Əsas Səhifə > Ana xəbər / Güney Press > Dollar bu halda bahalaşacaq
Dollar bu halda bahalaşacaqBu gün, 07:06 |
Azərbaycan Mərkəzi Bankı avqustun 6-na olan valyuta məzənnələrini açıqlayıb. Dolların məzənnəsi dəyişməz qalsa da, avro bahalaşıb, rubl isə ucuzlaşıb. Ekspertlər yaxın vaxtlarda dolların sabit qalacağını desə də, anidən bahalaşma ehtimalı da istisna edilmir. Globalinfo.az-a danışan iqtisadçı Kənan Quluzadə deyib ki, prosesin baş verməsi üçün müəyyən iqtisadi və geosiyasi şərtlər lazımdır. Onun sözlərinə görə, şərtlərin bir çoxu Azərbaycanın daxili imkanlarından deyil, xarici amillərdən asılıdır: “İlk növbədə nəzərə almaq lazımdır ki, Azərbaycanın xarici ticarətinin əsas hissəsini neft və neft məhsulları təşkil edir. Bu səbəbdən dünya bazarlarında neftin qiymətinin ucuzlaşması ölkə gəlirlərinin azalmasına birbaşa təsir edir. Məsələn, “Brent” markalı neftin bir barelinin qiyməti 10-15 faiz azaldığı halda, bu, artıq Mərkəzi Bankın valyuta ehtiyatlarına və gəlirlərinə mənfi təsir göstərir. Nəticədə manatın məzənnəsini sabit saxlamaq üçün imkanlar zəifləyə bilər. Digər mühüm faktor isə regiondakı geosiyasi vəziyyətdir. Əgər bölgədə gözlənilməz gərginlik və ya siyasi böhran yaşanarsa, bu, təkcə Azərbaycanın deyil, bütövlükdə region ölkələrinin valyutalarına təzyiq yarada bilər”. İqtisadçı deyib ki, manatın ucuzlaşmasına səbəb ola biləcək daha bir amil isə idxal-ixrac balansındakı dəyişiklikdir: “Əgər idxal kəskin şəkildə artarsa, bazarda dollara olan tələb yüksələr və bu da manata təzyiq yaradar. Bu fonda əhali arasında psixoloji panika da baş verə bilər. Yəni insanlar əllərindəki manatı xarici valyutaya çevirməyə çalışdıqda, nəticədə xarici valyutaya tələbat artar və bu, manatın məzənnəsinə mənfi təsir göstərər. Lakin bütün bu ehtimallara baxmayaraq, hazırkı iqtisadi vəziyyət manatın ucuzlaşması üçün ciddi risk daşımır. Bir neçə mühüm amil bu stabilliyi təmin edir: Azərbaycan Mərkəzi Bankının kifayət qədər valyuta ehtiyatı var və bu, mümkün tələbi qarşılayacaq səviyyədədir; Neftin dünya bazar qiyməti hələ də dövlət büdcəsində nəzərdə tutulan qiymətdən yüksəkdir; Azərbaycanın iqtisadi siyasətində manatın sabit məzənnəsinin qorunması əsas prioritetlərdəndir”. İqtisadçı son olaraq qeyd edib ki, artıq təxminən 10 ilə yaxındır Azərbaycan manatı sabit olaraq qalır, ciddi dəyər itkisi müşahidə olunmur. Geri qayıt |