Əsas Səhifə > Ana xəbər / Güney Press > Azərbaycanda zamin üçün ölüm də qurtuluş deyil

Azərbaycanda zamin üçün ölüm də qurtuluş deyil


Bu gün, 04:59

Ölkədə banklardan kredit götürən vətəndaşların sayı gündən-günə artır.

Onların sırasında istehlak kreditləri üstünlük təşkil edir. Vətəndaşlar kredit götürərkən əsasən etibar etdiyi şəxsi banka zamin kimi təqdim edir. Beləliklə, bank kredit götürən şəxsi zaminlə birlikdə qeydə alır. Ancaq vətəndaşları məhz zaminliklə bağlı bəzi məsələlər düşündürür.

Zamin duran şəxs bir müddətdən sonra onu dayandıra bilərmi və yaxud zamin vəfat etdikdən sonra bu müqavilə necə davam etdirilir?

Məsələ ilə bağlı iqtisadçı-ekspert Əkrəm Həsənov “Cebheinfo.az”-a bildirib ki, zaminliyin çox qədim, əsrlərlə bağlı tarixi var:

“Bütün ölkələrdə zaminlik var. Ancaq zaminlik o demək deyil ki, bank kredit verəndə mütləq zamin götürməlidir, belə deyil.Bizdə də qanunda yoxdur ki, mütləq bank kredit verəndə zamin götürməlidir.Sadəcə yazılıb ki, bank kreditin qaytarılmasını müxtəlif yollarla təmin edə bilər.

Məsələn, girovla, zaminliklə banklar da kredit verəndə qorxurlar ki, krediti həmin şəxs qaytara bilməyəndə heç olmasa zamin versin. Azərbaycanda da elə kreditlər var ki, zamini yoxdur”.

Zamin duran şəxsin zaminliyi istədiyi zaman dayandırmasına gəldikdə, ekspert deyir ki, həmin şəxs zaminliyi dayandıra bilməz:

“Əgər onu istədiyi anda dayandıra biləcəksə, onda bank üçün onun əhəmiyyəti olmur. Yəni bank üçün onun zaminliyinin əhəmiyyəti ondan ibarətdir ki, borcu götürən şəxs qaytara bilməyəndə zamindən pulu tələb edə bilsin.

Zamin istənilən anda zaminlikdən çıxa biləcəksə, onda zaminliyin heç əhəmiyyəti qalmır. Ancaq burada bir məqam var. Əgər kredit müqaviləsinə zaminin razılığı alınmadan dəyişiklik ediləcəksə, həmin dəyişiklik zaminin öhdəliyini ağırlaşdırırsa, onda zaminliyə avtomatik olaraq həmin andan xitam verilir.

Məsələn, kredit müqaviləsinin müddəti artırılır. Bu halda o deməkdir ki, zaminin öhdəliyi ağırlaşdı. Yəni mən bir illik zamin durmuşdum, siz isə götürüb kreditin öhdəliyini müddətini iki il uzatmısınız. O zaman zaminliyə xitam verilir.

Yaxud əlavə borc götürüldü, bu halda zaminin öhdəliyi yoxdur. Ancaq elə bir dəyişiklik də ola bilər ki, zaminin öhdəliyi əksinə, artmır, azalır. Məsələn, bank kredit faizini endirir. Bu zaman zaminin öhdəliyi daha da yüngülləşir”.

Ekspertin sözlərinə görə, əgər zamin vəfat etsə belə, zamin öz əmlakı ilə cavabdehdir:

“İstənilən şəxs, istənilən öhdəliyinə görə, zaminlik, kredit, nisyə alqı-satqı olsun, əmlakı ilə cavabdehdir. Həm insan sağlığında da, istər vəfat etdikdən sonrada belədir.Sağlığında nə əmlakı varsa, gəlib həmin əmlakdan tuta bilərlər. Vəfat etdikdən sonra da proses eynidir.

Əgər əmlak varsa və əmlak onun vərəsələrinə keçibsə, həmin əmlak hesabına o borc bağlana bilər. Zaminlə borclunun bir fərqi var ki, əgər borclunun borcunun hansısa bir hissəsi, yaxud tam hissəsi zamindən tutulursa, zamin və ya onun vərəsələri borcludan sonra həmin ondan tutulan pulu tələb edə bilər.

Məsələn, 10 min manat kredit götürülüb, onun 5 mini manatı qaytarılıb. Qalan 5 min manatı isə gəlib zamindən tutdular. Sonra zamin həmin pulu borcludan tələb edə bilər”.


Geri qayıt