Əsas Səhifə > Ana xəbər / Güney Press > Biz də deyirik ki, vurduğu təyyarəyə görə üzr istəyər...
Biz də deyirik ki, vurduğu təyyarəyə görə üzr istəyər...Bu gün, 06:50 |
Biz də deyirdik, 44 günlük müharibə vaxtı Gəncəyə, Bərdəyə, Tərtərə, Beyləqana raketləri atmaq əmri hardan gəlmişdi. Ən müasir raketlə Şuşanı kim hədəf almışdı. Mingəçevir Elektrik Stansiyasını kim vurmağa çalışmışdı. Hətta Qəbələ hava limanını kim nişangaha çevirmək istəmişdi. Bakının bir addımlığına - Xırdalana raketlə hücum kimin göstərişi idi deyə düşünürdüm.Avqustun 6-na keçən gecə hər şey bir daha aydın oldu. Onsuz da çox şey bəlli idi, indi artıq dəqiqlik qazandı. Rusiya Azərbaycandan Ukraynaya qaz ixracını həyata keçirəcək qaz nəqli infrastrukturuna raket zərbəsi endirib. Yəni mülki obyekti hədəf alıb. Bundan əvvəl də Rusiya Ukraynanın enerji istehsalı və nəqli üzrə obyektləri - elektrik stansiyalarını, boru kəmərlərini və sair hədəfə almışdı. Əslində bu, Moskvanın təkcə Ukrayna dövləti ilə deyil, Ukraynanın xalqı ilə də müharibə apardığını bir daha göstərdi. İrpin, Buça soyqırımları başda olmaqla Ukraynada törədilmiş yüzlərlə qətliam faktları var. On mindən çox Ukraynalı uşağın oğurlanaraq Rusiya ərazisinə aparılması, onların orqan nəqli biznesinin qurbanlarına çevrilməsi də daxil olmaqla insanlıq əleyhinə çox ağır cinayətlər törədilib. Bunların bir tarixi mühakiməsi gec-tez olacaq. Trend agentliyinin məlumatına görə, Ukraynanın Energetika Nazirliyi Azərbaycan qazının Ukraynaya nəqlini həyata keçirməli olan infrastrukturun hədəfə alınması rəsmi Kiyevin Azərbaycanla, ABŞ-la və Avropadakı tərəfdaşları ilə münasibətlərinin əleyhinə yönəlib. Əslində Rusiyanın bu addımı Azərbaycanın, Azərbaycanla Ermənistan arasında sülh perspektivinin əleyhinə yönəlib. Bu, Prezident Donald Trampın Azərbaycan prezidentini və Ermənistanın baş nazirini Ağ Evə dəvət etməsinə Rusiyanın özünəməxsus cavab aksiyasıdır. Azərbaycanla Ermənistan arasında sülh prosesinin uğur qazanması ehtimalının özü belə Rusiyanı qane etmir. Üstəlik ABŞ-ın təqdim etdiyi platformada. Beləliklə, Rusiya avqustun 6-da təkcə Azərbaycan qazının Ukraynaya nəqlini deyil, Azərbaycanı, Cənubi Qafqazı da hədəf almış sayılır. Biz də deyirik, vurduğu təyyarəyə görə üzr istəyər... Bahəddin Həzi, bizimyol.info
Geri qayıt |