Əsas Səhifə > Ana xəbər / Güney Press > Rusiyanın Cənubi Qafqaza “hücum”u başlayır
Rusiyanın Cənubi Qafqaza “hücum”u başlayırBu gün, 06:20 |
Qazaxıstan ətrafında son vaxtlar müşahidə olunan gərginlik və Rusiyanın bu ölkəyə qarşı sərgilədiyi ritorika yalnız ikitərəfli münasibətlərin pozulması kimi yox, həm də daha geniş geosiyasi kontekstdə – Türk Dövlətləri Təşkilatına (TDT) yönəlmiş təzyiq strategiyası kimi qiymətləndirilir. Rusiya Prezidenti Vladimir Putinin son çıxışlarında Qazaxıstanın suverenlik siyasətinə yönəlik açıq və ya dolayı mesajlar, xüsusilə Astananın türk dünyası ilə inteqrasiya səylərinin fonunda diqqət çəkir. Analitiklərə görə, Kreml bu yolla postsovet məkanında formalaşan yeni siyasi-iqtisadi ittifaqlara, xüsusilə də TDT-nin artan nüfuzuna qarşı əngəl yaratmaq niyyətindədir. Qazaxıstan isə həm coğrafi mövqeyinə, həm də iqtisadi və siyasi potensialına görə türk dünyasında açar ölkə sayıldığından, ona qarşı hər cür təzyiq faktiki olaraq təşkilatın bütövlüyünə və inkişaf dinamikasına qarşı həmlə kimi qiymətləndirilə bilər. Globalinfo.az-a danışan siyasi şərhçi Turab Rzayev deyib ki, Rusiya dünya ictimaiyyəti tərəfindən təcrid olunduqca ətrafına qarşı daha aqressiv rəftar edəcək: “Kreml düşünür ki, müdafiəyə ehtiyacı var. İstəyir ki, bütün postsovet ölkələri birmənalı şəkildə onun yanında dayanıb, müdafiə etsin. Buna görə də təzyiqləri artırır. Söhbət təkcə Qazaxıstandan getmir, bənzər təzyiqlər Özbəkistan, Azərbaycan və Moldovaya da edilir. Amma əks reaksiya verir, çünki heç bir müstəqil ölkə bu təzyiqləri qəbul etməz. Rusiyanın təcrid edilməsi və üstəlik buna rəğmən təzyiqə əl atması təbii olaraq bu ölkələri ondan uzaqlaşdırıb alternativ güc mərkəzləri ilə əməkdaşlığa sövq edir. Məsələn, Azərbaycanın Türkiyə, Pakistan, Aİ və ABŞ-la münasibətləri çox yaxşıdır. Qazaxıstan da Aİ və NATO ilə son illərdə yaxşı əlaqələr qurub”. Politoloq qeyd edib ki, növbəti dönəmdə Rusiyanın həm Cənubi Qafqaz, həm də Mərkəzi Asiya ölkələri ilə daha gərgin münasibətlərinin şahidi olacağıq: “Rusiya özünə tabe etdirmə siyasəti yeritdikcə, bu ölkələr ondan uzaqlaşıb öz siyasi xətlərini tutacaqlar. Hazırkı vəziyyət TDT-nin gələcəyi ilə bağlı qərar verməli olduğunu göstərir. Yəni təşkilat güclənməli, həmrəyliyi artırmalıdır. Yalnız bu yolla Rusiyanın təzyiqlərinə qarşı lazımi güc əldə edilə bilər”. Geri qayıt |