Əsas Səhifə > Ana xəbər / Güney Press > SÜLH MÜQAVİLƏSİ bu həftə imzalanır?

SÜLH MÜQAVİLƏSİ bu həftə imzalanır?


Bu gün, 07:20

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan cümə günü Vaşinqtonda sülh sazişi imzalamaq üçün görüşə hazırlaşırlar.


Bu barədə ABŞ Dövlət Departamentində akkreditə olunmuş jurnalist Aleks Raufoglu öz sosial şəbəkə hesabında məlumat verib.

Bildirilib ki, cümə günü ABŞ Prezidenti Donald Tramp Azərbaycan və Ermənistan liderlərini Ağ Evdə qəbul edəcək.

Yayılan məlumat rəsmi olmasa da, etibarlı hesab olunan mənbə tərəfindən yayılması bu görüşün reallıq payını artırır.

Bəs görəsən bu görüşün baş tutması və burada sülh müqaviləsinin bağlanması nə qədər realdır?

Milli Məclisin deputatı Arzu Nağıyev Referans-a açıqlamasında bu məlumatın real olma ehtimalından danışıb.

“Azərbaycan Prezeidenti Cənab İlham Əliyevlə Ermənistan Baş Naziri Nikol Paşinyanın Vaşinqtonda sülh sazişi imzalamaqla bağlı görüşə hazırlaşması barədə kütləvi informasiya vasitələrində məlumat olsa da, bu sadəcə ehtimal xarakterlidir. Bunun həqiqətən də baş tutub-tutmayacağı rəsmi formada təsdiq edilməyib. Məlumdur ki, ABŞ, eyni zamanda, şəxsən Donald Tramp Ermənistan-Azərbaycan arasında sülh sazişinin tezliklər imzalanmasına həddindən artıq maraq göstərir. Seçki qabağı kompaniyasında da bu haqda dəfələrlə məlumat vermişdi. Məlumdur ki, istər Ukrayna-Rusiya, istərsə də digər məsələlərlə bağlı seçki öncəsi verdiyi bəyanatlar öz təsdiqini tapmadı lakin problemlərin həlli istiqamətində o öz səylərini artırmaqda davam edir. Qərb üçün əsas prioritet Cənubi Qafqazda Rusiya təsirinin azaldılmasıdır və buna görə də ABŞ regionda özünün yenidən aktivləşdirilməsinə cəhd göstərir, burada vasitəçilik rolunu öz üzərinə götürməyə çalışır. Buna baxmayaraq, Cənab Prezident İlham Əliyev öz çıxışlarında və bəyanatlarında qeyd edib ki, Azərbaycan sülh sazişi hazırlamağa hazırdır lakin Ermənistan bunun üçün mütləq şəkildə öz siyasi, real iradəsini ortaya qoymalıdır. Paşinyanın da son vaxtlar Rusiyadan uzaqlaşaraq Qərbə yönəlməsi Fransa və ABŞ ilə hərbi-diplomatik əməkdaşlığı genişləndirməsi bir daha göstərir ki, həqiqətən də onlar Rusiyanın vasitəçi olmasını istəmir və bu istiqamətdə addımlar atır. Məlumdur ki, sülh bərqərar olarsa, burada həm Qərb, həm də ABŞ özünü bir sıra maraqlarını ortaya qoya bilər. Lakin Azərbaycan da mütləq şəkildə öz tələb və təkliflərini irəli sürüb bunlara nail olmalıdır və bunun üçün addımlar atılır. Birinci məsələ Ermənistan konstitusiyasına dəyişilik edilməsidir. Bu, əsas tələblərimizdən biridir və mütləq şəkildə baş tutmalıdır. Digər məsələ ATƏT-in Minsk qrupunun təmamilə ləğv olunması və bunun rəsmi sənədlərlə təsdiq olunmasıdır”.

Deputat qeyd edib ki, bu tələblərin təmin olunmasın Türkiyənin və Qərbin dəstəyini görə bilərik amma Kreml ciddi-cəhdlə bunun qarşısını almağa çalışacaq. Buna da hazır olmalıyıq.

