Əsas Səhifə > Ana xəbər / Güney Press > Azərbaycan reputasiya və iqtisadi itki riski ilə üz-üzədir

Azərbaycan reputasiya və iqtisadi itki riski ilə üz-üzədir


Dünən, 00:10

Azərbaycan neftinin əsas ixrac marşrutlarından olan Bakı–Tbilisi–Ceyhan (BTC) boru kəməri ilə dünya bazarlarına göndərilən məhsulun bəzi partiyalarında orqanik xlorid izləri aşkarlanıb. Bu barədə “Reuters” agentliyi məlumat yayıb. Çirklənmiş neftin artıq Avropa emal zavodlarına çatdırıldığı təsdiqlənib.

İtaliyanın enerji nəhəngi “Eni SpA” bəyan edib ki, çirklənmiş neft partiyalarından biri artıq onların emal zavoduna daxil olub. Bu isə məsələni regional çərçivədən çıxararaq, Avropa enerji təhlükəsizliyi və texniki sabitlik kontekstinə daşıyır.

Bu barədə xəbərlərin yayılmasının ardınca BTC xəttinin Ceyhan terminalında 19–23 iyul tarixlərində yükləmə əməliyyatları tam dayandırılıb. Bu, Azərbaycan neftinin dünya bazarına çıxarılmasında müvəqqəti fasiləyə səbəb olub. Sahə mənbələrinin verdiyi məlumata əsasən, azı 3-4 neft partiyasında çirklənmə qeydə alınıb.

Nəticədə Azərbaycan neftinin qiyməti son dörd ilin ən aşağı səviyyəsinə enib. Ekspertlər bu halın Azərbaycanın ixrac gəlirlərinə və “etibarlı təchizatçı” imicinə zərbə vurduğunu bildirirlər.

BP: Araşdırma gedir, bəzi çənlər təcrid olunub

BTC layihəsinin operatoru olan BP şirkəti yayılan məlumatları təsdiqləyib. “BP-Azərbaycan”ın mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı bildirib ki, BTC Co. dərhal araşdırmalara başlayıb və boru kəməri boyunca xam neftin keyfiyyəti yoxlanılıb: “Qiymətləndirmə nəticəsində bəlli olub ki, Ceyhan terminalındakı bəzi çənlərdə üzvi xloridlərin varlığı mövcuddur. Həmin çənlər dərhal təcrid olunub. Yükləmələr yalnız spesifikasiyaya uyğun məhsul saxlanılan çənlərdən həyata keçirilir”.

Bayatlı əlavə edib ki, bundan sonra hər tankerin yükləmə öncəsi nümunələri yoxlanılacaq və yalnız qəbul olunmuş texniki tələblərə cavab verən neft ixrac olunacaq.

İlham Şaban: “Bu, görünməmiş haldır”

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban məsələ ilə bağlı Pressklub.az-a bildirib ki, belə bir hal BTC fəaliyyətə başladığı gündən bəri ilk dəfədir qeydə alınır: “Bəzi iddialara görə, BTC ilə daşınan Qazaxıstan və Türkmənistan neftinin həcmi artıb və bu səbəbdən çirklənmə baş verib. Amma mən bununla razı deyiləm. Çünki xloridlərin texniki sistemə necə daxil olduğu hələlik məlum deyil. Bu, ciddi texniki araşdırma tələb edir”.

Ekspert bildirib ki, Səngəçal terminalında neft çənlərə daxil olmazdan əvvəl artıq maddələrdən təmizlənir. Bu baxımdan, çirklənmənin boru xəttinin hansı mərhələsində baş verdiyini müəyyənləşdirmək üçün detallı texniki təhlil lazımdır.

Xlorid nədir və niyə təhlükəlidir?

Orqanik xloridlər (xüsusilə C1 və C2 sinifləri) adətən neft hasilatı zamanı korroziya inhibitoru və ya sintetik qatqı kimi istifadə olunur. Lakin yüksək temperaturda parçalandıqda xlorid turşusu əmələ gətirərək, həm boru kəmərlərinə, həm də neft emalı zavodlarının avadanlıqlarına ciddi zərər verə bilir. Bu baxımdan, xlorid çirklənməsi təkcə iqtisadi deyil, həm də texnoloji təhlükədir.

Azərbaycan üçün ikiqat risk: etibar və gəlir

Hadisə BTC boru kəmərinin geosiyasi əhəmiyyətini və Azərbaycanın enerji diplomatiyasındakı yerini bir daha gündəmə gətirib. Hazırda Aİ ölkələrinin enerji təchizatında Azərbaycan mühüm tərəfdaş kimi çıxış edir. Belə texniki nasazlıqlar isə etibar problemini doğurur.

Məsələ operativ və şəffaf şəkildə araşdırılmasa, bu, BP və digər xarici investorların etimadını sarsıda, Avropa şirkətlərinin isə Azərbaycan neftinə qarşı ehtiyatlı mövqe sərgiləməsinə səbəb ola bilər.

Yekun olaraq qeyd edək ki, Bakı-Tbilisi-Ceyhan boru kəməri Azərbaycanın enerji sektorunun “onurğa sütunu” hesab olunur. Bu sistemdə baş verən hər hansı texniki və ya operativ problem təkcə Azərbaycan üçün deyil, regionun enerji sabitliyi üçün də təhdiddir. İndi əsas məsələ xlorid çirklənməsinin mənbəyinin tez bir zamanda müəyyən edilməsi, təkrarının qarşısının alınması və beynəlxalq tərəfdaşlara aydın və şəffaf izahatın verilməsidir.


Geri qayıt