Əsas Səhifə > Ana xəbər / Güney Press > İqtidar yeni dövrə hazırlaşır

İqtidar yeni dövrə hazırlaşır


Bu gün, 08:30

Azərbaycan Prezidenti İlham Əliyevin 26 iyul 2019-cu il tarixli sərəncamı ilə “Yüksəliş” müsabiqəsinin təsis edilməsi kadr potensialının formalaşdırılması məqsədi daşıyır.

Müsabiqə iştirakçıları 5 mərhələdən keçməlidir - qeydiyyat, onlayn seçim, üz-üzə mərhələ, yarımfinal və final. Xatırladaq ki, müsabiqənin onlayn seçim və əyani mərhələlərində müsabiqə iştirakçıları qiymətləndirilərkən ən qabaqcıl beynəlxalq imtahan sistemlərində (TOEFL, GMAT, SAT) tətbiq edilən T-score qiymətləndirmə üsulundan istifadə olunur. Azərbaycanda bu imtahan qiymətləndirmə sistemi ilk dəfə “Yüksəliş” yarışmasında tətbiq edilib. Nəticələrin hesablanmasında istifadə edilən bu üsul bu gün dünyada ən qabaqcıl və ədalətli hesab olunur.

Onu da deyək ki, iyulun 20-də Azərbaycanda menecmentin inkişafı sahəsində genişmiqyaslı respublika müsabiqələrindən biri olan beşinci “Yüksəliş” müsabiqəsinin final mərhələsi başa çatıb. Bu il müsabiqədə iştirak üçün müraciətlərin sayında bütün rekordlar qırılıb, yəni 16.553 nəfər ən yaxşı menecer adı uğrunda mübarizə aparmaq arzusunda olduğunu bildirib. Bu saydan yalnız bir neçə mərhələdə ciddi seçimdən keçən 124 finalçı təkcə bacarıqlarını deyil, həm də komanda işinə hazır olduqlarını, stresə davamlılıqlarını və strateji düşüncələrini nümayiş etdiriblər. Finalı Təşkilat Komitəsinin üzvləri ilə yanaşı, Prezident Administrasiyasının nümayəndələri, nazirlər, dövlət qurumlarının və komitə rəhbərləri də diqqətlə izləyiblər.

Beşinci müsabiqənin nəticələrinə əsasən, 20 nəfər qalib olub. 65%-i (13 nəfər) 31-40, 35%-i (7 nəfər) 21-30 yaş qrupundadır. Qaliblərin təhsil səviyyəsi də heyranedicidir: onlardan 15-i magistratura pilləsini, 3-ü isə doktorantura pilləsini bitirib. Onu da qeyd edək ki, qaliblər ölkənin hər yerindən gəlir. Qaliblərin 70 faizi (14 nəfər) Bakını, 30 faizi (6 nəfər) isə Azərbaycanın digər iqtisadi rayonlarını təmsil edir. 42,86 faizi dövlət sektorunda, 57,14 faizi isə özəl sektorda çalışır. Müsabiqənin başladığı 2019-cu ildən indiyədək ümumilikdə 39 536 iştirakçının şəxsi hesabı yaradılıb. Bu illər ərzində 116 nəfər qalib olub, 49 nəfər isə dövlət və özəl strukturlarda yüksək vəzifələrdə çalışaraq karyera yüksəlişi əldə edib.

Bu rəqəmlər isə təsdiqləyir ki, yalnız “Yüksəliş” müsabiqəsi ilə ölkənin kadr bankını yaratmaq çətindir. Bəs daha hansı addımlar atılmalıdır? Müasirləşən dünyada innovativ idarəçilik üçün nə kimi işlər görülməlidir? Artıq ənənəvi metodlar işə yaramır və yeni reallıqlarla ayaqlaşmaq, ona uyğunlaşmaq üçün gənc, bilikli kadrlardan istifadə etmək lazımdır. Dövlət qurumlarındakı vəzifələrdə yeni nəslin bilikli nümayəndələrinin təmsilçiliyi, onların önə çəkilməsi daha çox faydalı ola bilər. Çünki onlar müasir dövrün yeniliklərini, texnologiyalarını bilirlər, yeni yanaşmalar, ideyalar gətirirlər. Prezident İlham Əliyev vurğulayıb ki, müasir kadr siyasəti vətənpərvərlik, peşəkarlıq və milli dəyərlərə sadiqlik üzərində qurulmalıdır. Amma statistikadan görünür ki, görüləcək hələ çox iş var.

