Əsas Səhifə > Ana xəbər / Güney Press > Trampın təminat verdiyi ZƏNGƏZUR DƏHLİZİ...

Trampın təminat verdiyi ZƏNGƏZUR DƏHLİZİ...


Dünən, 07:24

"Vaşinqtonda İrəvan və Bakının memorandum imzalamasında Ankaranın mühüm rolu olub və gələcəkdə onun Zəngəzur dəhlizinin açılmasında iştirak dərəcəsi ABŞ-dən qat-qat yüksək olacaq". Bunu erməni türkoloq Mger Abramyan deyib. Ekspert bildirib ki, bu sənəddən ən çox razı qalan Türkiyədir: "Belə desək, sənəd Türkiyənin istəklərinə uyğunlaşdırıldı və Ankara onun ABŞ-də imzalanmasını hər cür təşviq etdi. Əgər bu məsələyə Amerika tərəfindən hər cür şərait yaradılarsa, o zaman bu məsələyə aydınlıq gətiriləcək".
Abramyan qeyd edib ki, dəhlizə Ankara nəzarət edəcək, çünki ABŞ və Türkiyə strateji müttəfiqdir və NATO-nun bir hissəsidir. Analitik əlavə edib ki, NATO-nun son bəyanatları fonunda Türkiyənin regiondakı rolu artıb və ölkənin Avropanın təhlükəsizliyini təmin etməyə qadir olan Alyansın əsas dövlətlərindən biri kimi vurğulanır. Abramyanın iddiasına görə, regionda mövqeləri daha da güclənən Türkiyə Cənubi Qafqazda öz təsirini artırır, Rusiya və İranı sıxışdırır. Abramyan Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyanın ABŞ-nin vasitəçiliyi ilə Ermənistanla Azərbaycan arasında əldə olunan razılaşmaların İrəvanla Ankara arasında münasibətlərin normallaşması üçün mühüm imkanlar açması barədə bəyanatını da şərh edib: "Bəyannamənin imzalanmasının Türkiyə ilə münasibətlərin normallaşmasına gətirib çıxaracağı ilə bağlı bəyanat yalnız ondan irəli gəlir ki, Ermənistan hakimiyyəti Ankaranın bütün tələblərini yerinə yetirir və yerinə yetirəcək. Ankara bütün şərtləri yerinə yetirdikdə İrəvanla münasibətlərini normallaşdıracaq".
 
Siyasi şərhçi Azər Niftiyev Sherg.az-a açıqlamasında bildirib ki, Ermənistan tərəfindən bu cür iddiaların səslənməsi ilk növbədə daxili auditoriyaya hesablanmış, siyasi xarakterli yanaşmadır. Ekspertin sözlərinə görə, əslində, regionda baş verən bütün proseslərin əsas məqsədi uzunmüddətli sülhün təmin olunması və iqtisadi-kommunikasiya əlaqələrinin bərpasıdır: 
"Zəngəzur dəhlizi ideyası da məhz bu məqsədə xidmət edir. Region ölkələri arasında ticarət, nəqliyyat və iqtisadi əməkdaşlıq imkanlarını genişləndirmək üçün. Buna fərqli çalarlar qatmağa lüzum yoxdur. Əsas odur ki, regiona sülh gələcək. Türkiyənin proseslərdə iştirakı təbii və məntiqlidir. Çünki Türkiyə həm regionun iqtisadi güc mərkəzlərindən biridir, həm də Azərbaycanla strateji müttəfiqdir. Amma bu, nəzarət anlamına gəlmir. Dəhliz beynəlxalq hüquq normalarına, tərəflər arasında imzalanmış razılaşmalara əsaslanacaq və qarşılıqlı razılıq əsasında fəaliyyət göstərəcək. Yəni burada kiminləsə rəqabət və ya kiməsə qarşı yönəlmiş addım yoxdur".
 
A.Niftiyev əlavə edib ki, Ermənistanda bəzi dairələrin Türkiyənin prosesdə olmasını “təhlükə” kimi təqdim etməsi isə daha çox köhnə stereotiplərdən qaynaqlanır:
"Reallıqda isə Türkiyənin iştirakı iqtisadi sabitlik, təhlükəsizlik və regional inteqrasiya deməkdir. Azərbaycan üçün əsas prioritet regionda davamlı sülhün bərqərar olması və bütün tərəflərin faydalanacağı əməkdaşlıq mühitinin qurulmasıdır".

Geri qayıt