Əsas Səhifə > Ana xəbər / Güney Press > Zəngəzur söhbətləri: əsassız iddialara səbəb nədir?

Zəngəzur söhbətləri: əsassız iddialara səbəb nədir?


Bu gün, 04:51

İndi də sosial şəbəkələrə təzə müzakirə mövzusu atılıb. Daha doğrusu, mübahisə predmeti.

Əslinə baxsaq, predmetsiz mübahisədir.

Söhbət nədən gedir?

Söhbət ondan gedir ki, Azərbaycan hakimiyyətinin, yumşaq desək, opponentləri öz arasında iki yerə bölünüb. Səbəb Vaşinqton razılaşmaları, xüsusilə də, Zəngəzur dəhlizinin ABŞ-ın nəzarətinə verilməsidir.

Tərəflərdən biri deyir, Azərbaycan Zəngəzuru Ermənistana verməməli, özünə birləşdirməli idi. Həm də təkcə Zəngəzurun yox, bütövlükdə Qərbi Azərbaycanın Azərbaycan Respublikasına birləşdirilməsini "təklif" edirdlər.

İkinci tərəf isə, bildirir ki, bu, onsuz da mümkün deyil, təkcə Zəngəzur deyil, eləcə də, Göyçə, Dərələyız, İrəvan və sair Ermənistanın beynəlxalq miqyasda rəsmən tanınmış əraziləridir. Yəni Azərbaycanın elə təkcə Zəngəzura müdaxilə etməsi onun təcavüzkar elan edilməsinə və sanksiyalar altına düşməsinə səbəb olardı.

İkinci qrupa daxil olanlar birinciləri "saxta millətçilik"də, yalançı vətənpərvərlikdə günahlandırıblar və qarşılığını da alıblar. Məsələ odur ki, ikinci qrupa mınsub olanlar iddia edir ki, guya Azərbaycan Rusiyanın təkidi ilə Ermənistana hərbi müdaxiləyə hazırlıq görürmüş və sair.

Bu, əslində Vaşinqtona qədər Ermənistanda Azərbaycana qarşı çox populyar olan bir ittiham idi. Üçtərəfli Vaşinqton bəyannaməsi bu iddiaları da əsaslı olaraq təkzib və rədd etdi. Amma bu gün yenə də kimlərsə, bilmirəm, hansı məqsədlərlə Azərbaycanı keçmişdə Ermənistana hərbi müdaxilə etməyi düşünməkdə (!) ittiham edir. Başqa sözlə, Azərbaycan törətmədiyi əmələ görə təqsirləndirilir. Həm də bunu edənlər onun öz vətəndaşlarıdır.

Yadıma məşhur bir Azərbaycanlı siyasətçinin özündən də məşhur ironik ifadəsi düşdü. O belə demişdi: "Zərdüşt Əlizadə əvvəlcə bizim haqqımızda günah uydurur, sonra isə etmədiyimiz günaha görə bizi ittiham edir".

Eyni hal bu dəfə Azərbaycana qarşı yaşanır: bəziləri Azərbaycanı törətmədiyi əmələ görə qınayır. Guya Azərbaycan Zəngəzuru Putinə hədiyyə edirmiş, son anda Tramp gəlib, özünü yetirib...

Necə də absurd bir iddiadır!

Bəli, Zəngəzur dəhlizinə görə Azərbaycan hökumətinə çox güclü təzyiqlər var idi. Bu təzyiqlər təkcə Rusiyadan deyil, Fransadan, bütövlükdə Avropa İttifaqından və ABŞ-dan da gəlirdi. İranın mövqeyi isə hər kəsə bəllidir. Hərçənd Zəngəzur Ermənistanın ərazisidir; təzyiqlər Ermənistana göstərilməli idi, Azərbaycana yox.

Rusiya diplomatiyanın alt qatında istəyirdi ki, Azərbaycan Ermənistanın ərazisinə müdaxilə etsin, Zəngəzuru hərbi yolla əldə etsin.

O zaman hansı situasiya yaranardı: ya Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına, yəni Rusiyaya müraciət edib, kömək istəyəcəkdi. Bu halda Rusiyanın Ermənistandakı hərbi bazasını və əlavə qüvvələri hərəkətə gətirib, Zəngəzur dəhlizini, eləcə də, Ermənistanla Azərbaycanın sərhədlərini nəzarətə götürəcəkdi, beləliklə, Ermənistanın Qərbə yolu bağlanacaqdı və Ermənistanla Azərbaycan arasında sülh perslektivi də ortadan qalxacaqdı. Rusiyaya, bax, elə bu lazım idi.

