Əsas Səhifə > Ana xəbər / Güney Press > Yeni doktrina formalaşır...

Yeni doktrina formalaşır...


Bu gün, 05:42

"Qərb Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesini regional kontekstdən çıxararaq öz maraqlarına tabe etdirməyə çalışır". Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib. Onun sözlərinə görə, Ermənistan və
Azərbaycan regional tərəfdaşları olan Rusiya, İran və Türkiyənin köməyi ilə konstruktiv və qarşılıqlı məqbul həll yolları axtararkən, Qərb oyunçuları region ölkələrinin maraqlarına məhəl qoymadan bu prosesə müdaxilə edirlər:
“Brüsseldən başqa bir yaxşı bəhanə - sırf fürsətçi bir tapşırıq. Qərblilər növbəti dəfə siyasi uğurlarını bəyan etmək üçün Bakı ilə İrəvan arasında barışıq prosesini öz istəklərinə çevirməyi hədəfləyirlər. Qərbin hərəkətləri regionda təhlükəsizliyin disbalansına gətirib çıxara, regional özünütəminat prinsipini poza bilər”.
 
Zaxarova bildirib ki, Moskva Vaşinqtonun regionda nəqliyyat blokunun açılması məsələsinin müzakirəsinə müdaxilə etmək cəhdlərini də qeydə alır:
“ABŞ həll yolu ilə bağlı unikal baxışını təqdim edib, lakin Rusiya əmindir ki, Vaşinqton Rusiya, Ermənistan və Azərbaycan baş nazirlərinin müavinlərinin həmsədrlik etdiyi üçtərəfli işçi qrupu çərçivəsində artıq əldə olunmuş razılaşmalardan kənara çıxan təkliflər irəli sürmək iqtidarında deyil. Qərbin Ermənistan hakimiyyətinə destruktiv təsiri qrupun işinə dağıdıcı təsir göstərib. Regionda fəaliyyət göstərən nəqliyyat infrastrukturu MDB standartlarına uyğundur, Ermənistan üçün isə Aİİ standartları və ümumi gömrük sahəsi əlavə təlimat rolunu oynayır”. Qeyd edək ki, ABŞ-nin Ermənistana Zəngəzur dəhlizinin təhlükəsizliyini öz üzərinə götürmək təklifi təqdim etdiyi və rəsmi İrəvanın bunu qəbul etdiyi haqda məlumat yayılıb.
 
Siyasi şərhçi Aqşin Kərimov "Şərq"ə deyib ki, Azərbaycan Zəngəzur dəhlizinə regional əlaqələrin formatlanması, genişlənməsi, onların yeni qlobal nizama uyğunlaşdırılması üçün strateji yol kimi baxır. Ekspert bildirib ki, bu, Azərbaycanın qlobal siyasətdəki çəkisini artıran mühüm faktor olaraq diqqət mərkəzinə düşür:
"Çünki Zəngəzur dəhlizi təkcə Naxçıvan Muxtar Respublikasına quru əlaqəsi deyil, eyni zamanda qlobal tədarük zəncirlərindəki sistemə yeni baxış gətirən layihədir. Buna görə də, Azərbaycan Zəngəzur dəhlizi layihəsini sabitliyin, təhlükəsizliyin, regional yenidənqurmanın gücləndirilməsi vasitəsi kimi beynəlxalq gündəlikdə əhəmiyyətli mövqelərə yerləşdirir. Bu, uzunmüddətli perspektiv üçün effektiv strategiya olaraq çoxqütblü əməkdaşlıq formalarını Azərbaycanın və onun strateji müttəfiqi Türkiyənin koordinasiyalı fəaliyyət rejiminə uyğunlaşdırır. Zəngəzur dəhlizi bununla bərabər regiondakı təhlükəsizlik boşluqlarına sızaraq geosiyasi təsir qazanmaq istəyən rəqib təsirlərə qarşı mübarizə üsullarını da yeniləyir. Azərbaycanın bu strateji məntiqlərdən irəli gələrək "Zəngəzuru müdafiə doktrinası"nı gücləndirdiyi görünür".

Geri qayıt