Əsas Səhifə > Ana xəbər / Güney Press > Dəhlizlə bağlı 4 ölkəni qarışdıran təklif
Dəhlizlə bağlı 4 ölkəni qarışdıran təklifBu gün, 09:30 |
ABŞ-ın Azərbaycan və Ermənistan arasındakı münaqişənin “həlli” üçün irəli sürdüyü Zəngəzur dəhlizinə 100 illik nəzarət təklifi Cənubi Qafqazda geniş müzakirələrə səbəb olub. Ermənistan hökuməti təklifə dərhal münasibət bildirərək onu rədd etdiyini açıqlasa da, daha sonra baş nazir Nikol Paşinyan bu məsələnin müzakirə edildiyini bildirdi. Hətta İrəvan hökuməti Ağ Evin planının icrasının ölkənin yurisdiksiyası və suverenliyi daxilində həyata keçirilməsinin mümkün ola biləcəyi mesajını verdi. Maraqlıdır ki, Azərbaycan sözügedən təklifə hələlik hər hansı şərh verməyib. Bakının susqunluğu bu məsələyə yanaşması ilə bağlı müxtəlif suallar doğurur. Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, Bakı bu təklifə münasibət bildirməməklə ən doğru variantı seçir: “Çünki Zəngəzur dəhlizinə dair son qərar Ermənistan tərəfindən verilməlidir, bu, onun ərazisidir. Oradan keçəcək kommunikasiya xətti ilə bağlı Ermənistanın mövqeyi əsas götürüləcək. Bu məsələ birbaşa Azərbaycanın maraqlarına toxunur. Ən optimal və unikal yol, əlbəttə ki, Bakı və İrəvanın öz aralarında qərar qəbul edib birgə tədbirlər həyata keçirməsi olardı. Lakin hazırkı şəraitdə, bu, real görünmür. Əgər sülh müqaviləsi imzalanar və etimad mühiti formalaşarsa, tərəflər sonrakı prosesdə məsələni özləri həll edə bilər. Amma hazırkı vəziyyətdə üçüncü tərəfin iştirakı qaçılmazdır”. Politoloq bildirib ki, ABŞ şirkətinin Zəngəzurda 100 illik mövcudluğu qəbul edilən bir məsələ deyil: “Bu müddət 5-10 illik konkret bir zamanla məhdudlaşa bilər və həmin dövrdə, etimad mühiti yaradıldıqca, məsələ Azərbaycanla Ermənistan arasında, həmçinin Türkiyənin də iştirakı ilə həll olunar. Hazırkı şəraitdə isə ABŞ-ın bölgəyə gəlməsi və uzun müddət qalması müəyyən qədər qıcıq doğuracaq. Rusiya və İranın bu istiqamətdə təxribatlara əl atması mümkündür. Həmçinin, Çin də belə bir şeydən narahat ola bilər. Bu, mürəkkəb və çoxşaxəli bir vəziyyətdir. Lakin digər tərəfdən, əgər Amerika şirkəti prosesdə Ankaranın potensialından istifadə edərsə, Qarabağda 2022-2024-cü illərdə mövcud olmuş Türkiyə-Rusiya Monitorinq Mərkəzi kimi bir qurumun yaradılması mümkün olar. Bu, daha uyğun və praktik bir həll yolu kimi görünür. Bütün sadalanan prosesləri nəzərə alaraq, Azərbaycanın məsələyə reaksiya verməsi hələlik vacib deyil”. Geri qayıt |