Əsas Səhifə > Ana xəbər / Güney Press > Tehrandan İrəvana qəfil zəng: Zəngəzur “sancısı”
Tehrandan İrəvana qəfil zəng: Zəngəzur “sancısı”Dünən, 09:00 |
Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İran İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianla telefon danışığı aparıb. “Yeni Müsavat”ın məlumatına görə, əsas müzakirə mövzularından biri regional kommunikasiyaların açılması məsələsi olub. A.Qriqoryan bir daha vurğulayıb ki, Ermənistan bu məsələdə ərazi bütövlüyü, suverenlik və milli yurisdiksiya prinsiplərinə əsaslanır. Bu, birbaşa olaraq Azərbaycanın Zəngəzur dəhlizi ideyasına qarşı mövqe kimi qiymətləndirilir. Əhmədian da İranın bu məsələdəki mövqeyinin dəyişməz olduğunu bəyan edərək Ermənistanın yanaşmasını dəstəklədiyini bildirib. Tehran dəfələrlə bəyan edib ki, regionda eksterritorial (yəni suveren dövlətin nəzarətindən kənar) dəhlizlərə qarşıdır. Eyni gündə İranın Ermənistandakı səfiri Mehdi Sobhani növbəti dəfə destruktiv mövqe sərgiləyib. “Ermənistan hakimiyyəti İran tərəfini əmin edib ki, digər ölkələrlə, o cümlədən Avropa ölkələri ilə əməkdaşlığın inkişafı İrəvan və Tehran arasında münasibətlərə zərər vermir”. Musavat.com erməni mediasına istinadən bildirir ki, bunu İranın Ermənistandakı səfiri Mehdi Sobhani deyib. Onun sözlərinə görə, Tehran erməni dostlarına güvənir. Mehdi Sobhani Ermənistanın İctimai Televiziyasına müsahibəsində deyib ki, Ermənistan hökuməti İranla əməkdaşlığa kifayət qədər həssas yanaşır. Diplomat qeyd edib ki, Tehran həmçinin regionda sülhün və sabitliyin möhkəmləndirilməsində, İrəvanla qonşuları arasında dinc yanaşı yaşamada maraqlıdır. İyulun 18-də isə Vaşinqtonda ABŞ Dövlət Departamentinin ənənəvi media brifinqi keçirilib. Brifinq zamanı ABŞ Dövlət Departamentinin mətbuat katibi Temmi Bryus (Tammy Bruce) yerli və xarici jurnalistlərin aktual mövzularla bağlı suallarını cavablandırıb. Musavat.com xəbər verir ki, tədbirdə iştirak edən jurnalist və hüquq müdafiəçisi Əhməd Şahidov Cənubi Qafqazda son günlərin ən çox müzakirə olunan geosiyasi məsələlərindən biri olan Zəngəzur koridorunun açılması ilə bağlı ABŞ hökumətinin rəsmi mövqeyini gündəmə gətirib. Əhməd Şahidov sualında qeyd edib ki, ötən həftə ABŞ-ın Türkiyədəki səfiri Tomas Barrak (Thomas Barrack) media qarşısında çıxışında Zəngəzur Koridorunun idarəçiliyinin 100 illik müddətə bir Amerika şirkətinə verilməsinin mümkün olduğunu bildirib. Bu bəyanat Cənubi Qafqazda geniş rezonans doğurub və bir sıra siyasi dairələrdə, o cümlədən Rusiya və İranda ciddi narahatlığa səbəb olub. Moskva və Tehran bu koridora nəzarəti öz əllərində saxlamaq istədiklərini açıq şəkildə bəyan ediblər. Bu kontekstdə, Əhməd Şahidovun sualı Birləşmiş Ştatların rəsmi qurumlarının Zəngəzur Koridoruna və ümumiyyətlə, bölgədə kommunikasiya yollarının açılması ilə bağlı strateji yanaşmasını öyrənmək məqsədi