Bundan əlavə, hakim komandada davamlı olaraq gənc kadrların irəli çəkilməsi prosesi getsə də, onlardan narazılıq da olur. Yaşlı məmurların yerinə gənclər təyin edilməsi nəticəsində etimadı doğruldan da oldu, doğrultmayan da.

Ümumilikdə, ölkədə kadr təyinatlarında daha çox gənclərə üstünlük verilir. Prezident İlham Əliyevin savadlı gənc kadrları vəzifələrə təyin etməsi kadr islahatlarının ən ciddi komponentlərindəndir və hər kəs tərəfindən dəstəklənir. Prezident kadrları təyin edərkən görürük ki, onları qəbul edir, necə işləmələri barədə tövsiyə və göstərişlərini verir. Bəzi müşahidəçilərin fikrincə, gənc kadrlar vəzifələrə gedəndə onlar yanlarında təcrübəsi olan, işi dərindən bilən yaşlı kadrlardan saxlamalıdırlar. Yəni ucdantutma bütün təcrübəli, yaşlı kadrları dərhal kənarlaşdırmamalıdır.

Parlamentin Elm və Təhsil Komitəsinin üzvü Ceyhun Məmmədov “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, hər bir dövlətin idarəçiliyində yaxşı kadr önəmli faktordur. Deputat vurğuladı ki, hətta məşhur deyim də var: kadr hər şeyi həll edir. Onun sözlərinə görə, bütün ölkələr çalışırlar ki, savadlı kadr yetişdirsinlər, həmçinin təcrübəli kadrların biliklərini yeni nəslə ötürsünlər. “Çünki dövlət qulluğu tamamilə fərqli məsələdir. Bu gün dünyagörüşü zəngin kadrlara böyük ehtiyac var. Xüsusən də dövlətçilik ənənələri güclü olan ölkələrdə kadr potensialının zəngin olması əhəmiyyət daşıyır. Məsələn, İranı qeyd etmək olar. Azərbaycanda da bu gün qarşımızda duran vəzifələrdən biri savadlı kadrlar yetişdirə bilməkdir”, - deyə Ceyhun Məmmədov bildirdi.

Parlament üzvü hesab edir ki, yeni kadrların dövlətçiliyə baxışı, dövlətçilik təfəkkürü də olduqca mühümdür: “Onun təkcə savadı bütün məsələləri həll etmir. Onun dünyagörüşü və vətənə bağlılığı önəmli məqamlardır. Bu səbəbdən, ”Yüksəliş" müsabiqəsi görülən yaxşı tədbirlərdən biridir. Dövlət çalışır ki, bacarıqlı kadrları müəyyən etsin. Bu müsabiqə ilə yanaşı təcrübəli kadrları da qorumalıyıq və onların biliklərinin gənc nəslə ötürülməsinə nail olmalıyıq. Məsələn, vəzifəyə yeni bir rəhbər təyin olunur və sonra əməkdaşların çoxu ilə vidalaşır. Bu zaman əlaqələr qırılır, idarəçilikdə sistem pozulur. Sözsüz ki, işə yaramayan əməkdaş kənarlaşdırıla bilər, amma kütləvi olanda ənənə, sistem dağılmağa başlanır. Yəni bunun qarşısı alınmalıdır".

Deputatın sözlərinə görə, “Yüksəliş”lə bərabər Dövlət İdarəçilik Akademiyası da var və kadr yetişdirməklə məşğuldur: “Orada təlimlər, kurslar keçirilir. Məsələn, mən İranı nəyə görə qeyd etdim, qonşu ölkədə bir kadrı əvəz edəcək 10 namizəd tapılır, sistem saxlanır. Yəni yeni gələn məmur dövlətin strategiyasını davam etdirməlidir, onu dağıtmalı deyil. Təəssüf ki, bəzən bunun əksini görə bilirik. Odur ki, ”Yüksəliş" müsabiqəsi yaxşı yarışdır. Amma məni narahat edən məqamlardan biri də bəzilərində dövlətçilik təfəkkürünün zəif olmasıdır. Bu istiqamətdə iş aparılmalıdır".


Geri qayıt