Yox, əgər Ermənistan hökuməti Rusiyaya kömək üçün müraciət etməsəydi, Zəngəzurun ələ keçirilməsi ilə barışsaydı, o zaman Rusiya Ermənistandakı "5-ci kolon"unu hərəkətə gətirib, baş nazir Nikol Paşinyanın hökumətini devirəcək, yerində öz oyuncaq rejimini qurub, Ermənistanı əvvəlikindən çox daha əsarətə, Azərbaycanı da daha təsi altına alacaqdı. Cənubi Qafqazı bütövlükdə öz nüfuz dairəsinə salacaqdı. Üçüncü mümkün ssenari də var idi: Moskva Ermənistanda hakimiyyəti dəyişə bilməsəydi, o zaman Zəngəzuru Azərbaycan ərazisi kimi tanımağın qarşılığında Krımın və Donbassın Rusiya ərazisi kimi tanınmasını Azərbaycana şərt kimi qoyacaqdı. Bu halda isə Ukraynanın işğal olunmuş ərazilərinin Rusiya ərazisi kimi tanınması presedenti yaranacaq, Vladimir Putin də özünü Ukraynada qalib elan edib, orada hərbi əməliyyatları dayandırıb, Ukraynanın taleyi ilə bağlı öz şərtləri ilə Donald Trampla danışıqlara oturacaqdı.

Azərbaycan Rusiyanın bu təkidlərinə Ermənistana hərbi müdaxilə "təklif"lərinə, təbii ki, "yox" dedi, buna görə də Azərbaycanın sərnişin təyyarəsi vuruldu. Harada?! Çeçenistan üzərində. Bundan məqsəd Azərbaycanla Şimali Qafqaz xalqlarının da arasını açmaq idi.

Təyyarənin vurulmasına Azərbaycan buna görə Rusiyaya bir sıra haqlı, əsaslı tələblər irəli sürdü. Həmin tələblər yerinə yetirilmədiyi üçün Azərbaycan da adekvat münasibət göstərdi.

Bütün bunlar hamıya aydındır və göz qabağındadır. O da hamıya aydın məsələdir ki, Rusiya Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalnmasını, ümumiyyətlə, Cənubi Qafqazda sülh istəmir. Kremlin məşhur ideoloqu Aleksandr Duqin də məhz bunu ifadə edivşb: Azərbaycanla Ermənistan arasında sülhə dair bəyannaməni "Rusiyanın məğlubiyyəti" adlandırıb.

Bir halda ki Rusiya Azərbaycanla Ermənistanın permanent müharibə vəziyyətində qalmasında maraqlıdır, deməli, bu, Azərbaycanın milli maraqlarını təhdid edir. O halda kim - hansı qlobal güc Cənubi Qafqazda sülhün tərəfindədirsə, Azərbaycan o dövlətin dəstəyini alacaqdı. Bu, ABŞ idi.

İndi yenə qayıdaq Zəngəzur söhbətinə. Dünənə qədər Azərbaycan prezidentinin Zəngəzur dəhlizini Rusiya "FSB"-sinə verməkdə günahlandıranlar, bu gün, yəni Vaşinqton razılaşmalarından sonra yenə səs-səsə veriblər; bu dəfə isə: "Zəngəzur Trampa satıldı" deyə siyasi xor oxuyurlar. Üstəlik buna görə Azərbaycanı qınaq obyektinə çevirirlər. Halbuki əvvəlki yazımızda da bu nüansı şərh etmişik: "Azərbaycan Zəngəzuru Trampa satdı" deyənlər dünyanın siyasi xəritəsinə baxsalar, görələr ki, Qərbi Zəngəzur Ermənistanın ərazisidir, Azərbaycanın deyil. Azərbaycan heç kimin ərazisini heç kimə satmayıb. Bu qədər siyasi diletantlıq olmaz axı.

O ki qaldı Qərbi Zəngəzurun Azərbaycana birləşdirilməsi çağırışlarına, bunu edənlər - Qərbi Azərbaycana qayıdıb öz torpaqlarında yaşamaq istəyənlər üçün də ən yaxşı yol regionda ədalətli, hərtərəfli və davamlı sülhdür, qələbə ilə bitirdiyimiz müharibəni Ermənistan ərazisinə keçirmək deyil.

Bəli, Azərbaycan dövlətinin başçısı demişdi ki, yaxşı olar, Zəngızur dəhlizinə Ermənistan özü razılıq versin, yoxsa o, bunu etməyə məcbur olacaq. Məcburetmə isə təkcə hərbi yolla olmur axı. Həm də siyasi-diplomatik vasitələr də var.

Odur ki, şəxsi və ya hansısa qrup maraqlarına görə kimlərsə milli maraqlara zidd mövqe bildirirsə, əs qınanılası hal budur. Bir yandan, Vaşinqton razılaşmalarını könülsüz də olsa, təqdir etmək nədir, eyni zamanda: "Azərbaycan Zəngəzuru satdı" demək nədir?!

 Bahəddin Həzi, bizimyol.info

Geri qayıt