Əsas Səhifə > Ana xəbər / Güney Press > Vaşinqtonda memorandum imzalanacaq?

Vaşinqtonda memorandum imzalanacaq?


Bu gün, 08:16

ABŞ Prezidenti Donald Tramp cümə günü Azərbaycan və Ermənistan liderləri ilə görüşməyi planlaşdırır. “Yeni Müsavat” xəbər verir ki, Birləşmiş Ştatlar rəhbərinin iş qrafikindən belə bəlli olur. Dərc olunan proqrama əsasən, Ermənistanın baş nazirinin qəbulu avqustun 8-nə, saat 14:30-a təyin edilib. Vaşinqton vaxtı ilə Azərbaycan rəhbəri ilə danışıqlar saat 15:20-də başlayacaq. Həmin gün saat 16:00-da D.Tramp, Azərbaycan Prezidenti və Ermənistan baş nazirinin birgə bəyanatı gözlənilir.

İ.Əliyev və N.Paşinyanın Vaşinqtonda Trampın iştirakı ilə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi ilə bağlı memorandum imzalayacaqları gözlənilir.

Musavat.com xəbər verir ki, görüşün məqsədi tərəflər arasında uzun illər davam edən münaqişəyə son qoyacaq sülh sazişinin əldə olunmasıdır. Məlumatı “The Washington Post” qəzeti Ağ Evdəki iki yüksək vəzifəli məmura istinadla yayıb.

Sonuncu görüş iyul ayında Birləşmiş Ərəb Əmirliklərində baş tutmuşdu. Bu dəfə isə Trampın şəxsi təşəbbüsü ilə Vaşinqtonda keçiriləcək zirvə sülhün imzası üçün real imkan kimi qiymətləndirilir. Məqalədə qeyd olunur ki, ABŞ prezidenti bu görüşlə beynəlxalq konfliktlərin həllində vasitəçi rolunu daha da gücləndirmək və dünya liderlərinin ona bəxş etdiyi Nobel Sülh Mükafatı namizədliyini möhkəmləndirmək niyyətindədir.

AZƏRTAC da yayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin avqustunda 6-da ABŞ-a səfəri gözlənilir. Agentlikdə dərc edilən məqalədə deyilir ki, İlham Əliyevin ABŞ-a səfəri yalnız Azərbaycan-Amerika ikitərəfli münasibətləri baxımından deyil, həm də regional sabitlik və qlobal təhlükəsizlik kontekstində xüsusi əhəmiyyət kəsb edir.

“Prezidentlər arasında yüksəksəviyyəli danışıqlarda siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığın genişləndirilməsi, enerji və nəqliyyat layihələri üzrə strateji tərəfdaşlığın möhkəmləndirilməsi, eyni zamanda Cənubi Qafqazda sülh prosesinin irəlilədilməsi kimi məsələlərin müzakirə olunacağı gözlənilir. Səfər həmçinin Azərbaycanın beynəlxalq nüfuzunun artması və regionda balanslı, eyni zamanda proaktiv xarici siyasət kursunun davam etdirilməsi baxımından mühüm mərhələ kimi dəyərləndirilməlidir. Tərəflər arasında konkret razılaşmalar əldə ediləcəyi təqdirdə, bu, həm regional sabitlik və dayanıqlı əməkdaşlıq üçün yeni imkanların yaranmasına, həm də ABŞ-Azərbaycan münasibətlərinin keyfiyyətcə yeni mərhələyə keçməsinə səbəb ola bilər.

Səfərin strateji əhəmiyyətini müəyyən edən əsas məqamlardan biri də onun iki əsas istiqamət üzrə formalaşmasıdır: bir tərəfdən Azərbaycan və ABŞ arasında ikitərəfli siyasi, iqtisadi və təhlükəsizlik əlaqələrinin dərinləşdirilməsi, digər tərəfdən isə Azərbaycanla Ermənistan arasında davam edən sülh gündəliyinin müzakirəsi", - məqalədə bildirilir.

Ermənistanın Baş naziri Nikol Paşinyan isə 7-8 avqust tarixlərində ABŞ-a səfər edəcək. Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Analitik Elxan Şahinoğlunun fikrincə, vaxtilə Qarabağ məsələsi ilə məşğul olan 3 həmsədrdən ikisi - Rusiya və Fransa müxtəlif səbəblərdən məkan kimi seçilə bilməz. Onun sözlərinə görə, görünür, Vaşinqton yaranan fürsətdən öz xeyrinə istifadə etməyə çalışır: “Təsadüfi deyil ki, Tramp iyulun 18-də amerikalı senatorlarla şam yeməyində "Ermənistan, Azərbaycan, biz orada möcüzə yaratdıq və artıq məqsədə yaxınıq" ifadəsini işlətmişdi. Yəni Tramp bununla demək istəyirdi ki, sülh sazişinin hazırlanmasında və tərəfləri bir-birinə yaxınlaşdırmaqda onun administrasiyasının da payı var. Halbuki Bakı və İrəvan bu günə qədər danışıqlarda nə əldə ediblərsə, bu birbaşa dialoq və müzakirələr nəticəsində baş tutub. Buna baxmayaraq, Bakı və İrəvan Tramp administrasiyası ilə yaxşı münasibətlərə ümid bəslədiklərindən Ağ Ev sahibinin rolunu kiçildən açıqlama vermədilər".

Politoloq hesab edir ki, Ukrayna müharibəsində, o cümlədən Yaxın Şərq sülh prosesində uğur qazana bilmir, ona belə vəziyyətdə fərqli uğur hekayəsi lazımdır. Bu da Vaşinqtonda Azərbaycan və Ermənistan liderlərinin sülh sazişini imzalamaları və ya paraflamaları ola bilər.


Geri qayıt