakıya qarşı açıq ikili standart nümunəsi idi. Bu gün həmin yanlış qərarın siyasi gediş kimi deyil, tarixi yük kimi qəbul olunaraq aradan qaldırılması Azərbaycanın beynəlxalq hüquq çərçivəsində qazandığı növbəti nailiyyətdir. Prezident Tramp dövründə əldə olunan razılaşmalar və onun indi, İlham Əliyevin Vaşinqtona səfəri çərçivəsində sənədləşdirilməsi göstərir ki, Ağ Ev artıq Azərbaycanın bölgədəki rolunu daha obyektiv qiymətləndirməyə başlayıb. Bu əməkdaşlıq klassik enerji və təhlükəsizlik əməkdaşlığını tamamlamaqla yanaşı, münasibətlərin gələcək 20 ilini formalaşdıracaq mühüm addım kimi səciyyələndirilməlidir. Azərbaycanın regional güc mərkəzi kimi mövqelərinin güclənməsi fonunda ABŞ-nin də regiondakı maraqları artmaqdadır".
 
Analitik əlavə edib ki, bu maraqlar təkcə enerji ehtiyatları və nəqliyyat marşrutları ilə bağlı deyil, həm də Rusiya kimi güclərin təsir dairəsini balanslaşdırmaq məqsədi daşıyır:
"Məhz bu baxımdan Bakı-Vaşinqton əməkdaşlığı təkcə ikitərəfli deyil, habelə qlobal və regional təhlükəsizliyi təmin edən faktor rolunda çıxış edir.
ABŞ-Azərbaycan arasında formalaşmaqda olan strateji tərəfdaşlıq iqtisadi, texnoloji, eləcə də təhlükəsizlik sferasında uzunmüddətli qarşılıqlı maraqlara əsaslanır. Azərbaycanın diplomatik çevikliyi və balanslaşdırılmış xarici siyasəti bu əməkdaşlığı daha da dərinləşdirmək üçün real imkanlar və fürsətlər yaradır".

Geri qayıt