Əsas Səhifə > Ana xəbər / Güney Press > İrəvanda kim kimi devirəcək?

İrəvanda kim kimi devirəcək?


Dünən, 17:19

“Kilsəyə, bütün ermənilərin katolikosuna və bəzi yepiskoplara qarşı davam edən söyüşlərə baxmayaraq, Ermənistanın Baş naziri Nikol Paşinyan kilsəyə qarşı elan etdiyi müharibədə çətin vəziyyətdədir və bundan sonra nə edəcəyini bilmir”.

Bunu yazan “Hraparak” qəzeti səbəbi Nikol Paşinyana geniş ictimai dəstəyin olmaması ilə izah edir. Qəzetin yazdığına görə, Paşinyan yaxın çevrəsindəkilərə insanları Eçmiədzin Ana Taxt-Tacına aparıb katolikosu istefaya məcbur edə biləcəyinə işarə etsə də, bu təklif bəyənilməyib.

“Komandası Paşinyanın təhlükəli planını həyata keçirəcəyinə, yoxsa qarşıdurmadan yayınacağına əmin deyil. Bu arada psixoloji terrorla, öz komandasını katolikosa qarşı təhrik etməklə Ana Taxt-Tacını katolikosdan azad etməyə çalışır və s.

Bu, onun son mətbuat konfransından aydın olub. “Ermənistanı Serj Sarkisyandan azad etdiyimiz kimi, biz Ana Taxtını da azad edəcəyik”,- deyən Baş nazir 2018-ci ildə olduğu kimi tərəfdarlarını Ana Taxtın üzərinə basqın etməyə aparacağı təəssüratı yaradıb. Müqəddəs Taxt-Tacı necə azad etməyi planlaşdırdığını soruşduqda, o, “Sevgi ilə, dua ilə” cavabını verib.

Yəni radikal bəyanatlarla ictimaiyyəti hansısa hərəkətə sövq etməyə çalışır ki, sonradan bunun kortəbii olduğunu deyərək bəraət qazandırsın. Ancaq son aylar göstərdi ki, hakimiyyətin nə ölkə daxilində, nə də xaricdə bu məsələdə tərəfdarı var. Ruhanilər də əks-hücuma keçiblər.

Paşinyan hüquq-mühafizə orqanlarına katolikosa qarşı işləri “uydurmaq” əmrini verdi, artıq onlarla iş açılıb, lakin onlar hələ də ictimaiyyətə açıqlanmayıb. Paşinyan dəfələrlə komandasına bildirib ki, bu məsələ payıza qədər həll olunmalıdır”, - deyə nəşr qeyd edir.

Sözügedən məqalə Paşinyan və Eçmiədzin kilsəsi arasındakı qarşıdurmada son vəziyyətlə bağlı müəyyən qənaətlər yaradır. Bu da öz növbəsində Ermənistanda siyasi proseslərin gələcək inkişafınıproqnozlaşdırmaqda mühüm rol oynaya bilər. Çünki Ermənistanda kilsə hazırda Paşinyana qarşı dayanmış revanşist və Rusiyaya bağlı müxalifətin əsas siyasi-ideoloji dəstəkçisi funksiyasını yerinə yetirir.

2026-cı ilin iyun ayında keçiriləcək parlament seçkilərində müxalifətin mümkün siyasi uğuru Paşinyana qarşı mübarizədə davam gətirmək potensialından asılı olacaq. “Hraparak” qəzetinin məqaləsi Paşinyanın kilsə üzərində siyasi qələbə qazanmaqda çətinlik çəkdiyini göstərir.

Doğrudur, “Hraparak” siyasi dəst-xəttinə görə radikal müxalifətə daha yaxındır. Ona görə də Paşinyanı tənqid və kilsəni tərif edən məqamların üstünlük təşkil etdiyi görünür. Lakin Ermənistan hakimiyyəti katalikos II Qaregini istefaya göndərməyi qarşısına məqsəd qoysa da, hələ buna nail ola bilməyib. Bu məsələdə həm diaspor, həm Erməni Kilikiya Kilsəsi, eyni zamanda, Avropa İttifaqı və ABŞ-dəki erməni lobbisi Paşinyana qarşıçıxdı.

Yəni xarici dəstək II Qareginin mövqeyini gücləndirən ciddi amilə çevrilib. Bu baxımdan, Paşinyan son xarici səfərlərində erməni diasporunun nümayəndələri ilə keçirdiyi görüşlərdə bu təzyiqləri neytrallaşdırmağa yönəlik çıxışlar edib. Ermənistandakı digər mətbuat orqanları da Paşinyanın siyasi komandasında kilsəyə qarşı mübarizə məsələsində fikir birliyinin olmadığını yazır.

Xüsusilə də katolikosun subaylıq andını pozması və bu səbəbdən istefaya göndərilməsinin vacibliyi ilə bağlı Paşinyanın açıqlamaları hakim “Vətəndaş Müqaviləsi” Partiyasında birmənalıqarşılanmayıb. Ona görə də Paşinyan sonradan ruhaniləri terror yolu ilə dövlət çevrilişinə cəhddə ittiham etməklə kilsəyə qarşı mübarizədə hakim düşərgəni səfərbər etməyə çalışdı.

Bəzi arxiyepiskopların və müxalifət nümayəndələrinin həbs olunmasına baxmayaraq, Baş nazirin ittihamları hələ də siyasi çağırış olaraq qalır. Hazırda yay mövsümünün ən isti dövrü olduğundan, kilsənin və radikal müxalifətin hakimiyyətə qarşı etiraz aksiyaları zəifləyəcək.

Bu arada Nikol Paşinyan inzibati resurslar vasitəsilə kilsəyə hücumları artıra bilər. Ancaq avqust ayında Baş nazirin və hakimiyyət orqanlarının məzuniyyət dövrü olduğunu nəzərə alsaq, qarşıdurmanın səngiməsi ehtimalı daha çoxdur. Yəni II Qareginin istefaya göndərilməsi üçün Paşinyanın növbəti hücum mərhələsi özünün dediyi kimi, payızda- sentyabrın ikinci yarısı və ya oktyabr ayına qala bilər.

Müşfiq Abdulla
"Cebheinfo.az"


Geri qayıt