Əsas Səhifə > Ana xəbər / Güney Press > Ağ Ev Güney Qafqazda nələri planlayır?

Ağ Ev Güney Qafqazda nələri planlayır?


Bu gün, 07:13

Azərbaycan və Ermənistan bu həftə Vaşinqtonda sülhə dair niyyətlərini rəsmi şəkildə bəyan etməyə hazırlaşırlar. Bu barədə ABŞ-də yaşayan jurnalist, “Foreign Press” və “Kyiv Post” nəşrlərinin müxbiri Aleks Raufoğlu öz sosial media hesabında məlumat yayıb.

Məlumata görə, avqustun 9-da ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Ermənistan Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyevin Ağ Evdə görüşü baş tuta bilər.

Hazırda bu barədə rəsmi təsdiq verilməsə də, jurnalistin iddiası regional və beynəlxalq medianın diqqətini cəlb edib. Raufoğlunun yazdığına görə, tərəflər Vaşinqtonda sülh prosesinin yeni mərhələsinə keçmək niyyətindədir və bu təşəbbüs Trampın vasitəçiliyi ilə həyata keçirilə bilər.

Qeyd edək ki, diplomatik mənbələr Pressklub.azın sorğusuna cavab olaraq bu görüşün reallaşacağını istisna etməyiblər. Ermənistan rəsmiləri və mediası isə bu barədə hələ ki, susur. Hökumətə yaxın teleqram kanalları Aleks Raufoğlunun yaydığı məlumatı paylaşmaqla kifayətləniblər.

Daha əvvəl ABŞ Dövlət Departamenti Azərbaycan və Ermənistan arasında danışıqların dəstəklənməsində maraqlı olduğunu bəyan etmişdi. Həmçinin Trampın son aylarda Cənubi Qafqaza artan marağı və seçkiqabağı xarici siyasət fəallığı bu görüşün Vaşinqtonda reallaşmasını mümkün edir.

Tərəflər son dəfə iyulun 10-da BƏƏ-nin paytaxtı Əbu-Dabidə birbaşa danışıqlar aparıblar. Həmin görüşdə sülh sazişi mətninin paraflanması, yəni imzalanmadan ilkin razılaşmanın əldə olunması müzakirə olunub. Azərbaycanın mövqeyinə görə, yekun sazişin imzalanması üçün Ermənistan Konstitusiyasına dəyişikliklər edilməli, Qarabağa dair iddialardan imtina olunmalı, həmçinin ATƏT-in Minsk Qrupunun buraxılması sənədə daxil edilməlidir.

Lakin Ermənistan Konstitusiyasında qısa müddətdə dəyişikliklərin edilməsi real görünmür. Buna görə də rəsmi Bakı mart ayında razılaşdırılmış sənədin paraflanması variantını irəli sürüb. Hazırda məlum deyil ki, Əliyev və Paşinyan Vaşinqtona paraflama üçün, yoxsa yekun sülh sazişini imzalamaq üçün dəvət olunublar.

Son günlər ABŞ rəsmiləri verdikləri açıqlamalarda Azərbaycan və Ermənistanın sülhə çox yaxın olduğunu bildirirlər. ABŞ Senatının respublikaçı üzvü Stiv Deyns The Wall Street Journalda dərc olunan məqaləsində Tramp administrasiyasının bu prosesdə ciddi irəliləyiş əldə etdiyini vurğulayıb.

“Prezident Tramp Ermənistan və Azərbaycan arasında Cənubi Qafqazda sülh sazişi bağlamağa çox yaxındır. Bu, region və beynəlxalq sabitlik üçün böyük uğur, həm də iqtisadi faydaları uzaq coğrafiyalara qədər uzanan əlamətdar hadisə olar”, - deyə Deyns qeyd edib.

Senator əlavə edib ki, hər iki ölkə hazırda Rusiyanın bölgədəki dominant rolunun təsirindən çıxmağa çalışır və ABŞ-nin də prioritetlərinə uyğun olan müstəqil gələcək qurmaq istəyir.

Prezident Tramp da iyulun 18-də bildirib ki, tərəflər sülhə çox yaxındır: “Biz orada möcüzə yaratdıq. Saziş, demək olar ki, hazırdır”.

Bundan başqa, Vaşinqtonun təşəbbüsü ilə təqdim olunan Zəngəzur dəhlizi planı da masadadır. Plana əsasən, Ermənistan ərazisindən keçən 42 kilometrlik kommunikasiya xətləri ABŞ özəl şirkəti tərəfindən idarə olunacaq. Ermənistan tərəfi bu təklifi qəbul etməyə hazır görünür. Bu səbəbdən Ağ Evin həm də Zəngəzur dəhlizi ilə bağlı razılaşmanı elan edə biləcəyi ehtimal olunur.

Politoloq Elxan Şahinoğlu bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan sülh sazişinin mətnini paraflamağa hazır olduqlarını həftələr öncə bəyan ediblər. Bu isə, onun sözlərinə görə, paraflamanın imzalanacağı tarixi və məkanı müəyyənləşdirmək məsələsinin qaldığını göstərir.

Elxan Şahinoğlu qeyd etdi ki, vaxtilə Qarabağ məsələsi ilə məşğul olan üç həmsədrdən ikisi - Rusiya və Fransa müxtəlif səbəblərdən məkan kimi seçilə bilməz. Ona görə də, görünür ki, Vaşinqton yaranan fürsətdən öz xeyrinə istifadə etməyə çalışır.

Politoloq əlavə edib ki, ABŞ Prezidenti Donald Tramp iyulun 18-də amerikalı senatorlarla şam yeməyində “Ermənistan, Azərbaycan, biz orada möcüzə yaratdıq və artıq məqsədə yaxınıq” ifadəsini işlədib. Bu sözlərlə Tramp sülh sazişinin hazırlanmasında və tərəfləri yaxınlaşdırmaqda öz administrasiyasının payı olduğunu vurğulamaq istəyib.

Elxan Şahinoğlu bildirib ki, Bakı və İrəvan indiyədək əldə etdikləri razılaşmaların böyük hissəsini birbaşa dialoq və müzakirələr nəticəsində əldə ediblər. Buna baxmayaraq, tərəflər Tramp administrasiyası ilə yaxşı münasibətlərə ümid bəslədiklərindən Ağ Ev sahibinin rolunu kiçildən açıqlamalar verməyiblər.

Politoloq həmçinin qeyd edib ki, Tramp, verdiyi vədlərin əksinə olaraq, Rusiya-Ukrayna müharibəsində və Yaxın Şərq sülh prosesində uğur qazana bilməyib, belə bir vəziyyətdə fərqli uğur hekayəsinə ehtiyac var. Bu hekayə isə Vaşinqtonda Azərbaycan və Ermənistan liderlərinin sülh sazişini imzalamaları və ya paraflamaları ola bilər.

Elxan Şahinoğlu vurğulayıb ki, Bakının iki əsas tələbi - Ermənistan Konstitusiyasında dəyişiklik və Minsk Qrupundan imtina gündəmdə öz əhəmiyyətini qoruyur.

Pressklub.az


Geri qayıt