Əsas Səhifə > Ana xəbər / Güney Press > Bakı və İrəvan 10 noyabr razılaşmasından niyə çıxmır?
Bakı və İrəvan 10 noyabr razılaşmasından niyə çıxmır?Bu gün, 09:13 |
"Sünik bölgəsindən keçən kommunikasiya marşrutları açılarkən Rusiya sərhədçilərinin burada olması nəzərə alınmalıdır". Bunu jurnalistlər üçün keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya Siyasəti Departamentinin direktor müavini Aleksey Fadeyev avqustun 8-də Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderlərinin imzaladığı üçtərəfli bəyannaməni şərh edərkən deyib. Fadeyevin sözlərinə görə, Rusiya Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 2020-2022-ci illəri əhatə edən üçtərəfli sazişləri qanuni hesab edir, çünki tərəflərdən heç biri bu sazişlərdən çıxdığını açıqlamayıb. “Beynəlxalq sülh və tərəqqi üçün Tramp marşrutu” adlandırılacaq nəqliyyat dəhlizi layihəsi haqqında danışan Fadeyev deyib: “Rusiya Xarici İşlər Nazirliyi layihənin təfərrüatlarını öyrənəcək, yeri gəlmişkən, hələlik təfərrüatlar ictimaiyyətə açıqlanmayıb...” “Biz həmçinin bildirdik ki, Ermənistanın Aİ-yə üzvlüyü və Rusiya sərhədçilərinin Sünik bölgəsində olması kimi amilləri nəzərə almaq lazımdır. Bunlar regionda nəqliyyat kommunikasiyalarının bloklanması ilə bağlı qərarlar hazırlanarkən nəzərə alınmalıdır”, - Fadeyev əlavə edib. Göründüyü kimi, Moskva 10 noyabr üçtərəfli bəyanatını və ondan sonrakı iki ildə imzalanmış digər üçtərəfli sənədləri əsas götürür və qabartmağa başlayır. O zaman 8 avqust üçtərəfli Vaşinqton razılaşmasından sonra Bakı və İrəvan 10 noyabr üçtərəfli bəyanatından niyə çıxmır? Çıxmalıdırmı? Politoloq Yusif Bağırzadə “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasından, regionda kommunikasiya xətlərinin blokadadan çıxmasından, daimi sülhün əldə edilməsindən ən çox narahatlıq keçirənlərdən biri də Rusiyadır. Rusiya üçün Azərbaycan və Ermənistan arasında gərginlik və ümumiyyətlə, “Dağlıq Qarabağ” adlı problem hər iki ölkəyə təsir göstərmək və təzyiq altında saxlamaq üçün bir imkan idi. Artıq belə bir problem qalmadığı üçün və xüsusilə də tərəflərin sülh sazişini imzalamağa yaxın olması, Zəngəzur dəhlizi ilə bağlı qərarların qəbulu baş tutduğu üçün Rusiya çox böyük narahatlıq keçirir: “Moskva indi də 2020-ci ilin 10 noyabrında və ondan sonrakı dövrdə imzalanmış sənədləri əsas götürərək nəyəsə nail olmağa çalışır. Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya Siyasəti Departamentinin direktor müavini Aleksey Fadeyevi narahat edən əsas məqam bəyanatın 9-cu maddəsi ilə bağlıdır. Məlumdur ki, üçtərəfli bəyanatın 9-cu maddəsi bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin blokdan çıxarılmasını, Ermənistanın Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinə zəmanət verməsini və nəqliyyat yoluna nəzarətin Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları tərəfindən həyata keçirilməsini nəzərdə tuturdu. Lakin keçən 5 il ərzində bu istiqamətdə hər hansı bir irəliləyişə nail olunmadı və Rusiya da bu istiqamətdə Ermənistana hər hansı bir irad bildirmədi, yolun açılması üçün təzyiq göstərmədi. İndi Azərbaycan və Ermənistan bu istiqamətdə razılıq əldə ediblər və bunun üçün mütləq şəkildə üçtərəfli bəyanatdan çıxmaq haqqında qərarın qəbuluna hər hansı ehtiyac da yoxdur”. Politoloq fikrini bununla əsaslandırdı ki, 10 noyabr 2020-ci ildə Rusiya, Azərbaycan və Ermənistanın liderləri tərəfindən imzalanmış bəyanat atəşkəs bəyanatıdır: “Bu bəyanat özündə bir sıra öhdəlikləri də ehtiva edirdi və həmin öhdəliklərdən irəli gələn vəzifələrin bir qismi də məhz elə Rusiya və onların ”sülhməramlı" kontingenti tərəfindən icra edilmirdi. Digər bir tərəfdən, Zəngəzur dəhlizi Ermənistan dövlətinin yurisdiksiyasındadır və bu ölkə də həmin dəhlizi ABŞ operatoruna verməyi daha məqbul hesab edib. Bu, Ermənistanın suveren hüququdur. Bizim şərtlər nəzərə alındığı üçün, yəni Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz gediş-gəlişə təminat verildiyi üçün dəhlizin hansı adla olur-olsun açılması bizim də maraqlarımıza cavab verir. Odur ki, Rusiyanın bu məsələdə 2020-2022-ci il sənədlərinə müraciət etməsinin hər hansı əsası yoxdur". Y.Bağırzadə sonda dedi ki, Rusiya zamanında 10 noyabr üçtərəfli bəyanatının 9-cu bəndinin tələbinin icrasına Ermənistana təsir göstərməklə nail olsaydı, dəhlizin açılması ilə bağlı üzərinə düşən vəzifəni yerinə yetirsəydi, indi oyundankənar vəziyyətdə də qalmazdı: “Rusiya indi özünün etdiyi səhvlərin əziyyətini çəkir və bu səhvlərdən qaynaqlanan proseslərin onun ziyanına olduğunu düşünərək narahatlıq keçirir, ətrafa qəzəb püskürür. Halbuki günahkar Rusiyanın özüdür. Azərbaycan 5 ilə yaxın müddətdə dəfələrlə çağırışlar edirdi ki, 10 noyabr üçtərəfli bəyanatın 9-cu bəndinin tələbləri yerinə yetirilsin. Ermənistan bu tələbləri yerinə yetirməkdən yayınırdı, Rusiya isə buna görə lazımi addımlar atmırdı. İndi proseslərin gedişatından narahat olub 10 noyabr bəyanatını və digər üçtərəfli imzalanmış sənədləri yada salırlar. Ancaq artıq gecdir. Bunu zamanında etmək lazım idi ki, müsbət nəticəsi də olsun”. Geri qayıt |