Əsas Səhifə > Ana xəbər / Güney Press > İkili yanaşma və İranın qəribə Azərbaycan taktikası
İkili yanaşma və İranın qəribə Azərbaycan taktikasıBu gün, 06:24 |
İranın Azərbaycana münasibəti ilə bağlı olduqca qəribə və ikili yanaşma davam edir. Bir tərəfdən, İran prezidenti Pezeşkian mütəmadi olaraq Bakı ilə əməkdaşlığın inkişafına və Azərbaycanla əlaqələrin dərinləşdirilməsinə yönəlmiş bəyanatlar verir. Sonuncu belə çıxış dünən olub. Bundan əlavə, Pezeşkian qısa prezidentlik müddətindəartıq iki dəfə Azərbaycana səfər edib. Digər tərəfdən isə İranın yüksək siyasi çevrələrində tam əks mövqeli bəyanatlar səsləndirilir. İranın ali lideri ayətullah Əli Xameneinin baş müşaviri Əli Əkbər Vilayəti bir neçə gün əvvəl bildirib ki, Zəngəzur dəhlizi ABŞ və İsrail tərəfindən İranın təhlükəsizliyini pozmaq məqsədilə hazırlanmış geosiyasi layihədir. O, həmçinin Azərbaycan Respublikası və Zəngəzur dəhlizi ilə bağlı hansısa “geosiyasi problemlər” gördüyünü deyib. Vilayəti həmçinin xatırladıb ki, İkinci Qarabağ müharibəsindən sonra İran qoşunlarını sərhədə cəmləşdirib və bu layihənin qarşısını almaq məqsədilə hərbi təlimlər keçirib. Guya ki, İran bununla milli təhlükəsizliyin İran üçün “qırmızı xətt” olduğunu göstərmək istəyib. Məlumdur ki, İranda ali liderin xəbəri və razılığı olmadan heç bir qərar verilmir. Bu isə onu göstərir ki, ölkədə paralel şəkildə Azərbaycana münasibətdə tamamilə zidd iki mövqe mövcuddur. Bu cür daimi mövqe fərqi ilə qarşılaşmaq isə təbii ki, bütün qonşularla sabit münasibət qurmağa çalışan rəsmi Bakı üçün asan məsələ deyil. Bəs bu “paralellik” necə başa düşülməlidir? Xamenei niyə bu iki fərqli yanaşmanın mövcud olmasına imkan verir? Tanınmış politoloq, “Şərq-Qərb Araşdırmalar Mərkəzi”nin direktoru Ərəstun Oruclu Pressklub.az-a açıqlamasında suallara aydınlıq gətirib. Onun sözlərinə görə, bu siyasətin mahiyyətini anlamaq üçün İranın xarici siyasətinin prinsiplərinə nəzər salmaq lazımdır. İran Azərbaycana qarşı siyasətində iki əsas məqamı daima (son illər xüsusilə) önə çıxarır. Birincisi, Azərbaycan ilə İsrail arasında münasibətlərdir. İkincisi isə 2020-ci ildə ərazilərin azad olunmasından sonra gündəm gələn Zəngəzur dəhlizi məsələsidir. Müharibədən dərhal sonra Azərbaycan bu dəhlizin açılmasının vacibliyini vurğulamağa başladı. Hətta bəzən bəyanatlarda deyilirdi ki, bu, hərbi yolla da mümkün ola bilər. Təbii ki, bu, İranda narahatlıq doğururdu və onlar bu açıqlamalara aqressiv reaksiya verirdilər. Son zamanlar bu məsələlər müəyyən qədər ortadan qalxıb. Ərəstun Oruclu əlavə edib ki, Tehranın Bakıya qarşı hərəkətlərinə səbəb olan əsas amil daha dərindir. “Əsas problem qonşuluqda müstəqil, dünyəvi Azərbaycan dövlətinin mövcud olmasıdır. Bu isə İranı narahat edir. İran Azərbaycanın müstəqillik qazandığı ilk gündən bəri daim təzyiq göstərməyə çalışıb. Səbəb isə aydındır – İranda başa düşürlər ki, azərbaycanlıların İranın tərkibində (yəni Cənubi Azərbaycanda) iki əsrlik mövcudluğu arzu olunan nəticələrə gətirib çıxarmayıb. Xüsusilə də assimilyasiya baxımından bu baş verməyib. Düzdür, ədalət naminə demək lazımdır ki, bu gün İranda teokratik sistem olsa da, Pəhləvi dövründəki assimilyasiya siyasəti daha sərt idi. Həmin vaxt küçələrdə azərbaycanca danışmaq belə qadağan olunmuşdu. Yəni, İranın Azərbaycana qarşı bu cür münasibətinin əsas, köklü səbəbi dəyişməz olaraq qalır. Gələcəkdə Tehran Bakıya təzyiq göstərmək üçün hansı bəhanələri səsləndirəcək – bunu görəcəyik. Amma düşünürəm ki, bu cəhdlər səmərə verməyəcək. Əksinə, bu siyasət iki ölkə arasındakı münasibətlərin inkişafına mane olacaq və nəticədə ziyan verəcək. Ümid edirəm ki, Tehranda nəhayət bu gerçəyi anlayacaqlar. Azərbaycanla İsrail arasında əməkdaşlığa gəldikdə, Tehran özü də illərdir Ermənistanla əməkdaşlıq edir. Bəs bu nədir? Onlar bu əməkdaşlığı dayandırıb ki, Azərbaycan da İsraillə əməkdaşlığı dayandırsın? Axı hər bir ölkə öz xarici siyasətini milli maraqları əsasında formalaşdırır. Görünən odur ki, İran üçün Cənubi Qafqaz siyasətində Ermənistanla işləmək daha önəmlidir. Bizim üçün də milli təhlükəsizlik baxımından Türkiyə və İsraillə əməkdaşlıq daha məqbuldur. Reallıqla hesablaşmaq lazımdır. Və ümid edirəm ki, Tehranda bu reallığı dərk edəcəklər. Onların bu “ikili”, paralel yanaşması da məhz bu səbəblərdən qaynaqlanır. Yəni, bu, birinci növbədə Azərbaycanın dövlət olaraq mövcudluğudur. Çünki Azərbaycan dövləti dünya azərbaycanlıları, xüsusən də İranda yaşayan azərbaycanlılar üçün çox önəmli faktordur”, – Oruclu vurğulayıb. Geri qayıt |