“Sülh müqaviləsinin imzalanması mümkündür lakin Ermənistan burada ciddi addımlar atmalıdır. Təbii ki, ABŞ da istəyir ki, proses sürətlənsin. Əgər bu görüş baş tutsa, bir neçə digər mühüm məsələlər də müzakirə obyekti ola bilər. Bura sərhədlərin delimitasiya, demarkasiyası, kommunikasiyaların açılması və sərhədboyu təhlükəsizliyin bərpası, Zəngəzur dəhlizinin statusu və konkret açılışı məsələsi, Qarabağdan köçmüş erməni əhalisinin reinteqrasiyası məsələsini də Ermənistan ortaya qoya bilər və başqa məsələlər daxil ola bilər. Bu görüş ciddi siyasi hadisə ola bilər. Vaşinqton yalnız Azərbaycanın tam şəkildə hüquqları qorunmaq şərti ilə bu məsələnin həllinə çalışmalıdır”.

Politoloq Turan Rzayev isə qeyd edib ki, bu tipli xəbərlər adətən tərəflərin nəbzini yoxlamaq üçün də dünya mətbuatına yayılır.

“Rəsmi bəyanatın olmaması bu görüşü qeyri-müəyyən edir. Prinsipcə, iki ölkə arasında sülh sazişi sənədi hazırdır, təbii ki, mübahisəli məsələlər qalmaqdadır. Amma ən azında ilkin sülh müqaviləsi üçün demək olar ki, işlər böyük ölçüdə bitib. Görüş yerinin təyin edilmə məsələsi təbii ki, müzakirə edilə bilər amma bunun Vaşinqtonda baş tutub-tutmayacağı sual altındadır. Çünki faktiki olaraq bundan əvvəlki görüş neytral ölkə olan BƏƏ-də - Əbu Dabi şəhərində baş tutmuşdu. Bu ölkənin seçilməsi təsadüfi deyil, BƏƏ-nin həm iki ölkə ilə yaxşı münasibətləri var, həm də tərəfsiz ölkədir. Amma hazırda qeyd edildiyi kimi ABŞ-ın vasitəçiliyi ilə görüşün keçirilməsi işin rəngini müəyyən qədər dəyişir. Bu tipli xəbərlər adətən tərəflərin nəbzini yoxlamaq üçün də verilir. Müqayisə üçün demək olar ki, İspaniya nəşrində Zəngəzur dəhlizinin ABŞ-ın idarəsinə verilməsi ilə bağlı xəbərin yayılmasını da nümunə göstərə bilərik. Amma Azərbaycan tərəfi rəsmi olaraq buna razı olmadığını bildirdi və bir növ top Ermənistana atıldı. Bu məqamda ABŞ-da belə bir görüş keçirilsə, Rusiya və digər qüvvələr də öz mövqelərini nümayiş etdirmək istəyəcəklər. Buna görə də, Azərbaycan tərəfsiz olan bir ölkə daxilində görüşün keçirilməsinin tərəfdarıdır. Xüsusilə, Tramp “Nobel sülh mükafatı” almaq istəyir. Bunun üçün də münaqişələri özünün və ölkəsinin moderatorluğunda bitirmək istəyir. Hazırda dünya üzrə yekunlaşması ən real görünən münaqişə Azərbaycan-Ermənistan münaqişəsidir. Tramp da bunun fərqindədir və bu münaqişəni bitirib həmin mükafatı almaq istəyir. Bəs Azərbaycan bunda maraqlıdırmı? Mən Bakının bu qədər sürətli və tərəf əsaslı bitməsində maraqlı olduğunu düşünmürəm. Təbii ki, şəraitdən və vəziyyətdən asılı olaraq fərqli ssenarilərin də şahidi ola bilərik amma ən azından Azərbaycan Amerikanın vasitəçiliyində prosesin bitməsini istəsə idi, bundan əvvəlki görüş Əbu Dabidə deyil, ABŞ-ın istənilən şəhərində baş tuta bilərdi. Ona görə də hələ ki gözləmək lazımdır. Rəsmi Bakının mövqeyi bəlli olduqdan sonra biz bu suallara daha dəqiq cavab verə bilərik”.


Geri qayıt