daşıyıb. Suala cavab verən Dövlət Departamentinin mətbuat katibi Tammy Bruce bildirib ki, bu məsələ birbaşa Ağ Evin səlahiyyətinə daxildir və yekun qərar prezident səviyyəsində verilir. Bununla belə, o, ABŞ hökumətinin Cənubi Qafqazda sülh təşəbbüslərini, Azərbaycan və Ermənistan arasında dayanıqlı və davamlı sülhün əldə olunması prosesini dəstəklədiyini bildirib. Mətbuat katibi əlavə edib ki, prezident Donald Tramp və dövlət katibi Marko Rubio daha əvvəl bu mövzu ilə bağlı açıq bəyanatlar verərək regional kommunikasiya və infrastruktur layihələrinin sülhə töhfə verəcəyini vurğulayıblar. ABŞ tərəfi hesab edir ki, nəqliyyat və iqtisadi əlaqələrin açılması Cənubi Qafqazda etimad mühitini möhkəmləndirə, iqtisadi əməkdaşlığı artıraraq uzunmüddətli sabitliyə zəmin yarada bilər. Tammy Bruce həmçinin vurğulayıb ki, Zəngəzur Koridoruna dair ABŞ hökumətinin konkret və rəsmi mövqeyi yaxın günlərdə yazılı şəkildə təqdim olunacaq. Qeyd edək ki, baş nazir Paşinyan dəhlizə nəzarətin xarici şirkətə verilməsini istisna etməyib. Hesab edilir ki, bu şirkətin ABŞ-a aid olması mümkündür. İstisna deyil ki, Əbu-Dabi danışıqlarında da əsas mövzulardan biri dəhliz olub. İran isə bu yöndə fəallığı gördüyü üçün yenidən danışmağa başlayıb və İrəvandakı səfir sinəsini qabağa verib. Məlumdur ki, Tehran dəhlizin əleyhinədir. İranın bu məsələdə hələ də israr etməsi Ermənistanın bir qədər yumşalan mövqeyinə necə təsir edə bilər? Türkiyənin Erciyes Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı “Yeni Müsavat”a açıqlamasında İranın siyasəti ilə bağlı Ermənistanda mövcud olan yanaşmaları xatırlatdı: “Zəngəzur dəhlizinin açılmasının indiyədək gecikdirilməsinin səbəbkarının məhz İran olmasının artıq Ermənistanın özündə belə fərqinə varırlar. Suren Surenyants adlı politoloqa görə, İran avropalı müşahidəçilərin bölgəyə gəlməsinə qarşı çıxırdı. Sonra gördü ki, bu missiya İranın dövlət maraqlarına zidd deyil, indi kommunikasiya xətlərinin açılmasına və bu işə Amerika şirkətinin nəzarət etməsinə də eyni yumşaq mövqe ilə yanaşmağa məcbur olacaq. Başqa bir siyasət adamı Artur Xaçikyan da deyir ki, kommunikasiyaların açılmasına İranın etirazı həm də o deməkdir ki, qonşu ölkə Ermənistanı sevmir və onun dünyaya açılmasını istəmir. Bu yanaşmanın bölgədə sülh və sabitliyin təhlükəyə düşməsi ilə əlaqəsi yoxdur. Əksinə, Ermənistan müəyyən müzakirələrin nəticəsində ağıllı qərar verərsə, o zaman təhlükələri dəf etmiş olar”. Q.Çaxmaqlı qeyd etdi ki, Mehdi Sobhani bir Türk düşmənidir: “İndiyədək verdiyi bəyanatların hamısının Türkiyə və Azərbaycan əleyhinə olduğunu görmüşük. Amma bunların heç bir faydası olmayıb. Rəsmi İran yeri gəldi gəlmədi "qırmızı xətt"dən danışaraq əslində Ermənistanı basqı altında saxlayıb. Ermənistan tarixi fürsəti dəyərləndirib Azərbaycanla sülh prosesinə yardım edəcək qərar versə, İran nə edəcək? Ermənistanı işğalmı edəcək, onun hansı vasitələri var ki, qonşu ölkəni verəcəyi qərardan vaz keçirə bilsin. İran boşuna belə bəyanatlar verir". Ekspertin sözlərinə görə, artıq İranın Zəngəzur dəhlizinin açımasına mane olacaq gücü yoxdur: “Ehtimal ki, iki ölkə təhlükəsizlik şuralarının katibləri - Armen Qriqoryanla Əhmədian bir birini anlayıblar. Əhmədian deyə bilər ki, İranın mövqeyi dəyişməyib. Amma Ermənistanın mövqeyinin dəyişəcəyini bilməlidirlər. Çünki bu ölkənin başqa çarəsi və dirəniş göstərəcək gücü yoxdur. Bu dəhliz açılacaq”. Politoloq Məhəmməd Əsədullazadə isə bildirdi ki, İran daim Zəngəzur dəhlizinin açılmasına qarşı olub: “Xüsusilə Ermənistan da bu dəhlizə qarşı idi. Bir növ İran bundan "cəsarətlənib" İrəvana dəstək verirdi. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin sənədinin təsdiq olunması, Əbu-Dabidə aparılan danışıqlarda müsbət prosesin başlaması artıq İrəvanın mövqeyində dəyişiklik etdi. Həmçinin Nikol Paşinyanın Ankara səfərindən sonra Zəngəzur dəhlizinin açılması aktuallaşdı. Bununla da Ermənistan tərəfi Zəngəzur dəhlizinin açılmasına razılıq verib. Bu dəhlizin ABŞ şirkətinin nəzarətinə verilməsi və digər texniki məsələlər müzakirə edilir. Əsas məqam ondan ibarətdir ki, Tehran rejimi bu dəhlizə qarşı çıxdığı halda, Ermənistanın razılığından sonra İran geri addım atdı. Hətta Paşinyan İranın düşməninin nəzarətində olması halında dəhlizin təhlükəsizliyi məsələsində razılaşmaya üstünlük verir. Lakin İran yenə də susur". M.Əsədullazadənin fikrincə, ABŞ Zəngəzur dəhlizinə nəzarət edəcəksə, İran bu dəhlizdən istifadə edə bilməyəcək: “Göründüyü kimi, Paşinyan İranın ənənəvi düşmənini İranla tam sərhədə gətirir. Halbuki Azərbaycan Ermənistandan Kalininqrad dəhlizinə uyğun olaraq sərbəst gediş-gəlişi təklif kimi irəli sürürdü. İran buna da qarşı idi. Ermənistan guya rəsmi Tehranı arxayın salıb ki, İranın təhlükəsizliyi üçün problemlər yoxdur. Halbuki İrana qarşı aparılan hərbi əməliyyatlarda Ermənistanda ABŞ kəşfiyyatı fəal rol oynadı. İran düşmənin onun sərhədinə gəlməsinə göz yumur. Amma Azərbaycana qarşı molla rejimi hələ də öz kəskin ritorikasından imtina etmir. Tehran Azərbaycanla Ermənistan arasında sülh prosesinə dəstək vermir. Elə bunun ilkin əlaməti onun Zəngəzur dəhlizinə qarşı olmasıdır. Halbuki İran deyirdi region məsələlərini region ölkələri həll etsin, xarici ölkələr qarışmasın. İran məhz prosesi sabotaj etdiyi üçün ABŞ-ın Zəngəzur dəhlizinə gəlib nəzarət etməsini istəyir. İran istəyirdi ki, regional şərtlər dəyişməsin, status-kvo qalsın. Dünyada və regionda gedən geosiyasi prosesləri düzgün qiymətləndirə bilməyən İran kənarda qalır”. Ekspert əmindir ki, Zəngəzur dəhlizi acilacaq və Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi bağlanacaq: “İran dəstək vermədiyi üçün proseslərdən də kənarda qalacaq. Beləliklə, Araz dəhlizi də boş qalacaq”. Geri qayıt |